Məşhur tamaşanın Londonda Avropa premyerası keçirilir
Londonda Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın Avropa premyerası keçirilir. Tamaşa görkəmli nasir və dramaturqun 100 illik yubileyinə həsr edilib.
Səhnə əsəri Londonda fəaliyyət göstərən Aloff Teatrının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə ingilis dilində nümayiş etdirilir. Britaniyalı aktyorlar tərəfindən ifa olunan tamaşanın quruluşçu rejissoru Filiz Özcan, tərcüməçisi Aloff Teatrının prodüseri Sənan Əliyevdir.
İlk dəfə 1964-cü ildə səhnələşdirilən tamaşa bu gün də müasir dövrün tələbləri ilə səsləşir. Özünün incə təhlilində pyes həyatın müxtəlif mərhələlərində sevginin necə müxtəlif formalar aldığını və ətraf aləmin buna reaksiyasını göstərir.
Tamaşanın hazırlanması barədə danışan əsərin tərcüməçisi Sənan Əliyev görkəmli dramaturq İlyas Əfəndiyevin əsərlərinin xarici auditoriya tərəfindən böyük maraqla qarşılandığını, pyesin Londonda səhnələşdirilməsinin mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini qeyd edib.
Tamaşa sentyabrın 27-dək nümayiş etdiriləcək.