Xalq artisti Şəfiqə Məmmədovanın üç rolu haqqında xatırlamalar

Birinci xatırlama - M a ş a

Dahi rus ədibi Tolstoyun «Canlı meyit» əsərini Mehdi Məmmədov hələ 1950-ci illərdə tamaşaya hazırlamaq istəmişdi. Müsahibələrinin birində ötəri qeyd etmişdi ki, Tolstoyun “Diri meyit” (əsərin əvvəlki adı belə çevrilmişdi) əsərini səhnəyə qoymağa hazırlaşır. Sonra rejissor Azərbaycan Dövlət Opera və Balet Teatrına baş rejissor təyin edildi və sənətkarın bu istəyi reallaşmadı. 1960-cı ildə Mehdi Məmmədov Akademik Milli Dram Teatrına baş rejissor gəldi. Gəldi və üç il sonra gözlənilmədən səhnədən ayrılıb pedaqoji fəaliyyətə keçdi. 1968-ci ildə özünün 50 illik yubileyi münasibətilə çoxdankı istəyini reallaşdırdı. Tamaşanın premyerası dekabrın 28-də oldu. Tamaşanın rəssamı Yuri Toropov, bəstəkarı Tofiq Quliyev idi.
Əsərdə güclü psixoloji-dramatik obrazlar var. Yüksək elitanın, kübar cəmiyyətin təmsilçiləri olan Karenin (Məlik Dadaşov), Liza (Leyla Bədirbəyli), Anna Pavlovna (Mirvari Novruzova), Anna Dmitriyevna (Sofiya Bəsirzadə), Knyaz Abrezkov (Ağasadıq Gəraybəyli) hadisələr içərisindəki «ədəbli» davranışlarında vulqar ədabazlıq təsiri bağışlayırlar. Onların danışıqları ilə əməlləri arasında dərin uçurum var və bu uçurumun dərinliyi artdıqca həmin obrazların riyakarlıqları, rəzillikləri, mənəvi puçluqları daha qabarıq şəkildə üzə çıxır. Bu insanların əsl simasını Fyodor Protasov (Mehdi Məmmədov və Əli Zeynalov) görür, dərk edir. Lakin onlara qarşı mübarizədə zəif və gücsüzdür. Protasov cəmiyyətin rəzilliyindən və çirkabından xilas olmağı özünü göldə intihar etmiş kimi qələmə verməkdə görür.
Quruluşçu rejissor Mehdi Məmmədov yuxarıda adlarını çəkdiyim obrazların mənəvi ifşasını daha qabarıq göstərmək üçün Protasovun psixoloji yükünü artırmışdı və bütün ifaçıların oyununun mayasındakı mürəkkəb, təzadlı fəlsəfi yükü daha da dərinləşdirmişdi. Personajların səhnə təfsiri vahid rejissor yozumunda daha canlı, bitkin və mənalı təsir bağışlayırdı. «Tamaşanın ahəstə ritmi hərdən dayanır və hərəkətsiz mizan bu adamların süni təbiətini büruzə verir. Biz görürük ki, onların aləmi ölülər aləmidir. Sonsuz iztirablar çəkərək getdikcə məhv olan, lakin canlı insan olaraq qalan Protasov bu aləmə tamamilə yaddır. Onun səmimi münasibət bəslədiyi yeganə adam Maşadır. Lakin Maşa da tamaşada ona yad çıxır. Şəfiqə Məmmədovanın ifasında Maşa həyatı, gözəlliyi, cazibədarlığı özündə birləşdirir. Bu qaraçı qızın şərtsiz həyat eşqi Protasovun mənəvi faciəsi və fikir böhranı ilə kəskin təzad yaradır. Maşa və Protasov müxtəlif aləmlərdə yaşayırlar. Buna görə də onların dialoqları paralel səslənən monoloqlara bənzəyir; hər kəs özündən danışır, hər kəs öz aləmindədir və biri digərini eşitmir» («Bakı» qəzeti, 10 fevral 1969).
Qəhrəmanın mövcud olduğu cəmiyyətdə yalqızlığını, fikir dünyasında tənhalığını daha qabarıq göstərmək üçün rejissor Maşanın mizan və hərəkətlərinə coşqun ritm vermişdi. Maşaya ümid yeri kimi baxan Protasovun zavallılığı bu ritmin gur işığında daha bitkin, daha dramatik-romantik görünürdü.
Şəfiqə Məmmədova çox enerjili aktrisadır, hətta bəzən coşub-daşan daxili ehtirasını cilovlaya bilmir. Yüyənsiz at kimi baş alıb gedən bu ehtiras yağışı Maşanı son dərəcə cazibəli göstərirdi. Yüyənsiz-cilovsuz ehtiras aktrisanın oyun ritmini həssaslıqla tənzimləyirdi və sanki bu çılğınlıq olmasaydı, Şəfiqə xanımın Maşası səhnədən belə möhtəşəm təsir bağışlamazdı.
İş elə gətirib ki, müxtəlif vaxtlarda Moskvada və Novosibirskdə iki müxtəlif quruluşlu «Canlı meyit» tamaşasına baxmışam. Mən həmin quruluşları Mehdi Məmmədovun rejissor işi ilə müqayisə etmək fikrində deyiləm. Amma bir məsələni burada xatırlatmağı lazım bilirəm. Mehdi müəllimin quruluşunda qaraçılar səhnəsi (Protasovun iştirak etdiyi) monumental fəlsəfi-romantik prinsipdə işlənmişdi. Məşq vaxtı rejissor bu səhnəni personajların əhatəsində, qövsvari şəkildə qurmuşdu. Lakin Şəfiqə xanımın ispan rəqqaslarına məxsus çılğınlığı həmin «çərçivəyə» sığmırdı. Buna görə də rejissor Maşanın rəqsini ön səhnəyə keçirdi. Aktrisa ehtirasla, çevik cazibədarlıqla, çöhrəsində məlahətli təbəssümlə rəqs edə-edə bir göz qırpımında səhnənin bu başından o başına çatırdı. Onun uzun, al-əlvan qırçınlı tumanının ətəyini bir əlilə tutub fırlada-fırlada dövrə vurması böyük bir rəqs ansamblının oyatdığı coşqunluq təsiri yaradırdı. Belə ritmik, çevik, enerjili rəqsdən sonra Şəfiqə xanım Maşanın sözlərini çox rahatlıqla söyləyirdi. Onun danışığında təngnəfəslik qətiyyən hiss olunmurdu.
Aktrisanın sənətkarlığının bir gözəl cəhəti də orasında idi ki, Maşa üçün tapdığı səhnə ritminin enerji dinamikası onun Protasovla, eləcə də anası Nastasiya İvanovnayla (Əminə Nağıyeva), atası İvan Makaroviçlə (Hacıməmməd Qafqazlı və Sadıq Hüseynov) dialoqlarında da həssaslıqla gözlənilirdi. Protasovla dialoqlarında aktrisa bu enerji nüvəsinə bir qədər həzin zəriflik qatırdı. Bununla belə, Şəfiqə xanımın daxili enerjisi bütün səhnəni doldurur, hətta tamaşaçı salonunu da titrədirdi.
Yazının bu məqamında bir olayı xatırlayıram. «Canlı meyit» tamaşası hazırlananda mən Azərbaycan Dövlət İncəsənət İnstitutu teatrşünaslıq fakültəsinin ikinci kursunda oxuyurdum. Mehdi Məmmədov bizə rejissor sənətindən dərs deyirdi. O, bir neçə yaxşı oxuyan tələbəni məşqlərə dəvət etmişdi. Biz dəvət olunanda artıq məşqlər böyük səhnədə və tərtibatla, geyim-qrimlə, musiqinin müşayiəti ilə gedirdi. Tamaşada belə bir epizod vardı. Protasov tör-töküntülü, çox kasıb, miskin görünüşlü otağında kətilin üstündə oturub gitara çalır. Bu vaxtı Maşa daxil olur. Onların arasındakı qısa dialoqdan sonra Protasov gitara çalmasına davam edir.
Həmin səhnəni əvvəlcə Əli Zeynalov məşq etdi. Onun mizanında Protasov yanakı elə oturub ki, tamaşaçılar aktyorun sifətini aydın görürlər.
Sonra həmin epizodda Protasovu Mehdi Məmmədov özü məşq etdi. Bir gedişdən sonra səhnədə sükutla ora-bura var-gəl edən rejissor üzünü Şəfiqə Məmmədovaya tutub dedi:
- Şəfiqə, mən Əli Zeynalovdan fərqli olaraq gitara çala bilmirəm. Ona görə də mənim çıxış edəcəyim tamaşalarda sən dəmir çarpayının kürəkliyinə söykənib mənə baxarsan. Çünki Protasov gitaranı məhz Maşa üçün çalır. Ancaq sənin sifət ifadələrin elə olmalıdır ki, o baxışlardan həm Maşanın Protasova məhəbbəti aydın görünsün, həm də Protasovun ona olan eşqinin səmimiyyəti duyulsun.
Şəfiqə xanım:
- Mehdi müəllim onda bütün mizanlar dəyişir ki...
Mehdi müəllim ağır-ağır dedi:
- Dəyişsin... Bizə tamaşanın əsas ideyası daha vacibdir.
Belə də məşq edildi. Açığını deyim ki, həmin səhnə Əli Zeynalovla daha canlı və dinamik alınırdı, çünki Maşa daha çox hərəkətdə olurdu. Üstəlik də aktrisanın həssas musiqi duyumu, ahəngdar ritmi səhnəni bir qədər də canlandırırdı.
“Canlı meyit”in birinci premyerasında Protasovu Əli Zeynalov oynadı. Sonra növbə ilə çıxış edirdilər. Dördüncü tamaşada növbə Mehdi müəllimin idi. Gitara çalınan səhnədə işıq elə qurulmuşdu ki, projektorun gur şüaları çarpayıda yanakı əyləşib kürəkliyə çənə qoyan Maşanın - Şəfiqə Məmmədovanın sifəti çox aydınlıqla görünürdü.
Qəfildən Şəfiqə xanım mizanı pozaraq çarpayıdan qalxıb Protasova yaxınlaşdı. Düz onun qarşısında, üzü tamaşaçı salonuna tərəf dayanıb baxdı. Cəld dizi üstə yerə çökdü. Başını Protasovun dizinə qoydu. Mən hiss elədim ki, Mehdi Məmmədov dizini çəkdi və başı ilə ona işarə etdi: «mizanı pozma» işarəsini.
Şəfiqə xanım buna məhəl qoymadı. Ürkək ceyran sıçrayışı ilə ayağa qalxdı, Protasovun - Mehdi müəllimin boynunu qucaqlayıb üzündən öpdü və səhnədə çox iti yerişlə dairəvi gərdiş edərək yenidən çarpayıdakı əvvəlki pozasını tutdu.
Onun gözlərindən qığılcım yağırdı. Başını silkələyib saçlarını dağıtdı. Sonra yenə çənəsini çarpayının dəmir dirsəyinə söykəyərək böyük məhəbbətlə Protasova baxmağa başladı.
Bu səhnə o qədər gözlənilməz, o qədər ani oldu ki, Mehdi müəllim çaşqın şəkildə sözünü unutdu. Ancaq tamaşaçılar bunu məhz belə olmalıdır kimi qəbul edərək aktrisanı alqış yağışına bürüdülər...
Sözümün canı odur ki, Şəfiqə xanımın daxili ehtirası, coşqun çılğınlığı bir sıra tamaşalarda improvizə edən aktrisanın həmişə dadına çatırdı və həmin səhnələr çox təbii, canlı, ifadəli alınırdı.
Maşa rolunda Şəfiqə Məmmədova roldaşsız (dublyorsuz) idi. Ümumiyyətlə Şəfiqə xanımla işləyən rejissorlar heç vaxt (ilk iki tamaşadan başqa) ona roldaş vermirdilər. Çünki aktrisanın ecazkar oyunu qarşısında həmin rolda heç bir aktrisa cəsarət göstərib səhnəyə çıxmırdı. Ona görə də Şəfiqə Məmmədovanın Sevdası, Anjeli, Ledi Milfordu, hər iki Sonası, Gertrudası, Teadorası, Süzeni, Dilarəsi, Tahirəsi, Gültəkini, Arieli... həmçinin Maşası roldaşsız olub. Ancaq aktrisa Sevdanı iki Xəyyamla, Maşanı iki Protasovla ifa edib.
Mehdi Məmmədov öz oyununda Protasovun və geniş mənada tamaşanın fəlsəfi yükünə üstünlük verirdi. Fəci psixologizm elementlərini özünün ləngərli oyununda ağır ritmdə göstərirdi.
Əli Zeynalov isə şəxsiyyətin mənəvi zənginliyi ilə sarsıntılı daxili böhranını emosional psixologizmlə ifa edirdi. «Əli Zeynalvun ifasında Protasov surəti daim emosional gərginlik keçirən, əsəbi, uğursuz taleyin zərbələri altında ümidləri qırılmış bir insan təsiri bağışlayırdı... Mehdi Məmmədovun Protasovu gözəl, özünü ələ ala bilən, təmkinli bir adamdır. Üzündəki yorğunluq əlamətləri onun öz əqli, mənəvi və fiziki qüvvələrini əsirgəmədən sərf etdiyini göstərir» («Bakı» qəzeti, 10 fevral 1969).
Digər teatrşünas Mahmud Allahverdiyev isə Protasovun ifaçılarına bu qiyməti verir: «Protasov - Əli Zeynalov ümidsiz, hətta, acınacaqlı hala düşdükdə belə doğruluğunu, nəcibliyini qoruyub saxlayır... Mehdi Məmmədovun Protasovu həssas, ağıllı, düşüncəli və hər məsələni ölçüb biçən idrak adamıdır» («Ədəbiyyat və incəsənət» qəzeti, 18 yanvar 1969).
Tənqidçi aktrisanın oyununa da ciddi qiymət verərək yazır ki, Maşa gənc aktrisa Şəfiqə Məmmədovanın «ilhamla yaratdığı obrazlardan biridir. Onun Protasova olan saf məhəbbəti emosional və kədərli nəğmələrində təcəssüm tapır. Maşanın çılğın rəqsləri onun arzularının təntənəsi kimi diqqəti cəlb edir».
Şəfiqə Məmmədova hər iki ifaçının obrazdakı daxili ritmini və mizanların icrasındakı dinamik ahəngini sənətkarlıqla tuturdu. Belə məqamlarda biz sanki bir-birindən fərqli iki Maşa görürdük. Biri ləngərli ritmin içərisindən şimşək kimi sıyrılıb çıxan çılğın, romantik duyğuların qanadlarında kəpənək kimi uçan Maşa. İkincisi, emosional cazibədarlığına çevik ritm qatan, ehtiraslı məhəbbəti ilə həyatı dərk etmək arasında müəyyən təzadlar olan, azad qəlbli Maşa. Aktrisanın birinci Maşasında ictimai ruh yüksək idi. İkinci Maşada sosial məişət qatı aparıcılıq edirdi.
Yuxarıda əsas qaraçılar səhnəsi ilə bağlı bir olayı xatırladım. Həmin epizodda Şəfiqə xanımın daxili ehtirası kükrəyib mehvərindən çıxan dağ seli kimi coşqun idi. Tənqid də bunu xüsusi qeyd edirdi. Protasov «zülmət səltənətində» çəkdiyi əzab-əziyyətin rahatlığını Saşa (Safurə İbrahimova) və Maşa ilə ünsiyyətdə tapırdı. «Saşa Protasovla fəxr edir, öyünür. Maşa isə onu sevir. Hər iki rolun ifaçısı müxtəlif təbiətli, lakin eyni dərəcədə təmiz və saf bir xilqətə malik iki gənc qızın surətini təbii, koloritli cizgilərlə yaradır. Saşa (Safurə İbrahimova) nə qədər zərif və həssas təbiətli qızdırsa, Maşa (Şəfiqə Məmmədova) bir o qədər hərarətli, sadəlövh, qaynar və temperamentli qaraçı gözəlidir. Qaraçılar aləmində Fedyanın dolaşdığı kütləvi səhnələrə o bir canlılıq və təravət gətirir. Demək lazımdır ki, ümumiyyətlə, bu səhnələrdə Protasovun əhatəsi ondan aşağı səviyyədədir. Yalnız Maşa öz ilhamlı oyunu ilə bu fərqin nisbətən az sezilməsinə kömək edir. Şəfiqə Məmmədovanın xüsusən son bir neçə tamaşada roldan-rola cilalanan, qanad açan istedadı gənc artistin gələcəyinə bizdə nikbin ümidlər oyadır» («Kommunist», 4 fevral 1969).
Qüdrətli alim Yaşar Qarayevin bu ümidləri böyük həqiqətə çevrildi. Şəfiqə Məmmədovanın səhnədəki 13 illik fəaliyyəti sənət kəhkəşanında sönməz və daim parlaq ulduza çevrildi.
Tənqid Şəfiqə Məmmədovanı «Canlı meyit» tamaşasının kəşfi kimi qiymətləndirirdi. Hətta onu da göstərirdi ki, Maşa aktrisanın debütü deyil, bu rola qədər o, üç tamaşada - İlyas Əfəndiyevin «Mənim günahım» (Nurcahan), Aleksandr Şirvanzadənin «Nakam qız» (Sona) və Uilyam Şekspirin «Hamlet» (Gertruda) əsərlərinin tamaşalarında müxtəlif xarakterli obrazlarda səhnəyə çıxmışdı. Tənqid bu çıxışları «istedad gücünün xeyirxah məqsədli sınağı» kimi dəyərləndirirdi. Ancaq mənim fikrimcə, Sona da, Gertruda da böyük sənət uğurları idi. İndiki halda məni başqa məsələ maraqlandırır. «İstedad gücünün xeyirxah məqsədli sınağı» qənaətində olan resenziya müəllifinin fikrincə, «Canlı meyit»də Şəfiqə xanımın «səhnə temperamenti, plastik zərifliyi, musiqi həssaslığı, inadcıl, inamlı oyunu, kirəcləşmiş ştampları cəsarətlə dağıtması ilə böyük istedad nümayiş etdirdi. Şəfiqə Məmmədovanın Maşası həyat eşqlidir, azaddır, qürurludur, qətiyyətlidir. O, mahnıları, rəqsləri, özünün qadın zərifliyini, mahnıların lətafətini, səhnə hərəkətlərinin ritmini çox ecazkarlıqla göstərə bilir... Ən əsası, onun Maşası müəyyən bütöv xarakterə malikdir. Bu da yaxşıdır ki, çılğın ehtiraslı, cəsarətli Maşa məhəbbətində uşaq kimi sadəlövh deyil, məqsədli və inamlıdır» («Bakinski raboçi» qəzeti, 18 yanvar 1969).
«Canlı meyit» tamaşasının Maşanın iştirak etdiyi dinamik səhnələrindən biri, yuxarıda dediyim kimi, qaraçılar epizodu idi. Maşa bu səhnədə ehtirasla, emosional hərarətlə rəqs edir, məlahətlə, duyğuları titrədən hərarətlə mahnılar oxuyur. Bütün bu prosesdə aktrisa Maşanın Fedya Protasova məhəbbətini ön planda oynayırdı. Gənc qaraçı qızlarının və oğlanlarının əhatəsində də daim par-par parıldayan işıqlı, ifadəli, cazibəli gözləri, sevinc nuru yağan məlahətli baxışları ilə qəlbindəki səmimi məhəbbəti Fedyaya çatdırırdı.
Şəfiqə xanım Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya fakültəsində təhsil alıb. Gur, məlahətli və qadın ifaçılarında az təsadüf olunan qəltanlı səsi var. Bu qəltanlı, bu gur, bu məlahətli səs aktrisanın bütün plastikası, daxili ritmi, oynadığı obrazın dramatik-psixoloji ruhunun emosionallığı ilə ahəngdar vəhdətdə səslənirdi.
Görünür, buna görə də tamaşa haqqında resenziya yazan Solmaz Sədirxanlı göstərir ki, «Mehdi Məmmədovun və Əli Zeynalovun ifalarında nə yaxşıdı, nə pisdir? Ümumiyyətlə, bu suala cavab vermək mümkündürsə, onda gərək gənc aktrisa Şəfiqə Məmmədovanın oynadığı Maşa obrazının mahiyyətindən çıxış edəsən. Onun Maşası heyrətamizdir və inamla demək olar ki, heç bir Maşaya oxşamır! Onun Maşasının qanadları var və sanki bu saat pərvaz edib ayaqlarını yerdən üzəcək. Bu qanad aktrisanın heç bir ölçüyə gəlməyən, cazibədar hərəkətlərlə heyranlıq doğuran əlləridir. Maşa bu əllərin füsunkar plastikası ilə camaat üçün, Fedya Protasov üçün oxuduğu mahnıların hərarətini, lətafətini, hüsnü-təravətini artırır» («Baku» qəzeti, 8 yanvar 1969). Şəfiqə xanımın Maşası səhnədə qanad açıb uçmaqla Protasovun da məhəbbətin ənginliklərində pərvazlanmağı haraylayır. Maşanın mahnılarında, rəqslərində, danışığında ritm ahəngdarlığı heyranedici təsir bağışlayırdı. Maşa rəqsləri və mahnısı, Protasova baxışları ilə həyatda ona nəsib olmayan məhəbbət dastanının sanki həzin təranələrini bəstələyirdi.
Aktrisa səhnədə cəld və iri addımlarla gəzişirdi. Ancaq bu cəldlikdə və bu iri və iti addımlarda qəribə qadın zərifliyi, qadın lətafəti, ən əsası isə qaraçı çılğınlığı, ruhi azadlıq coşqunluğu, cəmiyyət «qadağalarına» qarşı üsyan ehtirası vardı.
Şəfiqə xanım intellektual obraz yaratmaqdan çox-çox uzaq idi. Əslində onun yanaşması məhz Lev Tolstoyun yazıçı qayəsinə daha uyğundur. Aktrisanın Maşasının enerji nüvəsinin əsasını saf məhəbbət, sevgisinə inam, çılğın səmimiyyət, atəşli, ehtiraslı baxışlar, rahatsız qəlb çırpıntıları təşkil edirdi.
Bəli, bu Şəfiqə Məmmədovanın Maşası idi!
Bəli, bu, Fedya Protasovun (Mehdi Məmmədovun) saf qəlblə sevdiyi çılğın, ehtirası hərəkətləri cilovsuz, hissləri buxovsuz Maşa idi.
Bəli, bu, Fedya Protasovun (Əli Zeynalovun) ülvi məhəbbətlə sevdiyi emosional, zərif, qətiyyətli, özünə, eşqinə güvənən Maşa idi.
Bəli, bu, Lev Tolstoyun ilhamla, ürək çırpıntıları ilə yaratdığı azad ruhlu, pak qəlbli qaraçı qızı Maşa idi!

(ardı var)

İlham Rəhimli







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar