“Düşünürəm ki, elə tək bu tamaşaya görə Bakıya gəlməyə dəyərdi...”

Xəbər verdiyimiz kimi, sentyabrın 18-dən 23-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə beynəlxalq rejissor laboratoriyası keçirilib.

Teatr sahəsində yaradıcı əlaqələrin inkişafı və təcrübə mübadiləsini sürətləndirmək məqsədi daşıyan laboratoriya müddətində rejissorlar paytaxt teatrlarının repertuarında əsas yer tutan bir neçə nümunəyə - Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində R.Ağayevin “Bir gecənin nağılı”, Rus Dram Teatrında İ.Əfəndiyevin “Büllur sarayda”, Milli Dram Teatrında H.Cavidin “Əmir Teymur”, Pantomima Teatrında Ç.Aytmatovun “Manqurt” və yenidən Gənc Tamaşaçılar Teatrında L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) səhnə əsərlərinə tamaşa edib. təhlillər apardılar. Bundan əlavə, Rusiya Teatr Akademiyasının səhnə hərəkəti və plastika kafedrasının müdiri, professor Aydar Zakirovun başçılığı ilə Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoruna səhnə döyüşləri üzrə təlim keçildi.
Laboratoriya iştirakçılarının Gənc Tamaşaçılar Teatrında baxdıqları “Müharibə” tamaşasının təhlilində biz də iştirak edib mütəxəssislərin rəyini öyrəndik.
Beynəlxalq rejissor laboratoriyasının rəhbəri, Rusiyanın Xalq artisti, Rusiya Teatr Xadimləri İttifaqının sədri, Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, professor Rifkat İsrafilov izlədiyi tamaşalar barədə danışdı: “Rus Dram, Akademik Milli Dram və Pantomima teatrlarında müxtəlif səpkili tamaşalara baxdıq. Məşğələlər Gənc Tamaşaçılar Teatrının bazasında olduğu üçün burada iki tamaşanı izlədik. Kiçik səhnədə “Bir gecənin nağılı”, böyük səhnədə isə “Müharibə” tamaşasına. Hər iki tamaşa istər laboratoriya iştirakçılarında, istərsə də peşəkar tənqidçilərdə çox böyük maraq oyatdı. Mənə elə gəlir ki, Gənc Tamaşaçılar Teatrı bu gün özünün parlaq yaradıcılıq dövrünü yaşayır. “Müharibə” tamaşası məndə heyrət doğurdu. İstər aktyor ansamblı, istər rejissor işi çox mükəmməldir. Uzun illər müxtəlif festivallarda direktor, münsiflər heyətinin sədri olduğuma əsaslanıb ürəklə deyə bilərəm ki, “Müharibə” tamaşası mükəmməlliyi, aktuallığı və sənət səviyyəsinə görə Avropa və Rusiyada keçirilən festivallarda Azərbaycanın teatr sənətini yüksək səviyyədə təmsil edə bilər”.
Rejissor əlaqələrimdən istifadə edərək bu tamaşanın təbliği ilə məşğul olacağını da əlavə etdi.
Qonaq Bakıda faydalı görüşlər keçirdiyini dedi: “Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovla apardığımız faydalı söhbətlər, gələcək yaradıcılıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı verdiyimiz təkliflərin reallığı, heç şübhəsiz, sevindiricidir. Hiss etdim ki, Rusiya - konkret olaraq rəhbərlik etdiyim Orenburq Dövlət Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının timsalında layiqli tərəfdaş qazanmaq üzrədir”.
Rusiya Teatr Xadimləri İttifaqının dram və milli teatrlar üzrə koordinasiya şurasının sədri, teatrşünas Marina Korçak da təəssüratını bizimlə bölüşdü: “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov artıq bir neçə ildir ki, bu laboratoriyanın üzvüdür. Bu illər ərzində o, özünü açıq düşünməyi bacaran, psixoloji teatr üslubuna riayət edən bir rejissor kimi göstərib. Son illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı haqqında Rusiyanın bir sıra teatr kollektivlərindən müsbət fikirlər eşitmişdim, amma etiraf edim ki, ümumilikdə Azərbaycan teatrının bugünkü durumu haqqında ətraflı məlumatım yox idi. Baxdığım teatrlardakı tamaşalar Azərbaycan teatrının vəziyyəti haqqında ümumi mənzərəni aydınlaşdırdı. Tamaşalarda maddi-texniki baza, səhnə tərtibatı, geyimlər çox zəngin idi. Amma bunlar heç də həmişə başdan-ayağa tamaşaya xidmət etmirdi. Pantomima teatrında isə, əksinə, aktyorların oyunu daha canlı, zəhmətsevər təəssürat bağışladı. Gənc Tamaşaçılar Teatrında tamaşalara baxacağım günə qədər çox həyəcanlı idim. Əvvəl kiçik səhnədə baxdığımız R.Ağayevin “Bir gecənin nağılı” tamaşası bu həyəcanı aradan qaldırdı. İki gənc aktyor (Zülfiyyə Alhüseynova, Eşqin Quliyev) və peşəkar teatrda ilk işi olan gənc rejissorun 55 dəqiqəlik tamaşasını izləyərkən məndə sevinc yarandı. İki aktyor səhnədə tamaşaçının gözü qarşısında hadisələr inkişaf etdikcə başqalaşırdılar. Bu başqalaşma qrimsiz, əlavə köməkçi vasitəsiz baş verirdi. Hər bir laboratoriya üzvü artıq anlayırdı ki, bu çox peşəkar bir səhnə əsəridir. Əlbəttə, hərə öz zövqünə görə tamaşanın məziyyətləri barədə mübahisə edə bilər. Amma əminliklə deyə bilərəm ki, çox professional bir səhnə oyununa baxdım”.
Həmsöhbətimiz İsveç dramaturqu Lars Nurenin əsərlərinin Rusiya teatrlarında oynanılmadığını desə də, “Müharibə”nin yaşadığımız mühitlə çox səsləşdiyini bildirdi: “Bu əsər ümumilikdə dünyada baş verən müharibələrdən danışır. Belə müasir yozumlu əsəri səhnəyə gətirməklə teatrınız aktual tamaşa hazırlamağa nail olub. Əslində əsəri burada oxuyarkən onun ağır dramaturgiyasının səhnədə necə oynanılacağı barədə düşündüm. Tamaşa isə, əksinə, bu ağırlığı sözün yaxşı mənasında çox yüngüllüklə çatdıra bildi. Yaşından asılı olmayaraq, aktyor ansamblı, minimum səhnə tərtibatı, geniş məkan və beş iştirakçı nəticəni mükəmməl hasil etdilər. Rejissor hər şeyi aktyorlar tərəfindən həll etməyi yaxşı bacarmışdır. Ən maraqlısı budur ki, tamaşanın finalı müəllifin yazdığı finaldan da ağır və amansızdır. Bəzən deyirlər, müharibədə həlak olanlar sağ qalanlardan daha çox xoşbəxtdir. İstər-istəməz bu gün bu amansız həqiqətlə razılaşmağa məhkumuq”.
Rusiya və İnquşetiyanın Xalq artisti İsa Çaxkiyev öncə Azərbaycan teatr və aktyor məktəbi haqqında məlumatsızlığını etiraf etdi: “Sizin güclü teatrınız, aktyor məktəbiniz varmış. Təəssüf ki, bu barədə xəbərimiz olmayıb. Tamaşa amansız hadisələrlə zəngindir və fikirləşirsən ki, bu hadisələr indi bir sıra xalqların bu gün yaşadığı durumdur. Səhnədən tamaşa salonuna süzülən insani fəryad bizi tez-tez diksinməyə məcbur edirdi. Əsəri oxudum. Tamaşaya tərcüməsiz baxdım və dedim ki, hər şey mənə aydındır. Hətta rejissor tərəfindən olunmuş ixtisarları belə hiss etdim. Əsas müharibə və onun amansız nəticəsi, insan psixologiyasına təsiridir ki, bu da tamaşada bütün çılpaqlığı ilə görünür”.
Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor Roman Dabaqov da bu səfərədək teatrımızla bağlı məlumatsız olduğunu dilə gətirdi: “Bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycanda teatr sənəti var və bu, digər sənət ocaqları ilə yanaşı, Gənc Tamaşaçılar Teatrının simasında da özünü göstərir. Baxdığımız tamaşalarda çox peşəkar aktyor oyunu gördüm. Əlbəttə, bunlar hamısı rejissorun sayəsində olub. Bəhram Osmanovun dünyagörüşü, aktyorlarla işləmək bacarığı özünü tam şəkildə göstərir. Ona uğurlar arzulayıram”.
Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi, rejissor-pedaqoq İzümrüd Aliyeva isə sözünə həmkarını təbriklə başladı, “Müharibə”nin sənət qələbəsi olduğunu dedi: “Tamaşadakı aktyor ansamblı o qədər möhtəşəmdir ki, aktyorlardan hansınınsa zəif, digərinin bir qədər güclü olduğunu demək mümkün deyil. Bütün aktyorlar eyni dərəcədə peşəkarlıq nümayiş etdirdilər. Birinci hissədə tamaşadakı obrazların çıxılmaz vəziyyəti insanı elə gərginliyə salırdı ki, düşünürsən ki, axı belə necə yaşamaq olar? Pyesi oxudum. Açığı, tamaşanın bu dərəcədə möhtəşəm alınacağına inanmırdım. Çünki pyesdə hərəkət azdır. Lakin rejissorun mükəmməl işi bunun tam əksini sübut etdi. Tamaşanın bəzi hissələri elə incə və həssaslıqla işlənib ki, səhnədəki qəhrəmanın yerinə həyəcan keçirirsən, düşünürsən ki, bu vəziyyətdə o hansı addımı atacaq, nə qərar verəcək? Final hissəsi pyesdən fərqli olsa da, qəhrəmanların birləşməsi onu göstərdi ki, obrazlar düşdükləri vəziyyətlə razılaşır və başa düşürlər ki, atalarını qorumalı və yanında qalmalıdırlar. Düşünürəm ki, elə tək bu tamaşaya görə Bakıya gəlməyə dəyərdi...”

Hüsniyyə Mursaquliyeva,
Həmidə Rüstəmova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar