“Bu baleti hazırlamaqda məqsədim zəngin Azərbaycan mədəniyyətini Amerika auditoriyasına çatdırmaqdır”

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə nümayiş etdirilib.

Tamaşa şəhərin böyük səhnəsi kimi tanınan Civic Teatrında (The San Diego Civic Theatre) San Dieqo balet truppası (The San Diego Ballet) tərəfindən təqdim olunub. Tamaşanın xoreoqrafı San Dieqo Baletinin rəhbəri Xavier Velaskodur.
Azərbaycan balet sənətinin incisi olan “Yeddi gözəl”in Amerikada səhnələşdirilməsi geniş rezonans doğurub. Bu xüsusda ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun apardığı təbliğat işi də mühüm rol oynayıb. Baş konsulluq tərəfindən “UT San Diego” qəzetində tamaşa ilə bağlı məqalə dərc olunub. Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir.
San Dieqo Teatrının payız repertuarının bir çox sürpriz və premyeralarla zəngin olduğu vurğulanan yazıda sənətsevərlərin “Yeddi gözəl” baletinin premyerası sayəsində Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaqları vurğulanır. Qeyd olunur ki, böyük bəstəkar Qara Qarayev baleti dahi Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə qələmə aldığı “Yeddi gözəl” poemasının motivləri əsasında yazıb. Poemada söhbət gənc şahzadədən və onun dünyanın müxtəlif ölkələrindən olan yeddi gözəldən aldığı ilham və müdriklikdən bəhs edilir. Baletin musiqisi Randal Tvidin rəhbərliyi altında fəaliyyət göstərən Qrossmont Simfonik Orkestri tərəfindən ifa olunur.
San Dieqo baletinin bədii rəhbəri Xaviyer Velasko tamaşanın daha möhtəşəm alınması üçün iyun ayında Azərbaycanın paytaxtı Bakıda səfərdə olub və “Yeddi gözəl” baletinin ən yaxşı parçalarına tamaşa edib, materiallar toplayıb. Qonaq eyni zamanda Azərbaycan mədəniyyəti ilə tanış olmaq imkanı qazanıb, dünyəvilik və multikulturalizm hökm sürdüyü Azərbaycan onu valeh edib. “Azərbaycan əsrarəngiz ölkədir, burada nəinki Şərqlə Qərb, bütün mədəniyyətlər kəsişir”, - deyə məqalədə vurğulanır.
Velasko özü də etiraf edir ki, poemada şahzadənin yeddi xanımının olması öncə ona qəribə gəlib, ancaq Azərbaycana səfər etdikdən sonra əmin olub ki, bu dahi şairin təxəyyülünün məhsuludur. “Poemada söhbət bir kişi ilə yeddi qadından yox, özünü dünya ilə bütövləşdirməyə, fərqli mədəniyyətləri öyrənməyə və özünü təkmilləşdirməyə çalışan ölkədən, insandan gedir. Velasko bildirir ki, bu baleti hazırlamaqda onun əsas məqsədi poemanı və zəngin Azərbaycan mədəniyyətini Amerika auditoriyasına çatdırmaqdır: “Mən Bakıda olanda rəsmilərdən də soruşdum ki, bu qədər çoxmədəniyyətliliyə necə dözürsünüz. Cavab belə oldu, “dözmürük, qiymətləndiririk”.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar