Teatr kollektiv sənətdir. Ona görə kollektiv sənətdir ki, neçə-neçə yaradıcı mütəxəssis bir məqsəd uğrunda çalışır.
Teatr canlı sənət növüdür. Ona görə canlıdır ki, zamanla və məkanla bağlı cərəyan edən hadisələri aktyorlar gözümüzün önündə yaşayır, yaradır, hərəkət edərək canlandırır.

Teatr sintetik sənətdir. Ona görə sintetikdir ki, aktyor, rejissor, bəstəkar, rəssam birgə yeni məhsul ortaya çıxarır.
Deməli, teatr sənətini birləşmələr, komponentlər yaradır. Tamaşaçı olmasa, teatr olmaz! Yeni nəslin tərbiyə olunmasında teatrın rolu böyükdür, əvəzsizdir. Onillərlə peşəkar teatrımız inkişaf edərək dünya teatr sistemində özünəməxsus yer tutmuşdur. Təbii ki, bunun səbəbkarları səhnəmizin ulduzları - aktyorlarımız olmuşdur. Hər bir aktyor səhnədə canlı həyatdır.
Mən hər bir aktyorun yaradıcılığı, ümumilikdə teatrla bağlı bütün hadisələrlə maraqlanıram və çalışıram ki, kifayət qədər məlumatım olsun. Çünki bu sənət növündən zövq alıram. Haqqında az məlumatlı olduğum aktyorlar da var. Ona görə də teatrşünasların əsərlərinə müraciət etdim. Bu yazıda sənətdə öz sözünü demiş bir aktyorumuz haqqında danışacağam. Bu ölməz sənətkarımız Həsən Turabovdur. Onun haqqında məlumat əldə etmək üçün sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas İlham Rəhimlinin yaradıcılığından bəhrələndim. Çünki o, Həsən Turabov yaradıcılığının şahididir, onun haqqında bir neçə kitabın müəllifidir.
Həyatı
Həsən Turabov 1938-ci il martın 24-də Bakıda anadan olmuşdur. Əvvəlcə təhsilini 7-ci sinfə qədər 31 saylı məktəbdə, sonra 14 saylı məktəbdə alır. Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil ala-ala həm radioda, həm də yeni açılmış televiziyada çalışır. 1960-cı ildən qısa fasilələrlə Akademik Milli Dram Teatrının aktyoru olur. 1962-ci ildə teatrdan uzaqlaşaraq Bakıda Odessa Dənizçilik İnstitutuna daxil olur və az sonra təhsilini yarımçıq saxlayaraq, yenidən teatra qayıdır.
1971-ci ilin 29 aprelində respublikanın Əməkdar artisti adına, 1982-ci il 1 dekabrda Xalq artisti fəxri adına layiq görülür. 1987-2001-ci illərdə Akademik Milli Dram Teatrının direktoru olub. 1991 və 1996-cı illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib. 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2003-cü ilin 23 fevralında vəfat edib.
Yaradıcılığı
Həsən Turabov qırx il ərzində teatr səhnəsində müxtəlif xarakterli rolların ifaçısı olub. Zamanından, mövzusundan asılı olmayaraq oynadığı rolların məqsədini və əsas qayəsini aydın müəyyən etməyi bacarırdı. Böyük ehtiraslı, güclü faciə xarakterli sənətkar idi. Obrazın daxili təbəddülatlarının ən parlaq, ən mürəkkəb xüsusiyyətlərini parlaq şəkildə təcəssüm etdirmək keyfiyyəti ilə seçilirdi. Bəzən ən adi həyat tiplərinin ifaçısı kimi sadə olduğu qədər də mürəkkəb və ciddi görünməyi bacarırdı. Səhnədə çıxış edərkən gözlənilməz hadisələrlə qarşılaşanda özünün aktyor istedadını qətiyyətlə, dönməz cəsarətlə sınaqdan keçirməyi, risk etməyi xoşlayan aktyor idi.
Emosional və kövrək idi. Asta, ancaq səsli və aydın danışırdı, qaraqabaqlıq xarakterinə tamam yad idi. Ənənə və çağdaş teatr estetikasına mühüm yeniliklər gətirmişdi. Xarakterində “bükülü”, “gizli yumor” var idi. 1960-1970-ci illərdə mövcud olan ictimai-sosial problemləri, insan münasibətindəki psixoloji dərinlikləri real boyalarla, zahirən sakit, daxilən təlatümlü oyun-üslubda, həmçinin lirik-psixoloji üslubda Həsən Turabov qədər ustalıqla, yaradıcı ənənə ilə təcəssüm etdirə bilən başqa bir aktyorun adını deməkdə çətinlik çəkirik.
Teatrda oynadığı epizodik rollar arasında Cəllad (Viktor Hüqo - “Mariya Tüdor”) obrazı diqqətəlayiqdir. O, birbaşa mənfi tip olmaqdan uzaq idi. Həyatda ciddi və təmkinli idi. Səhnə sənətinin sərt, dözülməz, tale hökmünə tabe olmayan qanunları var idi.
Teatrda oynadığı klassik rolları: Mirzə İbrahimov “Kəndçi qız” (Vahid), Cəlil Məmmədquluzadə “Ölülər” (İsgəndər), Uilyam Şekspir - “Hamlet” (Hamlet), İlyas Əfəndiyev - “Unuda bilmirəm” (Kamran), Hüseyn Cavid - “Xəyyam” (Xəyyam), Cəfər Cabbarlı - “Aydın” (Aydın), Nəbi Xəzri - “Mənsiz dünya” (Hacı Əsədulla), Əbdürrəhim bəy Haqverdiyev - “Pəri cadu” (Qurban), Anar - “Şəhərin yay günləri” (Qiyas), Maksim Qorki - “Meşşanlar” (Nil), Viktor Hüqo - “Mariya Tüdor” (Cəllad), Fridrix Şiller - “Orlean qızı” (Lionel) və s.
Şekspir - “Hamlet”. Həsən Turabov Hamlet rolunu elə təfsir edir ki, onun qəhrəmanı iradəli və güclüdür. Turabovun Hamleti zərif insanlıq lətafəti ilə süslənib. Turabov öz ifasında hadisələr boyu özünün aldandığını görür. “Hamlet” tamaşası çox böyük uğur qazanır. Həsən Turabov ikiqat xoşbəxt idi. Çünki o, həm Şekspirin bədii söz qüdrətindən, həm də Tofiq Kazımovun zəngin rejissor fantaziyasından bəhrələnirdi. Görkəmli teatrşünas İlham Rəhimli Həsən Turabovun ifa etdiyi Hamlet rolu haqqında yazırdı ki, “Hamlet” tamaşası başqa-başqa ölkələrdə göstərilsəydi, əminəm ki, əcnəbilər Turabovun oyununda Hamletə baxıb, azərbaycanlıları anlaya bilərdilər, azərbaycanlıların yerini dünya qatında görə bilərdilər.
İlyas Əfəndiyev - “Unuda bilmirəm”. Həsən Turabov Kamran rolu ilə ilk dəfə milli səhnəmizdə ikinci, üçüncü, dördüncü...və daha artıq planları məharətlə oynamaq bacarığını təsdiq etdi. İnandırıcı və səmimi idi. Bu obrazda daxili təmkin və sakitliyini saxlayırdı. Həsən Turabov Kamranı mənəvi sağlığı, ləyaqəti, iradə mətinliyi ilə ideal qəhrəman səviyyəsinə qaldırırdı. Turabovun Kamranı tamaşa boyu üç dəfə psixoloji tərəddüdlə üzləşir. Kamran rəzilliyin, ikiüzlülüyün, rüşvətxorluğun qarşısında sarsılmaz və alınmaz qaladır. Aktyor böyük sənətkarlıq istedadına sarılaraq bu obrazı ərsəyə gətirməyi bacarır.
Hüseyn Cavid - “Xəyyam”. Həsən Turabovun Xəyyamı elm aləminə aşına olmağa çalışan, dostlarına sədaqətli, məhəbbətdə sadiq gəncdir. Turabovun səhnədə səmimi oyunu tamaşaçılarda rəğbət oyadır, qəhrəmanı sevdirir. Xəyyam şərab məclislərinə aludədir, həyat aşiqidir. Gənc aktyor bütün yaradıcılıq ciddiyyəti ilə Xəyyamın qəzəbini, haqsızlığa qarşı mübarizəsini qətiyyətlə ifa edir. Hər pərdədə Xəyyamın bir ictimai-sosial xəttinə üstünlük verir və hər xətt bir monoloqla başa çatırdı. Onun Xəyyamı bəşəriyyəti ittihama çəkirdi.
Cəfər Cabbarlı - “Aydın”. Tofiq Kazımovun rejissorluğu və Həsən Turabovun ifasında Aydın sentimental, zavallı faciə qəhrəmanından uzaq idi. Həsən Turabov Aydın kimi mürəkkəb obrazı bütövlükdə düzgün açıb göstərir. Qəhrəmanın ali məqsədini anlayır. Ədəbiyyatşünas və teatrşünasların qənaətinə görə, Aydın Cəfər Cabbarlının ən mürəkkəb obrazıdır ki, Turabov bu obrazın daxilinə vararaq, öz istedadına əminliklə Aydını tamaşaçılara çatdırır.
Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi 1966-cı ildə Tofiq Kazımov tərəfindən yeni quruluşda Akademik Dram Teatrında tamaşaya qoyulub. İsgəndər obrazı Həsən Turabovun istedadının yeni rişələrinə, təzə qatlarına işıq saldı. Aktyor çox doğru olaraq göstərdi ki, İsgəndərin faciəsi onun ağlı ilə bağlı olan bir faciədir. Aktyorun oyunundakı müsbət cəhətlərdən biri də o idi ki, onun İsgəndərində gənclik hərarəti güclüdür, süstlük ona yabançıdır. Turabov İsgəndəri böyük məharətlə təqdim etdi. O, rejissorun fikrinə müvafiq olaraq öz obrazının tamaşada nə qədər mühüm mövqe tutduğunu yaxşı duyurdu. Görkəmli rejissor Zəfər Nemətov yazırdı: “Həsən Turabovun geyimi, hərəkət tərzi, danışıq ahəngi, dalğın görkəmi, ümumiyyətlə, bütün keyfiyyətləri İsgəndər obrazının daxili aləmini, fikir və düşüncələrini və ən ümdəsi onun faciəsini açmaq üçün çox əlamətdardır”.
“İblis” Hüseyn Cavidin ən mürəkkəb pyesidir. Əsər əvvəllər Abbas Mirzə Şərifzadə, sonra isə Aleksandr Tuqanovun quruluşunda səhnəyə qoyulub. Mehdi Məmmədovun hazırladığı “İblis” fəlsəfi-psixoloji baxımdan daha orijinal və əzəmətli idi. Turabovun İblisi hər cür mifik şeytanlığa şeytanlıq dərsi keçən iblisliyin real kabusudur, nadanlığın, idealsızlığın olduğu zəmində cücərən iblislik toxumudur. Onun İblisinin canı divin canı kimi şüşədə deyil, insanların içində, düşüncələrindədir, törətdikləri əməllərdədir. Onun aktyor oyunu tamaşaçıları düşünməyə sövq edir.
Sonda unudulmaz aktyor haqqında Xalq yazıçısı Elçinin bir fikrini diqqətə çatdırmaq istərdik: “Həsən Turabov haqqında kitab yazmaq, əslində müasir Azərbaycan teatr sənəti haqqında kitab yazmaq deməkdir”.

Qızbəs Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar