Teatr sənəti və multikulturalizm çağırışları

Xəbər verdiyimiz kimi, 5-6 noyabr tarixində III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə reallaşacaq konfrans müasir dünyanın teatr problemləri ətrafında müxtəlif görüşlü insanların ünsiyyətini təmin edəcək.

«Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına əsasən 2010-cu ildə əsası qoyulan konfrans bu dəfə «Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri» mövzusuna həsr olunub. Mövzu həm aktuallığı, həm də tarixi mahiyyəti ilə diqqət çəkir.
Azərbaycan tarixən mədəni zənginliyin, multikulturalizm ənənələrinin təşəkkül tapdığı məkan kimi tanınıb. Ölkəmizdə müxtəlif xalqlar öz mədəniyyətlərini yaşadıb və inkişaf etdirib. Bu, teatr sahəsində də təcəssümünü tapıb, qonşu xalqların teatrları milli teatrımızla çiyin-çiyinə fəaliyyət göstərməklə mədəni irslərinin zənginləşdirilməsinə xidmət edirlər. Bu gün multikulturalizm müasir dünyanın ən vacib mövzularından biridir və bu məsələnin teatr sənəti kontekstində müzakirəsi xüsusi maraq kəsb edir. Bunu üçüncü Bakı konfransının geniş əhatə dairəsi də təsdiq edir. Konfransa 40-dan çox ölkədən 110-da artıq teatr mütəxəssisinin - teatr tənqidçiləri, rejissorlar, dramaturqlar, baletmeyster və teatr rəssamlarının qatılacağı gözlənilir.
Tədbirdə ASSİTEJ-in (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası) prezidenti İvet Hardi (CAR), UNİMA-nın (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) baş katibi Jan Trüdo (Fransa), İTİ-nin (Beynəlxalq Teatr İnstitutu) baş katibi Mişel Vays (Kanada), OİSTAT-ın (Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı) prezidenti Lui Yansen (Hollandiya), İFTR-in (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası) idarə heyətinin üzvü Brayan Sinqton (İrlandiya) kimi teatr dünyasının rəhbər şəxsləri iştirak edəcək. Konfransın nüfuzlu qonaqları arasında dünya şöhrətli rejissor, dramaturq və ssenarist Kşiştof Zanussi də iştirak edəcək. Beynəlxalq konfransla yanaşı, noyabrın 4-də və 7-də “Müasir teatrşünaslıq” (akademik Nelli Korniyenko, Ukrayna), “Rejissor və aktyor sənəti” (Paddi Kannin, Böyük Britaniya), “Səhnəqrafiya” (İosif Yusupov, ABŞ və Luis Yansen, Hollandiya) mövzularında treninqlər də keçiriləcək, fikir mübadiləsi aparılacaq.
Əhəmiyyətli bir mövzuya həsr edilən konfransın keçirilməsini yüksək qiymətləndirən teatr mütəxəssisləri belə tədbirləri Azərbaycan mədəniyyəti, onun teatrının dünyaya inteqrasiyası yolunda da vacib amil kimi dəyərləndirirlər.
Mədəniyyət və turizm nazirinin müavini, tədbirin təşkilat komitəsinin rəhbəri Ədalət Vəliyev üçüncü konfransın əvvəlki iki tədbirdən miqyasına görə fərqləndiyini deyir: “Dünyanın məşhur, teatr, incəsənət xadimləri - rejissorlar, aktyorlar, keçmiş mədəniyyət nazirləri, dramaturqlar, ssenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının rəhbər şəxsləri, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatrlarının rəhbərləri tədbirdə iştirak üçün təşkilat komitəsinə müraciət ediblər. Müzakirə olunacaq məsələlər, treninqlərdə ediləcək məruzələr, ümumilikdə konfransın gündəminə çıxan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə təbii ki, uğurlu nəticəyə, gələcək qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq”.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov konfransı yüksək qiymətləndirməklə tədbirin vacib məqamlarına diqqət çəkdi: “Bakı Beynəlxalq Teatr Konfransı bütün dünyada tanınan sənət adamlarının diqqət mərkəzindədir. Deyim ki, builki konfransın iştirakçılarından bəziləri ölkəmizlə artıq tanışdırlar, digərləri isə Bakıda ilk dəfə olacaqlar. Şübhəsiz ki, onlar paytaxtımızı gəzəcək, teatrlara gedəcək, tamaşalara baxacaqlar. Konfransda təkcə bugünkü dünya teatrının taleyi deyil, onun gələcək inkişaf yolları da alimlər, böyük rejissorlar, prodüserlər, teatr mütəxəssisləri tərəfindən müzakirə ediləcək.
Hesab edirəm ki, konfransda müzakirə ediləcək məsələlər dünya, eləcə də Azərbaycan teatrı üçün çox əhəmiyyətli olacaq. İnanıram ki, beynəlxalq teatr konfransı çərçivəsində keçiriləcək çoxsaylı tədbirlər Azərbaycan və dünya teatr sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyması və birgə layihələrin hazırlanması baxımından əhəmiyyətli olacaq”.
Bu layihəni Azərbaycan teatr sənətinin dünya mədəniyyətinə inteqrasiya yolunda uğurlu addım kimi dəyərləndirən Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Məryəm Əlizadə tədbirin özündən sonra yeni ənənələrin əsasını qoyacağına inanır: “Bu gün Azərbaycan mədəniyyəti, teatr sənəti yeni inkişaf mərhələsini yaşayır. Teatr sənət sahəsi, yaradıcılıq istiqaməti kimi, hər məqamda dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Bu gün Azərbaycan teatrları istər təmir, istər yaradıcı nöqteyi-nəzərdən dünyanın qabaqcıl sənət nəhəngləri ilə ayaqlaşmağa çalışır. Baxın, məşhur festivallarda, ən vacib teatr qurumlarında, müxtəlif ölkələrdə düzənlənən qlobal əhəmiyyətli teatr olaylarında Azərbaycan da iştirak edir. Onu da deyim ki, digər xalqların mədəniyyətlərinin yaşatdıqları teatrlar da bu prosesdə fərqləndirilmir və onların da inkişafına eyni səviyyədə diqqət ayrılır. Tolerantlığın tam anlamda kök saldığı ölkəmizdə multikulturalizm məsələsi qlobal problemə çevrilmədiyi məqamlarda belə öz həllini tapmış olub. Bu mənada düşünürəm ki, belə bir mövzulu konfransa ev sahibliyi etmək bizim haqqımızdır”.
Bu gün Azərbaycan teatrının hətta minillik teatr ənənəsi olan millətlərin teatr aləmi ilə yanaşı durmaq imkanlarının olduğunu deyən Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov da konfransı mədəniyyətimiz, ümumiyyətlə, ölkəmiz üçün çox böyük əhəmiyyətə malik hadisə hesab edir: “Beynəlxalq teatr konfransı «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının həyata keçirilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin uğurla gerçəkləşdirdiyi irimiqyaslı tədbirlərdəndir. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu teatr xadimlərinin qatılacağı konfransı Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası istiqamətində atılan çox mühüm addım kimi qiymətləndirirəm. Düşünürəm ki, konfransda müxtəlif ölkələrin teatr xadimləri ilə təmas imkanı bizlərə daha geniş arealda beynəlxalq teatr əlaqələri qurmaq üçün perspektivlər açır. Ümid edirəm ki, ötən iki konfrans kimi bu konfrans da Azərbaycan teatrı üçün son dərəcə səmərəli olacaq”.

Həmidə Rüstəmova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar