Və ya “Silindr”in namus dərsi

Onun barəsində hər kəsin dil dişlədən qorxusu, dodaq çatladan xatirə-mülahizəsi var. İnsanı özündən çıxarıb, başqa bir varlığa çevirən bu adın yaşantıları dəhşət saçdığından adam sapır. Yəni istənilən halda insan onun - müharibənin dəhşətində özü ola bilmir. Hansı xalqa, irqə, millətə, cinsə mənsub olmasından asılı olmayaraq, müharibə və onun gətirdiyi bəlalar hər kəsin yaşamının üzərindən dərin bir xətlə keçir. Bu zaman xüsusən əxlaq meyarlarında aşınmalar, qopmalar yaşanır ki, sonda bu sınaq bitdikdə belə insan o ləkələrdən arına bilmir.

Akademik Milli Dram Teatrında Xalq artisti Ramiz Novruzun quruluşunda təqdim olunan italyan dramaturqu Eduardo de Filipponun “Silindr” əsərinin tamaşası da bu fikri irəli çəkirdi.
Müəllifin münasibətini, müharibə təəssüratını rejissor bu kontekstdə vermişdi: “Müharibə daha çox İtaliya əhalisinin yoxsul təbəqəsinə təsir etmişdi. İnsani dəyərlər aşınmış, aclıq, xəstəlik, fahişəlik, quldurluq geniş yayılmışdı... Və buna laqeyd qalıb demə ki, bu hadisə mənim xalqımın da başına gəlməz...”
Sonra da artıq çeynənmiş, əxlaq dərsinə çevrilmiş cümlə ilə məsləhət başlayırdı: “İnsan bütün çətinliklərə rəğmən, özünün əxlaqını qorumalıdır”, nə bilim nə.
Bu fikirlər eyforiya ilə səsləndikdən sonra səhnə aydınlanır. Pərişan saçlı qadın köhnə qəsəbənin ucqar küçəsindəki uçuq eyvanda yarıçılpaq vəziyyətdə yuyunur, pudralanır, ətrafdakı yeni müştərilərinə “dəvət” göndərir. Bir az bitkin, halından bezikmiş, özündən və ətrafından diksinmiş qadın ehtiras doğuran plastik hərəkətlər etdikcə yox olmasını istəyir...
Bu təzad, ürək sıxan mənzərə dolu tamaşada hadisələr İkinci Dünya müharibəsindən sonra İtaliyanın Neapol şəhərinin köhnə məhəllələrindən birində baş verirdi.
Aqostino Muskaryello (Əməkdar artist Kazım Abdullayev), onun birlikdə yaşadığı qadın Bettina (Ləman İmanova) mənzilin kirayə haqqını ödəyə bilmirlər və evdən çıxarılmaq təhlükəsi ilə üz-üzədirlər. Ömrü boyu axmaq aldatmalarla yaşayan və keçmiş fahişə ilə birlikdəliyin səadətində çapalayan Aqostino o miskin həyatla barışmalıdır. Çünki 26 il qarovulçu işlədiyi teatr bağlanandan bu hoqqabazlığa məhkum edilib. O da teatrdan tapdığı silindrlə olmayan namus barədə nağıllar danışır, əlində gəzdirdiyi qlobusla sanki dünyaya meydan oxuyur. İllərlə səhnədə izlədiyi aktyorların pafoslu, axmaq, elə özlərinin də iyrəndiyi həyat, sənət, cəmiyyət, əbədiyyət haqqında nağıllarını istedadla təkrarlayır.
Qadını Bettina isə 15, 80 və daha artıq kişi ilə olan yaşantılarını hər fürsətdə ərinin üzünə vurub, buna rəğmən onu qəbul etməsinə görə nifrətini ifadə etməkdən bezmirdi. Beləcə, iki rəzil, yaramaz, həm də bədbəxt qütbün yaşamı bundan yaxşı ola bilməzdi.
Amma onların da öz qurbanları, xilaskarları var. Yəni axmaqları məyus etməyəcək qədər müqəddəs yalan oynayan qurbanları. Onlarla birlikdə yaşayan, uçuq evlərinin balaca bir otağına sığınan kirayəçiləri - gənc ər-arvad Rita (Əməkdar artist Münəvvər Əliyeva) və Rudolfo (Anar Heybətov). Onlar guya xoşbəxt, daha doğrusu, əxlaqsızlıq oyununda qalib tərəfdirlər. Qadın fahişəlik oynayır, ər isə yataqda uzanıb ölü ər cildinə girir. Nə vaxtsa ofisiant olmaq istəyən və hətta müsabiqədən də keçən Rudolfo restorana işə götürülmədiyindən və yalnız arada işçilərdən kimsə xəstələnəndə onları əvəz etməyə çağırıldığından çarəni arvadını başqalarının oyuncağı etməkdə görüb.
Deməli, çarəsizlik içində mütləq bir çarə axtarmaq lazımdır. Tapılır da. Kirayə pulunu ödəmək üçün bu dördlük bir hiyləyə əl atır. Gənc və gözəl Rita hər gün pəncərənin qarşısında yuyunaraq müştərilər cəlb edir. Onları “ov”layıb evə salır, müvafiq məbləği alır, yatağa girmək anı yetişəndə isə məlum olur ki, çarpayıda ölü var. Ölü kimdir: Ritanın əri Rudolfo. O özünü ölülüyə vurur. Rita da müştəriyə elə dünən ərini itirdiyini söyləyir, min cür rola girib ağlayır, ərinin “ölümündə”, özünün bədbəxtliyində cəmiyyəti, maddi çətinlikləri, müharibəni, ümumiyyətlə, hər şeyi, hər kəsi qınayır. Sonda ovuna düşən şəhvətli kişiləri lənətləməkdən belə bezmir.
Qarşılaşdıqları mənzərədən peşman olan kişilərin bəziləri axmaqcasına bu oyuna uyub baş götürüb qaçır, bəziləri də pulunu tələb edərək o məbləğə əslində daha “ağıllı” işlər görəcəklərini deyirlər. Nəticədə o, beləcə müştərilərini əliboş yola salır. Arabir müştərilər üzlülük edib pullarını geri istəyəndə silindrli Aqostino peyda olur. O, teatrda işlədiyi illərdə əxz elədiyi oyunbazlığını işə salaraq müştərini uzaqlaşdırmağı bacarır. Sonra da bişkinliklə bu məharətinə görə özünü alqışlayır. Beləcə, şəhvətinə düşkün axmaq gənc (Antonio - Hikmət Rəhimov), qiymətlərdən şikayət edən miskin qoca (Roberto - Məzahir Cəlilov), qadın hərisi üzsüz intiligentlər Ritanın “səkkiz pilləkən aşağı, soldan birinci qapı, qapını döymə, özüm açacam”lı istiqamətləndirməsinin ardınca gəlir və xəyalları suya düşmüş şəkildə kor-peşman geri qayıdırlar.
Böyük oyuncaq Rita və onun namus qarovulçuları - qeyrətini çoxdan öldürmüş əri, özünü yalnız silindrlə əsl kişi kimi hiss edən bədbəxt “xilaskarı” və əslində Ritaya həsəd aparan, onun oyununu sevə-sevə davam etdirib kişilərinin siyahısını artırmaq istəyən Bettina bu haldan məmnunluqla pulları sayır, üstünü düzəltmək üçün Ritanı yeni səhnələrə, təzə qurbanlara həvəsləndirirlər. Qadın isə bezib. Nə qədər oyun olduğunu anlasa da, özünün ən böyük oyuncaqlığından bitkindir. Ona görə də gah fərsiz ərini, gah da özünü qınayır. Sağa-sola çırpınaraq bədənini, saçlarını, ruhunu “özündən” qovmağa çalışır.
Amma nə yazıq ki, kirayə pulu tamamlanmır və Rita fahişəni hələ də oynamalıdır. Oynayır da. Bir gün onun qarmağına “iri balıq” düşür. 35 illik ailə həyatından sonra 20 ay öncə dul qalmış imkanlı qoca Atillio (Xalq artisti Ramiz Novruz) Ritanın gözəlliyinə heyran qalır və qıza 10 min yerinə 20 min təklif edir. Rita yenə də “əri ölmüş qadın” roluna girir. Lakin Atillio sadəlövh müştərilərdən deyil. O, ərin özünü ölülüyə vurduğunu dərhal anlayır. Bundan sonra da öz istəyindən əl çəkmir və Ritanı əldə etmək üçün məbləği dəfələrlə qaldırır. Artıq məbləğ yarım milyon olub. Bu pulla nəinki borcları vermək olar, hətta əlavə xərclik üçün də nəsə qalar. Rita imtahan qarşısında qalıb. Onun ləyaqəti imtahan olunur. O, imtinaya hazırdır, çünki ərinə, daha doğrusu, özünə xəyanət edə bilmir. Ona görə də çırpınır, “ölmüş” ərinə, onun olmayan ruhuna yalvarır, xilas istəyir. Bu fürsəti qaçırmaq istəməyən Aqostino, sevə-sevə Ritanı əvəz etmək istəyən Bettina da işə qarışır. Amma bu dəfə nə Aqostinonun silindri, nə Bettinanın solmuş cazibədarlığı, nə də Rudolfo kömək etmir. O, dirilsə də, özünü oda-közə vursa da, qoca Atillionu fikrindən daşındıra bilmir. Daha doğrusu, arvadının başqası ilə yatmasına göz yummağa məcbur olur.
Burada bir həqiqət silindrdən də yuxarıdan qışqırır: “Yarım milyonla üç insanın ləyaqətini asanlıqla almaq olar”. Təkcə Rita tərəddüd içindədir; o özünü sata bilmir, ya da ərinin onu satmasına inanmaq istəmir. Artıq düşünmək və yeni hoqqabazlıqlar etmək də mənasızdır. Çünki qurban artıq təslimdir.
Budur, Atillio yatağa uzanıb Ritanı gözləyir. Bütün ehtirası ilə qadını səsləyir, ona iltifatlar edir, gözəl vədlər verir. Pərdənin o üzündə, çarpayıda zırıldayan qoca az sonra elə gözləyə-gözləyə yuxuya gedir. Budur yeni kələk başlayır. Çarpayının yanındakı şamdandakı şam kəsilir, saatlar irəli çəkilir və sklerozdan əziyyət çəkən qoca sadəcə yuxuda arzusunu gerçəkləşdirir.
Atillio yuxudan ayılandan sonra Rita ilə yatdığını hiss edir və əynini geyinib məmnun şəkildə çıxıb gedir. Həm də unudulmaz qadını hər zaman gözləyəcəyini, ona məftun olduğunu deyir.
Bundan sonra heç kəs Ritanı düşünmür. Hamı pulu bölməyə çalışır. Hər kəs özünə daha çox pay düşməsini istəyir. Rita birdən başa düşür ki, o Atillio ilə yatağa girməsə belə qocanın nəzərində elə yatağa girmiş sayılır. Deməli, o bədənini satıb, əxlaqını kirayə puluna qurban verib. Yəni o daha çox ləyaqətsizdir. Buna görə də onun nə Aqostinodan, nə Bettinidən, nə də arvadını satan Rudolfodan fərqi var. Daha doğrusu, onu satanlardan, qocadan qazandıqlarından daha qiymətlidir. Bunu anlayanda baş götürüb evdən gedir. Sonra uğurla seçilmiş musiqi (musiqi tərtibatçısı Kamil İsmayılov) qanadlı pəriyə çevrilmiş gözəl Ritanı miskin məhəllənin üzərindən keçirir. Deməli, o öz xilas yolunu tapıb. Arxada buraxıb getdiklərinə acıyaraq öz səadətinə çatıb.
Geridə qalanlar yenə öz qaranlıqlarındadır. Yalnız üzərinə silindr qoyulmuş qlobus işıqlanır. Yəni qalib başında silindr gəzdirən yox, cibində namus satın ala biləcək qədər pulu olanlardır. Aqostinonun tamaşanın sonunda silindri qlobusun üstünə qoyması amansız mesajı verir: dünya silindri olanların yox, pulla hər şeyi əldə etmək istəyənlərindir.
Müəllifin incə psixoloji yanaşmasına səhnədə sosial dərinliyin buffonada parlaqlığı və qrotesklə harmoniyada təqdimatı ilə cavab verən tamaşa ümumilikdə maraqlı idi. Müəyyən qüsurları - arabir tempin uyğunsuzluğu, yerində olmayan mizanlar, aktyorlara rahat hərəkətdə mane olan dekor elementləri (quruluşçu rəssam Anar Əliyev) və ifaçıların komediyanın verdiyi sərbəstlikdən istifadə edərək ifadə üslubundakı sapmaları, bəzi hiss olunacaq süni oyun üslublarını nəzərə almasaq, tamaşa baxımlı idi. Ən azı zala toplaşanlar sosial bəlalar fonunda müəllifin və rejissorun çatdırdığı həqiqətlərə həm gülə, həm də düşünə bildilər.

Həmidə Nizamiqızı

Mədəniyyət və Turizm Nazirliyinin “Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsinə təqdim edilir







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar