Noyabrın 5-də III Bakı Beynəlxalq Teatr Konfransı öz işini plenar iclaslarla davam etdirdi. İlk iclas Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Məryəm Əlizadə və ABŞ-dan olan tanınmış teatr rəssamı İosif Yusupovun moderatorluğu ilə gerçəkləşdi.

İclasda ilk olaraq Dağıstan Respublikası (Rusiya Federasiyası) mədəniyyət nazirinin müavini Murad Hacıyev çıxış edərək çoxillik mədəni əlaqələrə malik olan, oxşar mədəni dəyərləri bölüşən xalqlarımızın dostluğundan söz açdı. Bu xüsusda teatr əlaqələrinin əhəmiyyətini qeyd edən qonaq Dərbənd Azərbaycan Dram Teatrının fəaliyyətinə, yaradıcılıq potensialını nümayiş etdirməsinə geniş imkanlar yaradıldığını, Dağıstan teatrlarında Azərbaycan yazıçılarının əsərlərinin də səhnəyə qoyulduğunu diqqətə çatdırdı.
Polşanın məşhur teatr və kino rejissoru, ssenarist Kşiştof Zanussi müasir dünya teatrı, onun qarşısında duran əsas problemlərdən söz açdı. İncəsənətin bir qolu olan teatrın bəşəriyyətin inkişafında mühüm rol oynadığını, onun kollektiv yaddaşı formalaşdıran əsas məqam olduğunu dedi. Senzuranın olduğu ən kəskin məqamlarda da teatrın öz inkişafını dayandırmadığını diqqətə çatdıran məruzəçi bütün bu çətinlikləri keçən teatrın bu gün öz missiyasını, tam enerjisini yetərincə nümayiş etdirə bilmədiyini bildirdi. K.Zanussinin sözlərinə görə, teatrların, bu sahə üzrə festival və forumların əsasən dövlətin dəstəyi ilə fəaliyyət göstərməsi müəyyən mənada teatrın asılılıqda olmasına zəmin yaradır. Teatr öz kimliyini isbatlayarsa, aktyor öz emosiyalarını ifadə edərək sənətin gücünü göstərərsə, onu heç bir internet, elektron vasitə əvəz edə bilməz.
Hindistanın Kəlküttə Universitetinin professoru Tapati Qupta ölkəsində Qərb müəlliflərinin adaptasiya məsələlərinə nəzər saldı, Benqal teatr nümunəsində görüşlərini bölüşdü. Hələ qədim zamanlardan ölkəsinin multikultural təsirlərə açıq olduğunu dilə gətirərək müasir teatrın müşahidə etdiyi müasir tendensiyalara nəzər saldı.
Teatr tənqidçisi, sənətşünaslıq namizədi Aydın Talıbzadə “Teatr kolleyder kimi” mövzulu çıxışında bu yaradıcılıq sahəsinə tam fərqli bucaqdan yanaşma nümayiş etdirdi. Teatrın ümumi vəch və səadət yaşantıları vədini əsas götürən natiq onun hər tamaşasında bu ovqatı, bu halı əldə etməyə çalışdığını dedi. Seyrçilər hər hansı bir tamaşa məqamına qədər bir-birinə tamam özgə idilər, yad idilər: onlar teatra gəldilər, tamaşa salonuna daxil oldular və bu konkret tamaşaya baxıb da anladılar ki, onlar bir-birini tanıyırlar, bir-birinə doğmadırlar və onların iç yaşantıları, həyəcanları, duyğuları tamam eynidir. Məruzəçi bunun multikulturalizmdən də güclü və üstün bir məqam, bir yaşantı olmasına diqqət çəkdi.
ABŞ-dan gəlmiş mütəxəssis, Təlim və Təhsil Komitəsinin vitse-prezidenti Piter Qoldfarb “Qızğın yaradıcılıq” adlı məruzəsində özünün keçdiyi sənət yolundan danışdı, teatr sənətində uğurlu nəticə üçün bu sahəyə sevginin və düzgün peşə seçiminin əsas olduğunu vurğuladı.
Beynəlxalq Teatr Tədqiqatları Federasiyası idarə heyətinin üzvü, irlandiyalı mütəxəssis Brayan Sinqlton ölkəsinin keçdiyi mədəniyyət yolu və bu tərəqqidə teatrın yerindən söhbət açdı. Dəyişən dünyada teatrın bu məqamdan, ümumilikdə inteqrasiyadan uzaq düşməmək üçün qarşılıqlı əlaqələrə daim üstünlük verməsindən danışdı.
Ukraynanın Milli Teatr Sənəti Mərkəzinin rəhbəri, akademik Nelli Korniyenko isə “Teatr postqeyri-klassik və multikulturalizm şəraitində” mövzulu çıxışında teatrın multimədəni məkanda mövcudluğunun müasir teatrın postqeyri-klassik məkanda varolma problemlərindən biri olduğunu dedi, qlobal anlamda teatrın üzləşdiyi problemlərə nəzər saldı.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar