III Bakı Beynəlxalq Teatr Konfransı qonaqlarının təəssürat və rəyləri

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vays: “Artıq ənənə halını almış bu konfransa görə təşkilatçılara minnətdarıq”

- Bakıya beşinci dəfədir ki, gəlirəm. Bu ölkə, bu şəhər və onun insanları mənim üçün artıq doğmadır. Özümü burada heç də qonaq kimi hiss etmirəm. Burada hər kəs öz ölkəsindəki teatr və bu sahədə baş verən yeniliklərdən danışır. Beləliklə, biz faydalı təcrübə mübadiləsi aparırıq. İndi çox insan multikulturalizmdən və mədəniyyətlərarası dialoqdan danışır. Əlbəttə, bütün bunlar ideyalardır və onlara hörmətlə yanaşıram. Mən isə transkulturalizmdən danışacağam. Bu teatrda fərqli bir istiqamətdir və bununla bağlı məruzə edəcəyəm. Ümid edirəm ki, bu il teatr mütəxəssisləri, teatr tənqidçiləri arasında qarşılıqlı ünsiyyət, fikir mübadiləsi daha geniş, aydın və faydalı olacaq. Artıq üçüncü dəfə Azərbaycanda belə bir konfransın keçirilməsi çox vacib mədəniyyət hadisəsidir. Çoxlu teatr peşəkarları burada bir araya gəlib. Artıq ənənə halını almış bu konfransa görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm, çox yüksək səviyyədə təşkil olunmuş budəfəki konfrans da insanların, teatrsevərlərin, teatr mütəxəssislərinin yaddaşında gözəl təəssüratlarla qalacaq.

Rusiyanın Xalq artisti, Həştərxan Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri Yuri Koçetkov: “Münasibətlər etibarlı qurulursa, davamlı olur”

- Bu mənim Azərbaycana ilk səfərim deyil. Buna qədər ölkənizdə bir neçə dəfə olmuşam. Həştərxan Gənc Tamaşaçılar Teatrı kollektivinin hələ ilk qastrol səfəri zamanı Bakı bizdə böyük təəssürat yaratmışdı. Gözəl şəhər, Şərqlə Qərbin memarlıq ənənələrini birləşdirən binalar, dənizkənarı bulvar bizə olduqca maraqlı və doğma təsir bağışlamışdı. Elə ona görə də indi Bakıya öz evimiz kimi gəlirik. Təmsil etdiyim teatrın aktyorları şəhərinizin vurğunudurlar. Bakı ilə Həştərxan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq günü-gündən inkişaf etdirilir. Hazırda Həştərxanda bir sıra mədəniyyət tədbirləri keçirilir. Amma buna baxmayaraq, mən III Bakı Beynəlxalq Teatr Konfransında məmnuniyyətlə iştirak etməyi uyğun bildim. Bilirəm ki, Bakı bu günə qədər bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib və əminəm ki, bu tədbir də digərləri kimi məhsuldar olacaq. Amma bütün bunlarla yanaşı əsas məsələ insanlar arasında qurulan münasibətlərdir. Bununla bağlı sizə sadə bir misal göstərim. Bizim hazırda Azərbaycanda çoxlu tanışlarımız, dostlarımız var. Biz buraya, onlar da bizə gəlirlər. Bu bağları dağıtmaq mümkün deyil. Yəni insanlararası münasibətlər etibarlı qurulursa, o zaman çox davamlı olur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm ki, bu konfransı keçirməklə yenidən bizləri bir araya gətirdi.

Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi: “Birlikdə işləməyin yolunu tapa bilsək, daha faydalı işlər görə bilərik”

- Bakıda Beynəlxalq Teatr Konfransı çox vacib bir layihədir. Dünyanın tanınmış teatr mütəxəssisləri bir araya gəlib. Ona görə də, fürsətdən istifadə edib yeni faydalı layihələr təklif etməliyik. Əlbəttə, hər birimiz fərqli ideyalar səsləndiririk və eyni zamanda fərqli baxışlara malikik. Amma artıq praktik fəaliyyətə keçmək zamanıdır. Danışmaq, fikir səsləndirmək heç də kifayət etmir. Əgər biz birlikdə işləməyin yolunu tapa bilsək, daha faydalı işlər görə bilərik. Bu baxımdan bu konfrans bizim üçün böyük imkan deməkdir. Düşünürəm ki, konfrans uşaq və gənclər teatrlarının inkişafı istiqamətində də təcrübə mübadiləsi üçün olduqca əhəmiyyətlidir. Buraya gələn nümayəndələr həm bir-biri ilə ünsiyyət qurur, həm də sizin yerli teatrlarla tanış olurlar. Bu mədəni mübadilədən yeni ideyalar yaranır, inkişaf üçün imkanlar açılır. Mən artıq dördüncü dəfədir Bakıdayam və hər üç teatr konfransının iştirakçısıyam. Konfrans çərçivəsində ustad dərsləri də aparmışam. Bütün bunlar əhəmiyyətlidir və ümid edirəm ki, davamlı olacaq. Bakı çox fantastik bir şəhərdir. Burada hər dəfə yeniliyin şahidi oluram. Şəhərin memarlığı, binaların arxitekturası çox maraqlıdır.

Təlim və Təhsil Komitəsinin vitse-prezidenti Piter Qoldfarb (ABŞ): “Bakı konfransı bizim üçün gözəl fürsətlər yaradır”

- Bu mənim Bakıya üçüncü səfərimdir. Bundan əvvəl keçirilən iki beynəlxalq teatr konfransında iştirak etmişəm. Tədbirləri müqayisə edərkən düşünürəm ki, ideyalar arasında fərqlər var. Yəni onlar əvvəlkindən daha da təkmilləşib, formallıq azalıb. Ümumiyyətlə, incəsənət, teatrın mövcudluğu insanlar arasında qarşılıqlı anlayış deməkdir. Yəni burada heç bir tərcüməyə ehtiyac yoxdur. Bizim komitəmiz əsasən aktyorların təlimi üzərində mərkəzləşib. Gördüyünüz kimi, teatr insanları yenidən bir araya gətirib. Bakı konfransı bizim üçün gözəl fürsətlər yaradır. Həmkarlarımızla birlikdə artıq konfransın ilk günündən təcrübə mübadiləsi aparır, fikirlərimizi paylaşırıq. Düşünürəm ki, ideyaların mübadiləsi həm də hisslərin, emosiyaların mübadiləsi deməkdir. Həmkarlarımızla da fikir mübadiləsi apararkən deyirik ki, indi teatrlar daha cəlbedici olmalıdır. Bunun üçün də daha faydalı təkliflərlə çıxış etməyimiz lazımdır. Bizləri bir araya gətirən bu tədbirə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm.

Yunanıstan Milli Teatrının baş rejissoru Sotiris Çatzakis: “Yeni dostluqlar qazanır, faydalı fikir mübadiləsi aparırıq”

- Azərbaycana ilk dəfə gəlmişəm. Bu konfrans mənim üçün çox maraqlıdır. İclaslarda bugünkü teatr sənəti, onun inkişafı, gələcək perspektivləri ilə bağlı çoxlu aktual məsələlər müzakirə olunur. Teatr tərcümə lazım olmadan hər kəsin baxıb anlaya biləcəyi incəsənət növüdür. Bu gün demək olar ki, dünyanın bütün ölkələrində teatrlar fəaliyyət göstərir. Amma bu teatrlarda çalışan insanlarla, mütəxəssislərlə hər zaman bir araya gələ bilmirik. Belə tədbirlərin sayəsində biz görüşürük. Bir mütəxəssis kimi əminliklə deyə bilərəm ki, teatr sənəti nümayəndələri arasında peşəkar əlaqələrin, dostluq münasibətlərinin qurulmasında bu konfransın əhəmiyyəti böyükdür. Burada yeni-yeni dostluqlar qazanır, faydalı müzakirələr, fikir mübadiləsi aparırıq. Bundan gözəl nə ola bilər ki?

Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor: “Teatr vasitəsilə siyasəti, elmi, mədəniyyəti öyrənirik”

- Bizim təşkilatımız 1995-ci ildə yaranıb. Teatr insanların davranışı, qarşılıqlı anlayış deməkdir. Əlbəttə, teatr deyincə, çoxlarının gözü önünə səhnə gəlir. Amma bu belə deyil. Məqsədimiz teatr sahəsində tədqiqatlar aparmaqdır. Teatr vasitəsilə biz siyasəti, elmi, idmanı, mədəniyyəti öyrənirik. Məsələn, Hindistanda bir teatr fəaliyyət göstərir, orada hekayə danışılır, aktyorlar isə yalnız rəqs edirlər. Demək istəyirəm ki, dünyada müxtəlif teatr növləri fəaliyyət göstərir. Bir araya gəldikdə isə hər ölkə öz teatrından, təcrübəsindən danışır və beləliklə, məlumatlarımız artır. Bu baxımdan konfrans dünya teatrlarını bir araya gətirən böyük hadisədir. Ümid edirəm ki, yeni ideya və təcrübələrimizi burada daha yaxşı paylaşa biləcəyik. Bakıda olmağımdan çox məmnunam. Şəhərin gözəlliyi məni valeh etdi. Şərqlə Qərbin xüsusiyyətlərini birləşdirən belə bir şəhərdə olmaq, həmkarlarımla konfransda iştirak etmək mənə böyük zövq verir.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar