Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən III Beynəlxalq Teatr Konfransı noyabrın 6-da işini plenar iclaslarla davam etdirdi. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azərpaşa Nemətov və «Peterburq teatr jurnalı»nın redaktoru Marina Dmitrevskayanın (Rusiya) moderatorluq etdiyi iclasın birinci hissəsində ilk məruzəçi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov oldu.

Teatr heç nə eləmir, sadəcə yaşayır

Professor İsrafil İsrafilov teatr sənəti və mədəniyyətlərarası dialoq barədə danışdı. Bildirdi ki, monoloqların insanları ayırdığını hər kəsdən artıq teatr sənətində çalışanlar anlayırlar. Onlar başa düşürlər ki, konstruktiv, əmələ çevrilməyə yönələn dialoq daha səmərəlidir. Bir zamanlar səhnə sənətinin tanınmış xadimlərinin «Teatr nədir, yaxud teatr necə olmalıdır» suallarına tapdıqları cavablar çağdaş dövrümüzdə nəinki yetərli deyil, hətta yeni suallar yaranmasına yol açır. Bunun sadə səbəbi, böyük rus şairi Aleksandr Puşkinin sözləri ilə desək, «amansız əsr, sərt düşüncələr» olsa da, dialektik qanunauyğunluqların axarında irəli getməkdən başqa yol yoxdur.
«Dünya xəritəsində yer alan xalqların teatr mədəniyyətinin bünövrəsində yerə sərilmiş xalı üzərində iki aktyorun göstərdiyi səhnə qədər sadə, amma təsirli oyun dayanır»,- deyən teatr direktorunun fikrincə, həmin oyunun estetikası yüz illər, min illər ərzində dəyişsə də, tamaşaçıya təsir iddiası dəyişməz qalıb: «Esxildən başlamış bu günümüzə qədər gələn dramaturji və ədəbi konstruksiya insan haqqında olan və insana ünvanlanan təcəssümə əsrlər boyu ləyaqətlə xidmət edib. Adətən başqa mətləblərlə bağlı bu belə olub, belədir və belə də qalacaq. Amma dramaturgiyaya münasibətdə bu sayaq yanaşma mümkün deyil. Yəni məhz XXI əsr bu məsələyə öz sığalını çəkib. Odur ki, son vaxtlar ənənələr pozulur, miflər dağılır və teatrın bir vaxtlar başlıca qida mənbəyi olan ənənəvi dramaturgiyaya münasibət dəyişir, dünyanın müxtəlif teatrlarında söz teatrına qarşı qiyam səsləri eşidilməyə başlayır».
İsrafil İsrafilov qeyd etdi ki, çağdaş dövrün rejissurası, bir zamanlar Meyerholdun dediyi kimi, tamaşanın müəllifi statusundan imtina edib daha böyük səlahiyyətlərə iddiasını ortaya qoyur. Bu rejissura zamanın intellektual-mənəvi yükünün toplandığı səhnə ssenarisini ənənəvi dramaturji materialdan daha üstün və mühüm hesab edir.
Teatr tənqidinin hazırkı durumundan danışan məruzəçinin sözlərinə görə, teatr reallığında tənqidin öz mövqelərini itirməsi müşahidə olunur: «Fəaliyyət miqyası, özünüifadə imkanları, ən betəri, funksional dili qısalmış teatr tənqidi bir zamanlar aktiv mətbuatın əlavəsi rolunda görünürdüsə, indi internet erasında az qala tamamilə çarəsiz duruma düşüb. Yeni texnologiyaların inkişafı tənqidin üslubunu və fəaliyyət məramını dəyişməyə sövq edir. Amma maraqlıdır ki, bu zaman həvəskarlığın peşəkarlığa meydan oxuması da diqqəti cəlb edir».
İsrafil İsrafilov çıxışının sonunda onu da bildirdi ki, qarışıq tipli auditoriya teatrdan beşulduzlu tamaşalar tələb etməkdə haqlı olduğu kimi, teatr da qarşı tərəfdən anlaşma gözləməkdə haqlıdır. Bu tələblər illər keçdikcə dəyişir, yaranan narazılıqlar hikkəli qarşıdurmalara səbəb olur: «Auditoriya hər şeydən daha çox teatrdan lənətə gəlmiş suallarına cavab gözləyir. Teatr isə... Georgi Daneliyanın «Mimino» filmində bir epizod var. Dağ kəndində göstərilən hind filminin bir yerində ekranda rəqs edən qızı görən həmkəndlisi soruşur ki, Mimino, bu qız neyləyir? O da cavab verir ki, heç nə eləmir, rəqs edir. Bax, teatr da heç nə eləmir, sadəcə yaşayır».

Həm sənət, həm də qazanc

Rusiyanın Ural vilayətinin Perm şəhər teatrını təmsil edən Sergey Fedotov əvvəlcə bu sənət ocağının nailiyyətlərindən bəhs etdi. Qeyd etdi ki, cəmi 200 yerlik auditoriyası olan bir teatrda çalışır. Keçirdikləri tədbirlərdən və hazırladıqları tamaşalardan ildə 1 milyon dollar gəlir əldə edirlər: «On ildir ki, Martin Makdonax beynəlxalq teatr festivalını keçiririk. Bu festivaldan yüksək miqdarda gəlir götürürük. Hökumətdən çox az vəsait alırıq. Teatrımızın hər bir aktyoru ayda 1500 dollar qazanır. Kollektivimiz tez-tez qastrollarda olur. Bu bizə öz işimizi daha təkmil qurmağa kömək edir. Bu konfransda iştirakımızdan məmnunuq. Düşünürəm ki, dünyanın teatr xadimlərinin təmsil olunduğu bu tədbirdən çox şeylər öyrənmək mümkündür».
İran İslam Respublikasından gəlmiş Sahar Şahgəldi «Hərəkətlərin və rənglərin taziyədə rolu» mövzusunda çıxış etdi, Aşura mərasimlərində təşkil edilən şəbehlərdəki aktyor oyunlarından danışdı.

Müasir teatrda söz o qədər də önəmli deyil

Hindistanlı Maharaç Raina bildirdi ki, uşaq vaxtlarında Azərbaycan poeziyasını ingilis dilində oxuyub və çox sevib. Ölkəsində müxtəlif dinlərin daşıyıcılarının yaşamasından bəhs edən teatrşünas qeyd etdi ki, multikulturalizm hər bir millətə özünəməxsus xarakter verir: «Dəyərlər insanın həyatda qalmasını təmin edir. Teatr isə mədəniyyətin çarxıdır».
Rusiyadan gəlmiş teatrşünas Emilia Dementsovanın fikrincə, teatr həm keçmişi, həm də müasirliyi özündə ehtiva edir. Bu isə çox vacib məqamdır. Onun sözlərinə görə, XXI əsrin teatrında artıq söz yoxdur, çünki sözə ehtiyac yoxdur: «Söz əməldir. İnsanlar hərəkətləri, mimikaları ilə danışır. Söz insanlar üçündür. Zənnimcə, bu konfrans da məhz buna xidmət edir».
Fransalı nümayəndə Elza Furtado həmkarının fikirlərini dəstəkləyərək, bildirdi ki, Fransanın Azərbaycandakı səfirliyinin xətti ilə fəaliyyət göstərən institutda çalışır. Bakıda az bir müddətdə olması səbəbindən Azərbaycan dilini hələ öyrənməyib. Amma bu, onun teatrlara getməsinə mane olmur: «Tez-tez teatr tamaşalarına gedirəm. Baxmayaraq ki, dili bilmirəm, amma səhnədə baş verənləri çox gözəl anlayıram. Deməli, müasir teatrda söz o qədər də önəmli deyil. Hesab edirəm ki, bu, teatrın qüdrətidir».
Gürcüstan teatrının təmsilçisi İrina Qoqoberidze «Qloballaşan dünyada teatr» mövzusunda danışdı. Qeyd etdi ki, azad, sərbəst teatrın dünyaya yayılmaq üçün çox böyük imkanları var. Teatr sənəti də məhz teatral qloballaşmaya yol açır.
Fasilədən sonra konfrans digər təmsilçilərin çıxışları ilə davam etdirildi.
Rusiyalı nümayəndə Adolf Şapiro bildirdi ki, hər zaman dünyada bir teatr mövcud olub. Vacib olan odur ki, hazırda teatr kütləvi meydanlardan elit bir mərhələyə çevrilib.

Multikulturalizm Azərbaycan teatrının probleminə çevrilə bilməz

Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə «Multikulturalizm olmadan multikulturalizm» mövzusunda məruzə etdi. Onun sözlərinə görə, «multikulturalizm» anlayışı Azərbaycan terminologiyasında son 10 ildə işlədilir. Lakin bu anlayış olmadan da azərbaycanlılar hələ çox-çox illər öncə çoxmədəniyyətlilik şəraitində yaşayıblar və indi də yaşayırlar: “Azərbaycan çoxsaylı xalqların məskunlaşdığı bir ölkədir, bu xalqlar öz mədəniyyətlərini, dillərini, inanclarını, adətlərini, mətbəxlərini qoruyub saxlayıblar. Onların teatrları da mövcuddur. Qaxda Azərbaycan Dövlət Gürcü Dram Teatrı, Qusarda Azərbaycan Dövlət Ləzgi Dram Teatrı, Bakıda hələ 1921-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı fəaliyyət göstərir. Hətta Azərbaycanda 80-ci illərdə «Beserer» eksperimental yəhudi teatr studiyası da teatr prosesinə qoşulmuşdu. Amma reallıq budur ki, Rus Dram Teatrını çıxmaq şərtilə, bu teatrların heç birinin Azərbaycan teatr prosesinə mühüm təsiri yoxdur. Onlar aktivliyi ilə seçilmir”.
Məruzəçi bildirdi ki, III Bakı Beynəlxalq Teatr Konfransının mövzusu bu vəziyyətin səbəblərini aydınlaşdırmağa kömək edir: “Bu gün ləzgilər, talışlar, digər azsaylı xalqlar Azərbaycan ədəbiyyatını, teatrını elə öz ədəbiyyatları, teatrları sayırlar. Belə olan halda milli azlıqların öz teatrlarını yaratmasına ehtiyac qalırmı? Mənə elə gəlir ki, qloballaşma dövründə bu o qədər də aktual deyil. Multikulturalizm XX əsrdən XXI əsrə ötürülən bir problemdir. Amma əgər Azərbaycan bu gün multikultural bir mühit içindədirsə, mənə elə gəlir ki, multikulturalizm Azərbaycan teatrının probleminə çevrilə bilməz».
İclasda İran İslam Respublikasından Maneli Vafadari, Atabak Naderi, Qazaxıstan nümayəndəsi İrina Antonova və Rusiya Federasiyasından Natalya Zukovanın çıxışları da iştirakçılar tərəfindən maraqla qarşılandı.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar