III Beynəlxalq Teatr Konfransı çərçivəsində noyabrın 6-da keçirilən plenar iclaslardan sonuncusu müasir dünya teatrlarının vəziyyəti, inteqrasiya prosesi və beynəlxalq tədbirlərin bu prosesdə roluna həsr olunmuşdu.

İclasa moderatorluq edən teatr tənqidçisi, sənətşünaslıq namizədi Aydın Talıbzadə və Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau (Hindistan) dünyada yeni teatr meyllərinə, rəqəmsal dünyada teatrın yerinə diqqət çəkdilər.
Müasir Alban Teatr Cəmiyyətinin rəhbəri Adonis Filippi (Albaniya) ölkəsində teatr tarixi, dövlətin teatrlara dəstəyi barədə danışdı. Bildirdi ki, Albaniya teatrının elə də böyük tarixi olmasa da, qısa zaman kəsiyində milli teatr öz ənənələrini formalaşdıra bilib. Qonaq Azərbaycan barədə təəssüratlarını da bölüşdü, ölkəmizin multikultural məkan olduğunu bildirdi.
London Qoldsimit Universitetinin teatr və ifa şöbəsinin rəhbəri Gita Qreffild (Sinqapur) isə bu gün dünyada teatrın yaşaması, multikultural aspektdə davamlı inkişafı üçün yaranan meyllərdən bəhs etdi. Teatrın heç də böyük və yaraşıqlı binaları olan bir məkan yox, cəmiyyət fərdlərinə nüfuz gücünü hələ də itirməyən bir ecazkar qüvvə kimi səciyyələndirdi.

İki fərqli qütb arasında dialoq səhnə sənəti ilə reallaşa bilər

Qərb və Şərq Sənətləri Mərkəzinin rəhbəri Dominik Dolmyö (Fransa) mədəni dəyərlər, Qərb və Şərq ənənələrinin teatr səhnəsində təcəssümü, iki fərqli qütb arasında dialoqun, bütünləşmənin səhnə sənəti ilə reallaşa biləcəyini dedi. Hər iki böyük və zəngin mədəniyyət qolunun öz köklərinə bağlı olmaqla birgə təqdimatının daim maraqlı, unikal olacağını vurğuladı.
Estoniya Dram, Teatr və Musiqi Akademiyasının dissertantı Veera Maryamaa (Finlandiya) “Sosial patologiya dramaturji əsərin yaradılmasında bünövrə və vasitə kimi” mövzusunda çıxış etdi. O, yeni dramaturji tipin tapılması və bununla tamaşaçıya fərqli görünə bilən, lakin nüvəsində klassisizmin dayandığı bir teatr modelini təqdim etməyin yollarından danışdı.
Qazaxıstan Teatr Xadimləri İttifaqının sədri Tunqişbay Camankulov qarşılıqlı teatr əlaqələri üçün mütəmadi görüşlərin, festival formatlı tədbirlərin önəminə diqqət çəkdi. Teatr mütəxəssislərinin bir arada olmaqla həm özləri, həm də ümumilikdə cəmiyyətə böyük teatr sevgisi aşılaya biləcəyini vurğuladı. Ölkəsinin teatr həyatı, qonşu ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa can atdığını iclas iştirakçılarının nəzərinə çatdırdı.

Vizual elementlər bolluğunda rəqabət və müasir teatr

Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatının prezidenti Luis Yansen (Hollandiya) isə özünün fəaliyyət istiqaməti - teatrda rəssam işi, onun müasir vizual elementlər bolluğunda rəqabət gücü və texnogenliyin teatra gətirilməsinin üstünlüklərindən bəhs etdi. Dramaturji məhsulu qüvvətləndirən rəssam işinin çağdaş teatrda möhkəmləndirilməsinin vacibliyindən söz açdı.
“Piano-pianissimo” teatrının rəhbəri Peter Paxl (Almaniya) “Erkən maysterzingerlərin tanınması və onların Vaqner davamçılarının komik operalarına təsiri” mövzusunda maraqlı məruzə ilə çıxış etdi.
Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jak Trüdo (Kanada) rəhbərlik etdiyi qurum, onun funksiyaları və bu günədək gördüyü işlərə qısa nəzər saldı. Onun sözlərinə görə, təşkilat demək olar ki, dünyanın əksər iri kukla teatrlarını bir araya gətirməyə nail olub və sıralarında 98 ölkədən minlərlə kuklaçını birləşdirir. İnternetin insanların həyatına güclü nüfuz etdiyi bu dövrdə hər il yeni-yeni kukla teatrları festivalı ənənəsinin yaradıldığını və Azərbaycanın da bu festivallardan birini uğurla gerçəkləşdirdiyini deyən baş katib bu prosesi müsbət hal kimi qiymətləndirdi.
İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Mais Nuriyev öz fəaliyyətlərindən söz açdı, ölkəmizdən uzaqlarda mədəniyyətimizin təbliği istiqamətində gördükləri işləri diqqətə çatdırdı.
Qazaxıstan Milli İncəsənət Akademiyası teatr tarixi və nəzəriyyəsi şöbəsinin rəhbəri Saniyə Kabdiyeva teatr təhsili, yeni sənət cərəyanlarının gənclərdə təzahürü, onların özünü realizə imkanları ilə təmin olunmasını, sənət sərbəstliyinin verilməsinin vacibliyini önə çəkməsi iştirakçılar tərəfindən maraqla qarşılandı. O, milli mental xüsusiyyətlərin bu anlamda teatrın inkişafına, yeni meyllərlə cilalanmasına mane olduğunu vurğuladı və bundan çıxış yolunu müasir, istedadlı və vacib mövzuları əks etdirən dramaturji nümunələrin səhnəyə yol tapmasında gördüyünü bildirdi.
Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi (CAR) isə teatrın bəşəri dəyərlər kontekstində öz yerini hələ də qoruyub saxlaya biləcəyinə inamını ifadə etdi.

Hər bir ölkənin özünəməxsusluğunu itirmədən qloballaşmaya qoşulmaq imkanı var

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais (Kanada) “İtirilmiş teatrallıq” mövzulu çıxışında dünyada teatr festivalları, onlara maraq, yenilikçi ideyalı insanların teatrdan gözləntilərindən danışdı. Qeyd etdi ki, XXI əsrdə ortaya çıxan yeni reallığa bəzən üçüncü reallıq da deyirlər. Bu, bir növ teatr dilinə rəqəmsal tərcümə imkanları olan kiber dünyadır. Bu reallıq özü ilə teatr dünyasına multimedia, rəqəmsal instalyasiya gətirib. Müasir teatr zamanın diktə etdiyi mövzulara müraciət edir. Bu sıraya müharibələr, qeyri-sabit həyat, təhtəlşüurda saxlanılan niyyətlər, arzular, gizli əməllər və eyiblər, gender bərabərliyi və digər mövzular aiddir. Hər hansı ölkənin özünəməxsusluğunu itirmədən qloballaşma prosesinə qoşula bilməsinə imkan yaradan komponentlər mövcuddur. Ən yaxşı olanı özünə hopdurmaq və özündə olanı digərlərinə göstərməyə, verməyə hazır olmaq, hamıya münasibətdə açıq olmaq, hər kəsə anlaşıqlı ola biləcək ortaq və qlobal məsələləri tapmaq və onu ifadə etmək bacarığı vacib şərtlərdəndir.
Yunanıstan Dövlət Teatrının bədii rəhbəri Sotiris Çatzakis isə mənsub olduğu xalqın qədim və zəngin teatr ənənələrindən danışdı. “Müasir multikulturalizm, mədəniyyətlərarası layihələr, təşəbbüslər və ortaq məhsul istehsalının aktual problemləri və imkanları” mövzusunda çıxışının davamında o, birgə layihələrlə teatrın inkişafına nail olmanın mümkünlüyünü əsaslandırdı.
Çıxışlarda qloballaşan dünyada teatrın vacibliyindən bu sənətin əsas vəzifələrinə, yalnız festivallarla teatrın populyar mədəni məhsul kimi təqdimatının artıq köhnəlməsinədək maraqlı, yeni və bir o qədər də problemli məqamların səslənməsi iclas iştirakçılarının marağına səbəb oldu. Yeni dünyanın teatrının yeni tələbləri bir daha mütəxəssislərin dilindən səsləndi, bu sahədə müasir çağırışlarla cavab vermək üçün fəal hərəkət zamanının yetişdiyi vurğulandı.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar