Xalq artisti Şəfiqə Məmmədovanın Hüseyn Cavidin «Xəyyam» faciəsində oynadığı Sevda rolu haqqında düşüncələr
Hüseyn Cavidin 1934-cü ildə tamamlanmış «Xəyyam» mənzum faciəsi 1935-ci ildə dram əsərlərinin müsabiqəsində üçüncü mükafat alsa da, uzun illər səhnəyə qoyulmayıb. Bu əsər milli teatr tariximizdə cəmi bir dəfə, 1970-ci il mart ayının 12-də Milli Dram Teatrında tamaşaya hazırlanıb. Quruluşçu rejissor Mehdi Məmmədov, rejissorlar Məmmədkamal Kazımov və Pərviz Cəfərov, rəssam Elçin Aslanov, bəstəkar Cahangir Cahangirov, rəqslərin quruluşçusu Ella Almazova olub.
Mehdi Məmmədov pyes üzərində uzun müddət işləmiş, bəzi epizodları çıxarmış, Osmanlı türkcəsində bir sıra çətin anlaşılan sözləri Azərbaycan türkcəsi ilə əvəzləmişdi, əsəri səhnə üçün məharətlə işləmişdi. Nəticədə pyesin hadisələr dinamizmi artmış, konfliktin ictimai-siyasi, sosial-psixoloji mahiyyətinin fəlsəfi dərinliyi güclənmişdi. Onun quruluşu romantik-fəlsəfi janrda hazırlanmış möhtəşəm monumental tamaşa idi.
Pyesdə mürəkkəb sözlər, Osmanlı ibarələri nə qədər dəyişdirilsə də, yenə qalmışdı. Buna görə də Mehdi Məmmədov məşqlərdən əlavə xüsusi oxunuş saatları keçirirdi. Orada hər kəlmənin məna və fikir tutumunu, Xəyyamın tamaşada səslənən rübailərinin mənasını təhlil edirdi. Həmin məşğələlərin aktyorlara böyük köməyi oldu və tamaşada ifaçıların səhnə danışıqları daha da cilalandı. Səhnədə əsl Cavid poeziyasının ruhu vardı.
«Xəyyam» Mehdi Məmmədovun teatra qayıdışından sonra ikinci rejissor işi idi. O, tamaşada şəbih və meydan teatrı elementlərindən istifadə etmişdi. «Xəyyam» son illərdə faciə janrında işlənmiş füsunkar tamaşalardan idi.
Şəfiqə Məmmədova «Xəyyam» faciəsində lirik təbiətli, məsum qəlbli Sevda rolunu ifa edirdi. Onun əsas yöndaşları Xəyyam rolunda Mehdi Məmmədov və Həsən Turabov idi. Sevda Xəyyamın sevgilisidir. Tənqid Sevda rolunu aktrisanın yeni sənət qələbəsi kimi dəyərləndirərək yazırdı: «Məsum təbiətə malik Sevdanın xəfif təbəssümləri, iztirabları Şəfiqə Məmmədovanın ifasında yüksək emosionallıqla və təbiiliklə ifadə olunur» («Ədəbiyyat və incəsənət», 11 aprel 1970).
İlk səhnələrdə Sevda hələ Xəyyamla əyani tanış deyil, hətta Sabbahla onu səhv salır. Lakin Xəyyamın rübailərinin vurğunudur, qəlbində şairə ülvi duyğular baş qaldırıb. Şairin müdrik, nəsihətamiz rübailərinin ruhu, müdrikliyi, həyat eşqi Sevdanın qəlbinə hakim kəsilib. Sevdanın qəlbi şairə məhəbbət eşqi ilə alışıb yanır və onu bir kimsə söndürmək gücündə deyil.
Söylədiyim bu fikirlər Şəfiqə xanımın çılğın, ehtiraslı oyunundan hiss olunurdu. Aktrisa ona da vurğu vururdu ki, Sevdanın Xəyyama sevgisi şöhrətdən doğan məhəbbət deyil. Bu məhəbbət ruhi yaxınlığın, mənəvi bağlılığın bəhəridir. Şəfiqə xanımın lap ilkin təqdimatından bilirik ki, Sevda müəyyən mədrəsə təhsili almış azadfikirli, həyat eşqli, şair ruhlu xanımdır. Şərq poeziyasına, ilk növbədə Xəyyamın yaradıcılığına heyrandır, söz sənətinin məftunudur.
Sevdanın ilk səhnələrdən belə təqdimi onun Xəyyamla mürəkkəb həyat hadisələri haqqında söhbətlərinə inam körpüsü yaradırdı. Xəyyam məsləkdaşları Xərabati (Muxtar Avşarov və Sadıq Hüseynov) və Rəmzi (Həsən Məmmədov) ilə söhbətlərində, şərab məclislərindəki deyişmələrində filosof kimi daha çox yadda qalırdı. Sevda ilə bağlı epizodlarda Şəfiqə xanımın emosional cazibədarlığı, coşqun ehtirası Xəyyama və bu rolun ifaçılarına da psixoloji təsir bağışlayırdı.
Xəyyamla ilk üzləşmədə Sevdanın onunla dialoqu yoxdur. Lakin Xəyyam Sevdanı görüb şeirlə ona heyranlığını, məftunluğunu bildirir. Xəyyamın Haciblə (Hamlet Qurbanov) çox qısa dialoqu var. Sonra Xəyyam Sevdaya xitabən deyir:
Gəldin də, neçin pənbə buludlar kimi axdın.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kimi çaxdın da, neçin könlümü yaxdın.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sevda həmin dialoqu dinləyə-dinləyə meydanı fırlanır, Xəyyamın öz dilindən bu şeirini eşidə-eşidə səhnədən çıxır. Bu epizodda Şəfiqə Məmmədovanın parlaq gözləri məşəl kimi yanırdı. O, kəklik kimi səkərək səhnədə cövlan edir və hayana getsə də, nəzərləri fırlanıb Xəyyamın simasında qərarlaşırdı.
Şəfiqə xanım gah yandan, gah düzünə, gah da başını fırladaraq çiyinləri üstündən ülkər nəzərlərlə Xəyyama baxırdı. Aktrisanın çöhrəsindən nur yağırdı, hərəkətlərində əruz vəznində oxunan məhəbbət nəğməsinin ruhu, gücü vardı. O, hərəkət monoloqu ilə elə bil Sevdanın daxili həyəcanlarını, şairə məftunluğunu, eşqin qanadlarında səmada süzməsini bəyan edirdi. Onun plastikasının zərifliyi tamaşaçıları heyran qoyurdu. Bir kəlmə söz işlətmədən sanki bir dünya söz söyləyirdi. Ən maraqlısı isə o idi ki, Şəfiqə xanım Sevdanın bu ovqatının ruhunu, bu sevincinin poetikliyini, bu baxışlarının ülviyyətini bütün tamaşa boyu qoruyub saxlayırdı.
Nadir istedad sahibi olan Şəfiqə Məmmədova milli xalq oyun-tamaşalarından gələn «hərəkət dialoquna» və «hərəkət monoloquna» əsaslanan ifa tərzinin estetik prinsiplərindən şövqnən istifadə edirdi. Aktrisa bunun nəzəri prinsiplərini öyrənməmişdi, ancaq coşqun, ilahi ehtirasla, şövqi-təbii onun mahiyyətini duyurdu. Oynadığı obrazın müəyyən və çox dəqiq psixoloji ovqatını hərəkətlər toplusunda «söyləyə», canlandıra bilirdi. Özü də aktrisa ildən-ilə formalaşan bu oyun fəndindən səhnəyə gəldiyi ilk vaxtlardan istifadə edirdi.
Aktrisa qaş-göz oyununda əvəzsiz idi. Xüsusən Maşa, Sevda, Nurcan kimi sevən qadın obrazlarında onun qaş-göz oynatmasının məlahəti, cazibəsi, hərəkətlərinin hüsnündəki poetik zəriflik məftunedici idi.
«Xəyyam» tamaşasında əvvəldən axıra kimi Sevda Xəyyamın fəzilətinə, qüdrətinə və cəsarətinə səcdə qılır, məhz bu mənəvi keyfiyyətləri məhəbbətinin ruhuna, mayasına hopdururdu. Şəfiqə xanımın Sevdası cəmiyyətdə bütün hakimlərin fövqündə duran idrak sahibi Xəyyamı sevir, onun eşqinə tapınır. Hətta rəmzi mənada qəbir evində də rahatlıq tapmayaraq Xəyyamın həsrətilə qıvrılır. Şəfiqə xanım Sevdanın sevgisinin əsasını bu müdrik keyfiyyətlərin vəhdətində oynayırdı. Söylədiyim fikrin bədii təcəssümü Sevdanın hərəkət xəttindən qırmızı şırımla keçirdi.
Tamaşada Sevdanın gözəl nəğmələri (bəstəkar Cahangir Cahangirov) vardı. Onlardan ən şəni, ruhoxşayanı və Xəyyamın həyat tərzinə daha çox uyuşanı bu idi:
Badə gözəldir, məzə, həp naz ola!
Saqiyə dilbaz ola, tənnaz ola!
Gül sarılıb bülbülə, bülbül gülə,
Ney coşaraq onlara dəmsaz ola!
Sevda bunu Xəyyamın, Vəfanın (Safurə İbrahimova), Səfanın (Zabilə Sadıqova və Əminə Yusifqızı) və Xərabatinin hüzurunda, daha doğrusu, onlarla bir məclisdə oxuyur. Əvvala, bir daha təkrar edirəm ki, Şəfiqə Məmmədova musiqili komediya fakültəsini bitirib və onun şaqraq, qəltanlı və ecazkar çalarlı səsi var. Aktrisa Sevdanın nəğməsini poetik lirizmlə, munisliklə, ancaq ürəkləri titrədən şaqraqlıqla oxuyurdu. Şəfiqə xanım bu səhnədə mahnını hərəkətdə ifa edirdi, lakin hara fırlansa da sözləri birbaşa Xəyyama deyirdi.
Bu səhnədə aktrisanın Xəyyama nazlı baxışları özü bir nəğmə idi.
Aktrisanın səhnədə gəzişməsi gözəl rəqs təsiri bağışlayırdı.
Şəfiqə xanımın rəqsində və mahnısında cilvələnən səadət, sevinc, eşq yağışının füsunkarlığı Sevdaya ilahi məlaikə hüsnü verirdi.
Mehdi Məmmədov öz oyununda daha çox filosof Xəyyama üstünlük verirdi. Həsən Turabov isə həyat eşqli, sevən qəlbli müdrik şair Xəyyamı oynayırdı. Şəfiqə Məmmədova həm Mehdi müəllimin ləngərli ritmini həssaslıqla tutub özü də həmin ahəngdə, ancaq emosional ehtirasla oynayırdı. Həm də Həsən Turabovun qaynar təbiətli Xəyyamının ürək və məslək sirdaşı kimi psixoloji-romantik ifadə vasitələrindən istifadə edirdi.
Aktrisanın oyununun əsas ruhunu şairanə-romantik pafos təşkil edirdi. Bu ruhda incə kövrəklik, zərif emosionallıq vardı və belə bir təfsirdə Sevdanın şair-mütəfəkkir Xəyyama olan sevgisi, sədaqəti və ehtiramı daha poetik təsir bağışlayırdı. Şəfiqənin Sevdası Xəyyama sevgisində əzab-əziyyətlərə qatlaşan, şairin dərin kədərinə şərik olmağa çalışan, məlahəti və cazibədarlığı, daxili enerjisi və ecazkar nəğmələri ilə Xəyyamın əzablı mənəvi yaralarına məlhəm olmağı bacaran, həqiqətə sadiq sevgilidir.
Reallıqda belə hallar olur ki, aktyor və ya aktrisa hansısa tamaşada canı-dildən oynayır, obrazın bütün rəngləri yerli-yerindədir, səhnədə artıq bir hərəkət edilmir... Amma və di gəl ki, təqdim olunan obraz sanki cansızdır, soyuqdur, qurudur, ürəklərə dərindən dərinə sirayət edə, qəlbləri titrədib riqqətə gətirə bilmir.
Şəfiqə xanımın Sevdasında atəşin qaynarlıq, ehtiraslı hərarət, cazibəli canlılıq, lakonik emosianal təsir gücü vardı.
Şəfiqə xanımın Sevdası canlıydı, lətafətliydi, füsunkarıydı, şairanəydi.
Şəfiqə xanımın Sevdası həm səhnədə XI əsri təmsil edən bədii personajlarla, həm də salonda əyləşmiş XX əsrin onunla çağdaş tamaşaçıları ilə səmimi, lirik təmasdaydı.
Şəfiqənin Sevdası Xəyyamla ülfətində ruhən səmada dolaşır, ancaq onun başı bu məhəbbət nəşəsindən gicəllənmir. Alman filosofu Artur Şopenhauerin təbirincə desəm, Sevda sövq-təbii hiss edir ki, «bəşəriyyəti mahiyyətcə ağıllandırmaq üçün poeziya çox şey verir».
Əminəm ki, Şəfiqə xanım Sevdanı oynayanda nə bəşəriyyət, nə Şopenhaur barədə düşünməyib. Amma və di gəl ki, mənim qənaətim yüzdə yüz aktrisanın oyununun fəlsəfi dərinliyindən qaynaqlanır, qətiyyətlə daxili inam yaradır.
Şəfiqənin Sevdası Xəyyama sevgisində əzab-əziyyətlərə qatlaşan, şairin dərin kədərinə şərik olmağa çalışan, məlahəti və cazibədarlığı, daxili enerjisi və ecazkar nəğmələri ilə Xəyyamın əzablı mənəvi yaralarına məlhəm olmağı bacaran, həqiqətə sadiq sevgilidir.
Aktrisanın oyununun əsas ruhunu şairanə-romantik pafos təşkil edirdi. Bu ruhda incə kövrəklik, zərif emosionallıq vardı və belə bir təfsirdə Sevdanın şair-mütəfəkkir Xəyyama olan sevgisi, sədaqəti və ehtiramı daha poetik təsir bağışlayırdı.
Hüseyn Cavid mənzum faciəsinin mövzusunu tarixdən almışdır. Bu öz yerində. Sənətkarın qüdrəti orasındadır ki, müqəddəs yaradıcılıq həqiqətinə söykənmişdir: ədəbiyyat tarixi salnamə yazmır, tarixin ictimai-sosial gərdişinə, mənəvi-əxlaqi dəyərlərinə bədii don biçir.
Alman filosofu Bryeziq Kurta görə, tarix pilləvarı şəkildə, müəyyən mərhələlərlə dövran edir. Bununla belə, tarixin yaradıcı gücü ayrı-ayrı qüdrətli şəxslərin fəaliyyətindən də asılıdır. «Xəyyam» tamaşası dolayı ideya təqdimində, lakin həssaslıqla bunu təsdiqləyirdi. Tamaşanın ideya gücü bir də ona söykənirdi ki, Xəyyam öz dövründə, yaşadığı məkan və zaman daxilində ədəbiyyat, şeir-sənət, həm də müdriklik, təfəkkür işığı ilə tarixin təkamüllü inkişafına təkan verdi.
Bu fikir birinci planda Xəyyamın monoloqlarında, Xərabati və Rəmzi ilə dialoqlarında dramatik kəskinliklə səhnə təcəssümü tapırdı. İkinci planda, yəni Xəyyam və Sevda epizodlarında tarixin, dövrün, məkanın və zamanın əsl siması, iç üzü emosional lirizmlə, ancaq fəci fikir yükü ilə canlandırılırdı. Simvolik anlamda eşqin ülviyyəti, məhəbbətin poeziyası fikrini təmsil edən Sevdanın təkcə özü deyil, poetik ruh kimi ümumiləşdirilən obrazı da tarixin gərdişində mühüm rol oynayırdı. Onun ölümü əslində tarixə bir ittiham kimi səslənirdi. Xəyyamın Sevdanın teyfi ilə dialoqlarının fəlsəfi dərinliyini, şairin dövrana mənəvi üsyanının mahiyyətini həmin fikir istiqamətləndirirdi.
Şəfiqə xanımın Sevdası çox şeyi, hətta sonda həyatını da itirir. Lakin ülvi məhəbbət işığında parlayan, eşqinin ülviyyətinə, müdrikliyin cazibəsinə tapınan Sevda öz üzərindəki hakimliyi, hisslərinin müqəddəsliyini itirmir. Əksinə, bütün məqamlarda bu mənəvi keyfiyyətləri ləyaqətlə qoruyub hifz edir. İnsanlıq yayları boşalıb tarımlığını itirdiyi cəmiyyətdə Sevdaların fiziki məhvi, nə qədər acınacaqlı olsa da, labüddür. Tamaşanın rejissoru və Şəfiqə Məmmədova bu labüdlüyü həm ictimai-sosial kəsərlə, həm də poetik lirizmlə göstərməyə müvəffəq olmuşdular. Həm Xəyyam, həm də Sevda tamaşada mütiliyə aparan “kütlə psixologiyası”ndan yüksəkdə dururlar, məhrumiyyətlərin əbədiliyinə boyun əymək istəmirlər. Onlar hər cür iztirablarla üzləşirlər, lakin heç bir məqamda taleyə müticəsinə boyun əymirlər. Əzabın əbədi olmaması üçün mənən hayqırırlar. Buna görə də mənəvi paklıqlarına görə insanlığın zirvəsində qəbul olunurlar.
Şəfiqə xanımın ruhi azadlığında iztirablar topuqdan, inamlı ümidlər boydandır. Fransız yazıçısı və filosofu Alber Kamyunun fikrincə, əzablı həqiqət yalnız dərk edilib qəbul olunanda əriyib puça çıxır. Sevda müdrikliklə yox, mənəvi azadlığı ilə əzabların işgəncəli iztirablarından çox-çox yüksəkdə durur. Buna görə də Xəyyama olan məhəbbəti hər şeydən ucadır.
Quruluşçu rejissor və rolun ifaçısı Sevdanın ölümünü Xəyyamın fərdi faciəsi anlamından çıxararaq ona sərt ictimai fikir yükü aşılamışdılar. Tamaşada despotizmin cəzasız qalması, cəmiyyət üçün faciəyə çevrilməsi tədricən, əsərin sonunda bu məhvedici reallığa laqeyd qalan çoxluğun təqsiri və günahı kimi səciyyələnirdi. Belə bir səhnə fikri tamaşaçı salonunu emosional və idraki fəallığa səsləyirdi. Deməli, «Xəyyam» tamaşası əsərin müasirlik nöqtəsinin hərəkətverici mərkəzi gücünü dəqiq müəyyənləşdirmişdi.
Şəfiqə Məmmədovanın aktrisa kimi «məni»nin səhnə təqdimi və təsdiqi üçün onlarca variasiyası var. O, tamaşanın estetikasından və obrazın xarakterindən çıxış edərək hər dəfə bu «məni» lakonik, estetik baxımdan bitkin, oyun-rəsm estetikası yanaşmasından ifadəli, məzmunca dolğun, rəng-çalarca al-əlvan şəkildə reallaşdıra bilirdi. Onun ifa etdiyi Gertruda, Maşa, Anjel, Gültəkin... o cümlədən də Sevda məhz Şəfiqə Məmmədovanın «məni»nin bədii məhsulları idi: bütün ifadə vasitələrinin bənzərsizliyi və təkrarsızlığı ilə. Bu obrazlarda səhnədə «göstərmə», «dəyişmə», «oyun», «yaşama», «sirli görünmə» bacarıqları hamısı fövqəladə istedad çeşməsindən mənbə götürürdü.
Filosoflar dönə-dönə təsdiqləyiblər ki, hər bir insanın cəmiyyət davranışlarının sosial və əxlaq qatlarından əlavə özünün fərdi dünyası, fərdi mifi, fərdi ayin prinsipləri, həyata fərdi yanaşma qanunları, ölçüləri var. Səhnədə bu ölçülər sənətin sərt qanun və ölçüləri ilə əvəzlənir və ümumiləşdirilərək fərddən çoxluğa (yəni kütləyə, tamaşaçılara) təsir etmək gücü qazanır. Səhnə sənətinin bir özəlliyi də, məncə, elə bundadır.
Bilmirəm, Şəfiqə xanım buna bilərəkdən, duyaraqdan, şüurla, elmi-psixoloji dürüstlüklə əməl edirdi, yoxsa sövqi-təbii, ruhi duyğuyla, vəhlə. Bəlkə də bunu dəqiq cavablandırmaq o qədər də önəmli deyil. Vacib və heyrətamiz olanı odur ki, aktrisa həmin obraza yanaşma qanunlarını reallıqla, yüksək estetik peşəkarlıqla canlandırırdı. Biz Sevda rolunda bunun bir daha əyani səhnə təcəssümünü görürdük.
Şəfiqə Məmmədovanın oyun prinsipində və özünün fərdi üslubunda belə bir estetik fənd var: «burada və indiki zamanda». Yəni səhnədə hər nə görürsünüzsə o keçmişə aid olsa da, indiki zamanda, müasir cəmiyyətimizdə qiymətləndirilməli, müəyyən estetik qənaətə gəlinməlidir. Tarixi reallıq və sənət paralel çeviklikdə tamaşaçı şüuruna təsir etməlidir. Aktrisa bu fənd-prinsiplə obrazın emosional təsir gücünü artırır, onun müasirliyini təminatlandırır və personajın daşıdığı ideya yükünün tamaşaçının şüuruna yeridilməsinə, səhnədəki və salondakı zaman-məkan xronotopunun ahəngdar, vəhdətdə qavranılmasına çalışırdı...
(Bir daha yazıqlar olsun ki, mən keçmiş zamanda danışıram, çünki aktrisa daha səhnəyə çıxmır...).
...Çalışırdı... Bununla da tamaşaçı salonunu tarixi hadisələr zəminində olayları müasir emosional duyğularla qarşılamağa, qarşılayıb qəbul etməyə, qəbul edib idraki nəticə çıxarmağa təhrikləyirdi.
Belə yanaşma tərzində Sevda da, Xəyyam da... bizim müasirlərimizdir və onların XI əsrdəki talelərinin cəmiyyət və şəxsiyyət, amal və onun uğrunda mübarizlik, eşqin ülvi saflığı problemləri mehvərindəki davranış və qənaətləri çağdaşdır.
Belə qavramada tamaşaçının emosiyası və təfəkkürü hadisələri vəhdətdə qavrayırdı. Tamaşaçı səhnədəki hadisələrə müdaxilə etmir, lakin onları emosional həssaslıqla izləyir və daxilən, ruhən hadisələrin içində «yaşayırdı».
Şəfiqə xanım Sevda rolunda o dərəcədə sərbəst idi ki, hərdən adama elə gəlirdi onun səhnə məsuliyyəti yoxdur. Amma və di gəl ki, hansısa epizodun hərarətli təsir gücünü, fəlsəfi dərinliyini, psixoloji məzmununu hiss edib qavrayanda görürdün ki, bu «məsuliyyətsizlikdə» güclü sənətkar intuisiyası var. İntuisiyanın söykənc yeri isə aktrisanın aşıb-daşan, adi məcralara sığmayan ehtiraslı istedadıdır.
Şəfiqə xanım səhnəni təkcə gözləri ilə görmürdü. O, bütün bədəni ilə səhnəni və səhnədəki hadisələri görüb izləməyi, duyğusal mənəvi-psixoloji dəyişiklik keçirməyi bacarırdı. Hətta rejissor mizanının tələbinə əsaslanaraq arxası yöndaşlarına tərəf olanda belə kürəyi ilə bütün vəziyyəti «görür», duyur, daxilən yaşayır, hiss və emosiyalarını dəqiq, ifadəli şəkildə istiqamətləndirə bilirdi.
Teatr təcrübəsində belə bir estetik həqiqət var: əgər rejissorun yaradıcılıq qayəsi və öz ideyalarını həyata keçirmək prinsipləri hansısa aktyorun istedadının və səhnə fəaliyyəti təfəkkürünün ölçülərinə, ifadə gücünə uyğun gəlirsə, onların müştərək işi bəhrə verəcək. Eləcə də iki aktyorun istedadının estetik prinsipləri uyğun gəlirsə, sənət qələbəsi labüddür.
Mənim fikrimcə, Şəfiqə xanımın yaradıcılıq imkanlarının estetik, fəlsəfi və emosional ölçüləri rejissorlardan Mehdi Məmmədovla və Tofiq Kazımovla, aktyorlardan Həsən Turabovla və Səməndər Rzayevlə tamamilə üst-üstə düşürdü. Elə həmin vəhdətin, uyarlığın nəticəsi idi ki, Sevda obrazının səhnə həlli bu dərəcədə heyrət doğururdu, sevilirdi.
Şəfiqə xanımın Sevdasında xeyirxah idealların təntənəsinə inam güclü idi. Bu güc obrazın həyat eşqinin vüsətini ucaldırdı. Digər tərəfdən, xarakterin leytmotivi kimi səciyyələnirdi.
Şəfiqə xanımın Sevdasının rəqslərindəki elastik zəriflik valehediciliyi və obrazın ovqatının psixoloji dərinliyinə nüfuz etməsi özü romantik-poetik lövhə təsiri bağışlayırdı. Aktrisanın oyunu tamaşa içində tamaşa ovqatı doğururdu. O, Sevdanın romantik ruhunu xüsusi ehtirasla oynayırdı. Elə həmin ehtirasla da tamaşaçıları daim öz cazibəsində saxlaya bilirdi. Onun romantik teatr estetikasına çulğaşan ifadə vasitələrində lirik realizm çalarları da gözoxşayan idi.
Sevdanın dramaturji mətni əsas qəhrəman kimi o qədər də böyük deyil. Amma və di gəl ki, sözdən çox hərəkət, plastika, göz-qaş ilə oynayan Şəfiqə xanım səhnəyə nəfəs genişliyi verirdi. Onun oyununda riqqət doğuran şəfqət vardı, hərəkətlərinin məzmununda Sevdanın ləyaqət və vüqarının əlamətlərinin ecazkarlıqla təqdimi heyranlıq doğururdu.
Şəfiqə xanım romantik ruhlu Sevdanın qəlb kövrəkliyinin reallığını də tamaşaçılara çatdırmağı unutmurdu. Sevdanın sevgisinin kövrəkliyində xarakterinin bütövlüyü, qürurunun əyilməzliyi, ləyaqətinin ucalığı, arzularının gücü-qüvvəti, inamının dözümü «gizlənmişdi». Bu «gizliliyə» ülfət və səmimiyyət hakim idi.
Müəyyən anlarda Şəfiqə xanımın Sevdası yer adamı deyil, sanki bütün məsumluğu ilə göylə yer arasında ilahi bir məxluqdur.
Əzəmətli və vüqarlı ilahi məxluq!..
İlham Rəhimli