Dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası səhnəyə qədəm qoyduğu gündən bu günə kimi öz orijinallığı, aktuallığı ilə tamaşaçı marağını, sevgisini qoruyub-saxlaya bilmişdir. XIX əsrin sonu - XX əsrin əvvəlində Azərbaycan həyatının, məişətinin qüsurlarını ifşa edən əsərdə insanın mənəvi azadlığı və ləyaqəti uğrunda mücadilə aparan yeni nəslin mübarizliyi ön plana çıxır.

Ümummilli lider Heydər Əliyev bu əsər barədə demişdir: “...Bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyli “Məşədi İbad” operettasını yaradıbdır. İnsanların demək olar ki, əksəriyyəti indiyə qədər hesab edirlər ki, “Məşədi İbad” operettası komediyadır, insanlar gəlib baxsınlar, istirahət etsinlər. Ancaq bu, bir tərəfdən komediyadır, digər tərəfdən əgər bu əsəri dərindən təhlil etsən aydın olar ki, bir tərəfdən, o dövrdə cəmiyyətdə gedən proseslər, ikinci tərəfdən də nöqsanlar, çatışmazlıqlar göstərilibdir”.
Bəli, Üzeyir bəy öz komediyalarında ən kiçicik nüansı belə yüngül gülüş olaraq deyil, cəmiyyətin xeyrinə nəticə çıxarılacağını düşünüb etmişdir.
Xalq artisti Cənnət Səlimovanın quruluşçu rejissorluğu ilə “O olmasın, bu olsun” operettası Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində növbəti dəfə tamaşaya qoyulub. Orta və gənc aktyor nəslini bir araya gətirən tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, xormeysteri Vaqif Məstanov, baletmeysterləri Zakir və Leyla Ağayevlər, rəssamı İsmayıl Məmmədov, konsertmeysteri Zülfiyyə Sadıqovadır.
Sevindirici haldır ki, teatr səhnəsində Üzeyir bəyin əsərlərində rol almağa layiq gənc aktyorlar yetişir. Məsələn, Sərvərin bir gənc kimi öz sevgisində mübarizliyi, mərdliyi gənc müğənni və ilk dəfə aktyor kimi səhnəyə çıxan Amil Məmmədovun ifasında dəqiqliyi ilə tamaşaçıya çatdırılır. Həmçinin Gülnaz rolunda çıxış edən Səidə Şərifəliyeva və Gültac Əlili də obrazın öhdəsindən uğurla gəliblər. Aktyor ifasından danışarkən, Xalq artisti Afaq Bəşirqızının (Sənəm), əməkdar artistlər Ələkbər Əliyevin (Rüstəm bəy), Əzizağa Əzizovun (Qoçu Əsgər), Əkbər Əlizadənin (İntelligent Həsən), Ağaxan Şərifovun (Hambal) və Şövqü Hüseynovun (Məşədi İbad) çıxışlarını qeyd etməmək mümkün deyil. Hər bir səhnə əsərində uğurlu aktyor seçiminin nəticəsi tamaşaçı alqışında özünü büruzə verir.
Tamaşada bəzi əlavə və yaxud dəyişikliyin olması onun uğuruna xələl gətirmir, lakin Üzeyir bəyin əsərlərində əlavələrə və dəyişikliklərə ehtiyac duyulmur. Təbii ki, rejissorun da, aktyorun da fərdi yanaşması olmalıdır, ancaq Üzeyir bəyin irsinə - əsərlərinə daha həssas və ehtiyatla yanaşmalıyıq. Bəzən dəyişikliklər obrazın xarakterinə təsir edə biləcək qədər əhəmiyyətli ola bilir. Burada nə rejissorun işi, nə də aktyorların ifası danılır. Əksinə, rejissorun tələbkarlığı, aktyorların öz işinə olduqca zəhmət və həvəslə yanaşdıqları aydın görünür. Sadəcə olaraq bu kiçik dəyişikliklərin gələcək nəsillərin böyük müdaxiləsinə səbəb olmaması üçün biz bunu qeyd etməliyik. Çünki bizim borcumuz Üzeyir bəy yaradıcılığını gələcək nəsillərə olduğu kimi çatdırmaqdır. İnanırıq ki, uğurlu və baxımlı alınan tamaşa daim teatrın səhnəsində oynanılacaq.

Aytən Heydərova,
Üzeyir Hacıbəylinin ev-muzeyinin baş mühafizi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar