Ümidin ölmədiyi yer varmı?..

Yəqin var, ya da olmayan bir şeyi var kimi soraqlayırıq. Ümidimizi öldürməmək, ümidsizliyimizdə ölməmək üçün. Özümüzdən qaçmaq, ayrı bir səadətə qovuşmaq, içimizdə doğulan, boğulan, ölən və yenə hər gün dirilən, bizi yaşamağa, dözülməz reallıqlara qonaq edən ümidimizi yenidən tapmaq üçün.

Bu ağır sual-cavabı noyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində elə bir haray, elə bir gerçəkliklə eşitdim ki, qulaqlarımda hələ də bir nida cingildəyir: Heyy, adamlar, gətirin cırıq çuvallarınızı, həyat payınızı verəcəm!..
Azərbaycanda qardaş Türkiyənin mədəniyyət günləri çərçivəsində Ankara Dövlət Teatrının təqdim etdiyi “Nereye” (“Haraya”) adlı tamaşa sonda ölən ümidlər üçün əla seçilmiş şərqi idi. Qəmli və inandırıcı şərqi.
Hüseyn Alp Tahmazın eyniadlı əsəri əsasında səhnə həyatı verilən nümunə tam başqa bir estetikanı - sənətin həyatla iç-içəliyini, daha doğrusu, həyatın səhnədə tam əksini tapmasının gözəl nümayişi idi.
Avropaya qaçaq yolla köçmək üzrə olan bir qrup insan - iraqlı, suriyalı və türk. Hərəsinin öz dərdi, öz arzusu, öz qaçış səbəbi və içində öldürə bilmədiyi bir ümidi var. Getmək, uzaqlaşmaq, “Biz olmayan yerlər daha gözəldir” inamına qapanış. Yolçuluq da azadlığı məhdud məkandan başlayır - qapalı bir yük maşınında. Havasız, üfunətli dörd tərəfi dəmir maşında. Amma gəl gör o maşında arzular haralara qol-qanad açır. Kimi İtaliyada marka dükan açacağını, kimi Almaniyada ticarət quracağını, kimi də İngiltərədə kitabçılıqla uğraşacağını düşünür. Bu barədə bir az sonra.

Səssizcə ayrıldılar

Hə, hadisələr bu qapalı məkanda baş verir. Yoldakıların başına gələn əhvalatlar da bu dar çərçivədən çıxmır. Tragikomik anlara səhnə olan yük maşınında çox şey baş verir. Volkan Özgömeçin quruluşunda təqdim olunan tamaşa əslində bütünlükdə dünya ümidsizlərinin, harada yaşamasından asılı olmayaraq, münaqişə ocaqlarının, müharibə, məhrumiyyət məkanlarının mənzərəsi idi. Müharibədən, aclıqdan qaçan qaçqınların hekayəsi olan “Nereye” ümidə doğru gedən yolun həqiqətləri, onların ortaq taleyidir.
Qovulmuş, inkar edilmiş, yoxluğa məhkum insanların həyat hekayələrinə mövzu olan tamaşada yeganə arzu budur: yeni və yaşana bilən bir həyat, yeni bir tale, qismət yaratmaq. Onlar ümidlərinin əsl üzü və yox edilə bilməyən qorxuları barədə düşünmədən bu məngənədən qurtulacaqları azad səmanı, təmiz havanı, gözəl restoranlarda şam yeməyini, ehtirasla sevişəcəkləri qadınları, əzizləyəcəkləri dəcəl övladlarını, hamını, hər şeyi təsəvvür edirlər.
Sadə, yığcam dekorasiyalı tamaşada ara-sıra qəhrəmanların gözəl xəyallarının puç nəticələri fraqmental olaraq göstərilir. Sonra qısa işıq fasiləsi ilə hamı, hər şey yük maşınına sıxılır. Bütün bu yaşananlar işıq (rəssam Zeynel İşık) və musiqinin (bəstəkar Can Atilla) mükəmməl harmoniyası ilə tamaşanın təsir gücünü əsrarəngiz bir formada artıra bilirdi.
Bu məqamda bir neçə kəlmə də tamaşanın dekor və geyimləri haqda. Dekor üzrə rəssam (Murat Gülməz) real mənzərə ilə istəyinə asanlıqla çatmışdı. Maşının yük yerində - tozlu yeşiklər yığınının arasında yerlə-yeksan insanların mənzərəsini boş qutulara yazılan “export” sözü ilə unikal ifadə etmişdi - heç kimə lazım olmayan insanlar ixrac olunur! Bu mənzərə içində insan taleləri və onların üzgün, əski, geyimləri (geyim rəssamı Özlem Karabay) ilə pərişanlığı dolğun ifadə edilmişdi. Məsələn, daim Allaha dualar edən Hüseyn əbalı-saqqalı bir tipik suriyalıdır. Ankarada təhsil görən və İraqda, sevimli ölkəsindəki kitab qoyub qaçan arxeoloq Əhmədin düymələri qopmuş köynəyi, qırış-qırış şalvarı miskin vəziyyətindən xəbər verir. Onun həyat yoldaşı - qucağındakı qundaqla ümidsizliyə yürüyən Zəhra isə köhnə bir şalla sanki özünü yox etmək, görünməz olmaq istəyirdi. Yüklərin arasında mürgüləyən ac və yorğun ərəblər sanki hər an ölü nəfəsi çəkəcək qədər bitkin, amma tekstilçi, çinlilərin iqtisadi inkişafından gileyli, borcu xirtdəyə dirəndiyindən İtaliyaya qaçan İsmayıl və Cemal müasir görünüşlü, əslində geri düşüncəli, həyata sapına qədər uduzmuş tiplərdir.

Gözlərdə qorxu, çarəsizlik

Musiqi də ayrıca bir söz istəyir əslində. Can Atillanın bəstələdiyi musiqi təməl olaraq qaranlıq bir musiqidir. Zaman-zaman qırılan ümidlərin, çarəsizlik və üsyanın notları var onda. Bu atmosfer üçün elektron və klassik musiqinin formalarını birlikdə istifadə edən bəstəkar bununla da naməlumluğu və gözləntini qapalı bir məkan içərisində verə bilmişdi.
İlk səhnədəncə bütün bu detal yığını bizi qəhrəmanlarla sonradan heç cür dəyişə bilmədiyimiz bir fikirlə tanış etdi: onlar bizdən biri olsa da, biz onlardan biri olmaq istəməyəcək qədər cəsarətsizik...
Tamaşa zalını ağzınadək dolduran seyrçilərə bir sual da verdi: “Əmin-amanlıq içərisində yaşamaq olduğu halda, nədir ki, Allahın verdiyi nemətləri paylaşmamaq? Nəhayətdə hamımız insanıq axı...” Hüseynin (Cebrail Esen) çarəsizliklə, amma həm də yalvarış və inam qığılcımları ilə dediyi bu söz ötkəm, tam-tamına Osmanlı kişisi İsmayılın (Bülent Çiftçi) münasibətini çox gözlətmədi: “Hamımız insanıq, amma bəzi insanlar daha insan nədənsə. Həyat o insanlara həyat. Bizimki isə çuval yarışı sadəcə. O çuval da zatən dəlik-deşik”.

Onların olandan məhrum edilib qoparıldılar köklərindən...

Beləcə oyunçuların oyunu əslində firavan və sakit bir həyat hüququna sahib olmanın, həmçinin ağıl və ürəklə eyniyyətin reallığına olan inamın işartılarını alovlandırmağa cəhd etdi. Bu cəhd bir də yarımçıq arzuların ümidində - iki qızını evinə atılan bombaya qurban verib 4 aylıq uşağını 3 gündür qucağına məhkum edən ananın hayqırtısında qırıldı. Havası daha da ağırlaşan kuzovun sakinləri üfunətin mənbəyini axtaranda Zəhra ana (Esma Çankaya) narahat-narahat uşağını yenə də sakitləşdirməyə, sanki ovutmağa çalışdı. Ta yük maşınının əyləci basılıb uşağın ananın qucağından sıçramasınadək. İsmayılı ehtiyatla körpəyə - son yolun son ümidinə toxunur, bəbək səssizdir. Hüseyn “Ya bu tifilə dua oxuyaq” deyərkən İsmayıl “vay-vay” deyə haray qoparır, iki qızını bombalara fəda edən Əhməd çarəsiz hıçqırır, İtaliyada “Camaliço” adlı marka yaratmaqla insanları gözəlləşdirəcək geyimlər yaradacağını arzu edən Cemal (Şevki Cepa) isə qorxu və həyəcanla özünü maşının dəmirlərinə çırpır.
Ana fəryad qopararkən əl-ayağını, saç-başını, üz-gözünü, öz-sözünü yox, ruhunu unudur, itirir, döyəcləyir, silkələyir, şillələyir. Bax Zəhra da itkisini bir neçə saniyədə belə ifadə edir və hər şey - ümidsizlərin ümidi itir, yox olur. Daha doğrusu ölür...

Kaş bu yer üzünü paylaşa bilək...

Yol sonradan bitir. Onları maşını yoxlamaq istəyən yol polisinə (Celal Murat Usanmaz) “Üfunət qoxuyurlar, baxmayın, Avropadan gətirilən cins inəklərdir, soyuq olar” deyə təqdim edən sürücü (Turqut Alkaçır) onları gəmiyə yetirir. Biz bunu ara səhnələrdəki qırıq xatirələr və tam gerçəkləşməyən arzuların məqamlarında görürük.
Məsələn, Əhməd Zəhrası ilə İngiltərənin rütubətli məhəllələrindən birində küçədə kitab satır, İtaliyada milyonçu olacağını xəyal edən İsmayıl səfil kimi dolaşır, marka geyimlər istehsalçılığı arzusu ilə xəyalları suya düşən Cemal qadın tacirliyi edir, Hüseyn isə... deyəsən onların ən bədbəxti elə odur. Qismətindən, izindəki ölümdən qurtula bilmir. Almaniyada özünə güzəran quran Hüseyn, nəhayət, tale dostlarını, yol yoldaşlarını görmək üçün bu dəfə də İngiltərəyə gəlir. Əhmədə qonaq olmaq, dərdləşmək üçün. Amma saqqalı, adı, geyimi, ərəbliyi, müsəlmanlığı onu ölümə sürüklədir. Polisin bağırtılarına “Ya dostum, əfv edin, nə bomba, mən Hüseynəm, bax, o küçədə yaşayan dostumgilə qonaq gəlmişəm”, - deyir. Anlamayan polisə izah və özünə kömək üçün “Ahmad” deyə uzun, hər kəsin eşidəcəyi nida ilə qışqırır. Sonda əsəbləri dözməyərək “Yahu, no bomba” deyib çırpınarkən üç atəşlə yerə sərilir...

Mavi göyün altında son nəfəsimizi verə bilsəydik...

Al bu da sənə Avropa, sivilizasiya, tolerantlıq və demokratiya.
Hə, qane olmasan, bir də bərabərsizlik, vicdansızlıq, itaətkarsızlıq.
Özlüyündə bir məhdud məkan və fərdlərin həyatının köçkünlük fraqmentlərini göstərən tamaşada hər şeydən - iqtisadiyyatdan, siyasətdən, sosial problemlərdən, ekologiyadan, mədəniyyətdən, idmandan, yəni bizim əhatə olunduğumuz hər şeydən danışıldı. Hadisələr Suriya-Türkiyə-İraq sərhədində baş versə də, Bakıda, akademik teatrın səhnəsində hamı bir neçə saatlıq mürtəce olub kökündən qoparılan ağac kimi rüzgarın tərkində elədən-elə, belədən-belə sovruldu.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar