Dr. Cəmilə Cavadova-Spitsberq

Amerika səhnəsində nümayiş olunan “Yeddi gözəl” baleti insanlar arasında qarşılıqlı anlaşma, səmimiyyət və ünsiyyətin təbliğatçısına çevrildi

Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan tarixən müxtəlif sivilizasiya və mədəniyyətləri birləşdirən ölkə olmuşdur. Ölkəmiz əlverişli təbii-coğrafi şəraiti, maddi-mədəni zənginliyi ilə Şərq və Qərbi qovuşduran tarixi İpək Yolunun təkamülündə həlledici rol oynamışdır.

Azərbaycan orta əsrlərdən zəngin Şərq ədəbi-fəlsəfi fikrinin inkişaf etdiyi məkan kimi də məşhur olmuşdur. Dövrün mühüm mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində dünyaya göz açan, dünya ədəbiyyatının günəşi hesab olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi (1141-1209) bəşəri humanizmin, fəlsəfi düşüncəsinin bayraqdarı idi. Nizaminin fikir və ideyaları, habelə etiqad və müdrikliyi məhz bu cür çoxmillətli bir cəmiyyətin təsiri altında formalaşmışdır. Dahi şair bu konsepsiyaları “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarında ifadə etmişdir.
Müxtəliflik Nizami üçün bir həyat tərzi olmuşdur və bu baxımdan, o, əsl azərbaycanlı idi. Əlamətdar haldır ki, bu müxtəliflik və çoxmədəniyyətlilik prinsipləri Nizamidən sonra səkkiz əsr ərzində Azərbaycan xalqının mahiyyətini müəyyən edən əsas amil olaraq qalmışdır.
Nizami Gəncəvi kimi, XX əsrin məşhur azərbaycanlı bəstəkarı Qara Qarayev (1918-1982) də bütün yaradıcı ömrü boyu dünya mədəniyyətinin, incəsənətinin və musiqisinin sintezi ilə məşğul olmuşdur. Dahi musiqiçi simfonik orkestr üçün “Albaniya rapsodiyası”, simfonik orkestr üçün “Vyetnam” süitası, Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında “İldırımlı yollarla” baleti və ispan yazıçısı Migel de Servantesin romanı əsasında orkestr üçün “Don Kixot” simfonik oçerklərini yaratmışdır. Bəstəkarın əsərləri onun ayrı-ayrı cəmiyyətlərin mənəviyyatına və əhval-ruhiyyəsinə, həyat tərzinə və incəsənətinə məftunluğunu nümayiş etdirir. Q.Qarayev 1947-ci ildə öz dahiyanə musiqi təfəkkürü ilə bu qədər ahəngdar olan Nizami poeziyasına müraciət edərək “Leyli və Məcnun” simfonik poemasını yazdı. 1952-ci ildə isə böyük bəstəkar sonradan bütün dünyada tamaşaçıları heyran edəcək “Yeddi gözəl” baletini yaratdı.
2008-ci ildə, yəni premyerasından 56 il sonra “Yeddi gözəl” baletinin sovet dövründən sonrakı yeni, dəyişdirilmiş variantı Vasili Medvedyevin xoreoqrafiyası əsasında Bakıda səhnələşdirildi. Nizami Gəncəvi - Qara Qarayev poeziya və musiqi birliyinin bu məhsulu müxtəlif interpretasiyalarda Rusiya, Belarus, Fransa, İsveç və digər ölkələrdə səhnəyə çıxarılmışdır.
“Yeddi gözəl” baletinin Amerikada premyerası 2014-cü il noyabrın 11-də San Diyeqo Şəhər Teatrında keçirildi. Əslində bu tamaşanın tarixçəsi 2011-ci ilə təsadüf edir. O zaman Kaliforniya ştatının San Diyeqo şəhərində amerikalı hüquqşünas Martin Kraminq “Qardaşlaşan məhəllələr” proqramını hazırladı. Bunun nəticəsi olaraq San Diyeqo şəhər Nors park məhəlləsinin Svitzer Haylend icması ilə Bakı şəhərinin Nəsimi rayonu arasında əlaqə quruldu. Beləliklə, 2011-ci il oktyabrın 18-də, Azərbaycanın müstəqilliyini elan etməsinin 20-ci ildönümündə San Diyeqo Şəhər Şurasının üzvləri mədəniyyət, təhsil və biznes sahələrində tərəfdaşlıq naminə qardaşlaşan şəhər münasibətlərinin qurulması barədə yazılı bəyanat tərtib etdilər.
Bu ittifaqın musiqi bayramı 8 mart 2012-ci il tarixdə, San Diyeqoda, Börç Nors Park Teatrında gerçəkləşdi. Qrosmont simfonik orkestri və San Diyeqo şəhərinin baş xoru maestro Rendal Tvidin dirijorluğu altında Fikrət Əmirovun (1922-1984) “Kürd ovşarı” və “Bayatı-Şiraz” simfonik muğamlarından, habelə Qara Qarayevin “Yeddi gözəl” baletindən ibarət konsert proqramı təqdim etdilər. Konsertin sonunda tamaşaçılar Azərbaycan musiqisini ayaq üstə, sürəkli alqışlarla qarşıladılar.
Bu tədbirin uğurlu nəticəsindən həvəslənən ölkəmizin Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Rendal Tvid Azərbaycan bəstəkarlarının əsərlərinə həsr olunan daha bir layihəni həyata keçirmək imkanlarını araşdırmağa başladılar.
Demək olar ki, hamı yekdilliklə öz mövzu rəngarəngliyinə, valehedici süjetinə görə Amerika auditoriyasını cəlb edə bilən əsər kimi Qara Qarayevin “Yeddi gözəl” baleti üzərində dayandı. Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşdi.
Layihə tanınmış xoreoqrafiya ustası və San Diyeqo Balet Truppasının bədii direktoru Xavyer Velaskoya həvalə olunmuşdu. Baletin musiqisini Rendal Tvidin rəhbərlik etdiyi Qrossmont simfonik orkestri ifa etdi.
“Yeddi gözəl” poetik hekayəsi Sasanilər dövlətinin (III-VII əsrlər) şahı V Bəhramdan bəhs edir. Əsərdə Nizaminin yeddi gözəl adından danışdığı hekayələr unikaldır və şairin çoxmədəniyyətli təfəkkür tərzini və onun dünya mədəniyyətlərinə yüksək qiymət verdiyini təsdiqləyir.
Xavyer Velasko əvvəlcə dünyanın müxtəlif ölkələrindən yeddi gözəl qadına aşiq olmuş şahzadənin hekayəsini anladan baletin səhnələşdirilməsi və bunun üzərində işləməyin çətinliyini əsas gətirərək təklifdən boyun qaçırdı. Lakin Azərbaycana səfər edərək əsərin tendensiyasını anladıqdan sonra bu baleti səhnələşdirməklə Amerikada tarix yazmaq imkanını əldən vermədi...
Velasko və Tvid özünəməxsus xoreoqrafiya yaratmağa çalışaraq qadınların təkcə gözəlliyini deyil, həm də ağlını və müdrikliyini vurğulayan, habelə onların Sasani hökmdarı Bəhrama verdikləri ibrətamiz dərsləri işıqlandıran hərtərəfli və universal bir variant tapmağa can atırdılar. San Diyeqo tamaşasının proqramındakı qeydlərdə göstərildiyi kimi: “Məhz bir qadının bir kişiyə öyrətdiyi yeddi hekayə (və ya ibrətamiz dərs) fonunda biz ifrat dərəcədə xudpəsənd bir şahzadənin şaha (xalqın fədakar qulluqçusuna) çevrilməsini əyani şəkildə, yəni qara rəngin ağa, qaranlığın aydınlığa çevrilməsi şəklində müşahidə edirik”. Beləliklə, eynilə Nizaminin poemasında olduğu kimi, librettoda da həmin qadınların güclü, müdrik, alicənab və bilikli, qayğıkeş və coşqun təbiətli olmaları, bu məziyyətlərin isə kamil təhsil və əqli qabiliyyətlərlə tamamlandığı məlum olur.
Onlar Bəhramı səbir, dürüstlük, coşqun təbiət, qəlb rahatlığı, iman və ədalət mövzularında ömür boyu lazım olan ibrətamiz dərslərin təsirinə məruz qoymaqla və tədricən onu Allah qarşısında nuranilik səviyyəsinə kimi yüksəltməklə kamilləşmənin mərhələlərindən addımbaaddım keçirirlər. Qara Qarayev musiqisinin zəngin və yüksək əhval-ruhiyyəli valsa, lirik və cazibədar adajioya malik olan, özünəməxsus simfonik səslənmə tərzi folklorla güclü əlaqələri nümayiş etdirdi. Xoreoqrafiyada, geyimlərdə və səhnə tərtibatında təqdim olunan rəmzlərlə, rənglərlə yanaşı, hər bir təsvirə fərdi etnik melodiya həsr olunmuşdu və dinləyicinin həmin təsvirləri müəyyən etməsi üçün əsas eyhamlar verilmişdi. Bu balet Velaskonun xoreoqrafiyası və Q.Qarayevun musiqisi arasında rəqsin və musiqinin ecazkar birliyinə çevrildi.
Bəhram şah obrazını Yuri Qriqoroviçin rəhbərliyi altında Böyük Teatrdan (Moskva) Amerikanın müxtəlif opera və balet teatrlarınadək yaddaqalan xarakterlər yaradan Maksim Çernışov canlandırdı. O, ifası ilə tamaşanın uğur qazanmasına həlledici töhfə verdi.
Baletin işıq tərtibatçısı və texniki direktoru San Diyeqo balet truppasının üzvü Filip Berqman idi. Onun valehedici incəsənət və texnologiya kombinasiyası auditoriyanın emosiyalarını formalaşdıra bilmişdi.
Marsiya Averett, Şarmen Perea və Beverli Stivenson dünyanın hər yerindən rəqs geyimlərinə daxil edilə biləcək etnik elementlər tapmaq üçün araşdırma apararaq geyimləri yaratmışdılar. Azərbaycanın Los Ancelesdəki konsulluğu isə balet truppasının ənənəvi milli kişi paltarları və bəzi qadın geyimləri ilə təmin olunmasında köməklik göstərmişdi.
San Diyeqo Şəhər Teatrında əsərin premyerasına 3 minədək insan toplanmışdı. Baletin əvvəlindən sonuncu pərdəsinə qədər səhnədə, eləcə də səhnə arxasında olan hər bir kəs, habelə orkestrin bütün kollektivi ahəngdar ifa nümayiş etdirdi. Balet öz rəğbətini gur alqışlarla ifadə edən tamaşaçıları heyran qoydu və Azərbaycan poeziyası və musiqi sənətinin əsl bayramına çevrildi. Nizami poeziyasından dahi Qara Qarayevin musiqisinə, oradan isə Amerika səhnəsinə yol tapan “Yeddi gözəl” insanlar arasında qarşılıqlı anlaşma, səmimiyyət və ünsiyyətin təbliğatçısına çevrildi. Əsər digər mədəniyyətlərlə ahəngdar əməkdaşlığı təşviq etməklə, əsl Azərbaycan mədəniyyətinin bariz nümunələrindən biri olduğunu sübut etdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar