Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fevralın 3-də təqdim ediləcək “Eşq və ölüm” baletinin yeni quruluşda premyerası müəllifin - Xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunub. Baletin yeni quruluşunu Nadejda Malıgina həyata keçirir. Quruluşçu rəssam rusiyalı Dmitri Çerbadjıdır. Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, “Eşq və ölüm” baleti ilk dəfə Bakıda 2005-ci ildə Avropa Balet Akademiyasının professoru Vakil Usmanovun quruluşunda və Azərbaycanın Xalq rəssamı Rafis İsmayılovun bədii tərtibatında səhnəyə qoyulub. Librettosu “Dədə-Qorqud” dastanının motivləri əsasında qələmə alınan bu balet ölməz məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir.
Bakıda böyük uğurla premyerası keçirilən tamaşa daha sonra Azərbaycan balet ustalarının ifasında Sankt-Peterburqda Mariinski Teatrında və Moskvada Böyük Teatrın səhnəsində nümayiş olunub. 2010-cu ildə rusiyalı xoreoqraf Nadejda Malıginanın təşəbbüsü ilə “Eşq və ölüm” Yekaterinburq Dövlət Opera və Balet Teatrında müvəffəqiyyətlə səhnələşdirilib. 2011-ci ildə tamaşa Yekaterinburq balet truppasının ifasında Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada göstərilib.
Baletdəki ən oynaq və uğurlu musiqi parçaları hər il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin ifasında Almaniyada keçirilən Qut-İmmlinq opera sənəti festivalında səslənir və almaniyalı musiqisevərlər tərəfindən maraqla qarşılanır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar