Polad Bülbüloğlunun məşhur baleti müəllifin yubileyi münasibətilə yeni quruluşda təqdim olundu

Fevralın 4-də görkəmli ictimai xadim, müğənni, bəstəkar, Xalq artisti, professor Polad Bülbüloğlunun 70 yaşı tamam olur. Yubiley münasibətilə fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Eşq və Ölüm” baletinin yeni quruluşda premyerası keçirilib.

Premyerada dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, həmçinin müəllifin yubiley tədbirinə qatılmaq üçün paytaxtımıza gələn xarici qonaqlar iştirak ediblər.
Dövlət sifarişi ilə hazırlanan yeni tamaşaya Rusiyanın Əməkdar incəsənət xadimi, baletmeyster Nadejda Malıgina quruluş verib. Səhnə tərtibatçısı tanınmış rusiyalı rəssam Dmitri Çerbadjidir. Tamaşanı Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edib.
Librettosu “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınan balet ölməz məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir. Azər və Baycan bir-birini sevirlər, amma Yalıncıq da qıza biganə deyil. İki gənc qızın sevgisi uğrunda döyüşürlər. Baycan Azəri seçir. Çünki Azər və Baycan birlikdə Azərbaycan olur. Amma onların səadəti çox sürmür. Ölkəyə yağılar saldırır və nakam sevgi Yalıncığı xəyanətə sürükləyir. Azər və Baycan əsir düşürlər və ən sonda ölürlər. Baletin ən yaddaqalan surətlərindən biri də qara geyimli və ağsifətli Ölümdür.
Səhnə əsəri həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur. Baş rolları xalq artistləri Kamilla Hüseynova (Baycan) və Gülağası Mirzəyev (Azər) ifa edirlər.

Qeyd edək ki, “Eşq və Ölüm” baleti ilk dəfə Bakıda 2005-ci ildə Avropa Balet Akademiyasının professoru Vakil Usmanovun quruluşunda səhnəyə qoyulub.
Bakıda uğurlu premyeradan sonra əsər Azərbaycan balet ustalarının ifasında Sankt-Peterburqda Mariinski adına Akademik Teatrın və Moskvada Böyük Teatrın səhnəsində nümayiş olunub. Balet Yekaterinburq Dövlət Opera və Balet Teatrında, Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada da təqdim edilib. Yeni quruluşda təqdim edilən balet alqışlarla qarşılanıb.
* * *
Fevralın 4-də Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək. Gecədə çoxsaylı qonaqlar - SSRİ xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq artistləri Lev Leşenko, Larisa Dolina, Zaur Tutov, Nikolay Baskov, Lüdmila Rümina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın Xalq artisti Tamara Qverdsiteli, Özbəkistanın Xalq artisti Fərrux Zakirov, Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze, tanınmış müğənnilər Alsu, Dmitri Malikov, görkəmli mədəniyyət və ictimai xadimlər Mixail Şvıdkoy, Yuli Qusman, Mixail Qusman, Zurab Sereteli, Tahir Salahov, Andrey Dementyev, Düsen Kaseinov, dövlət və hökumət nümayəndələri iştirak edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar