Qəddarlıq, qana hərislik, özünün bədbəxtliklərinə görə bütün insanlığı suçlama fiziki və mənəvi qüsurluluğun bəlasıdır. Yəni “Mən özümü özümdən qopara bilmirəmsə, öz içimdə özümdən iyrənəcək qədər yaramazamsa, qoy hər kəs mənim içimdə dəfn olunsun” demək elə də asan deyil. Amma bunu yaşayan və bu yaşantıları ilə bütün insanlığı vahimədə saxlayan diktatorlar, zahiri və batini qara olan ağ dünyanın qaniçənləri olub və olacaq.

Ötən həftə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bu qan saçan qəhrəmanlar çələngini bir daha gördük. Qozbel, eybəcər, ruhunu şeytana təslim edəndən sonra krallığa yüksələn III Riçardın simasında. Səhnədə bəzən Stalin, bəzən Hitler, bəzən Beriya, bəzən də diktator arzulu digər məlum məşhurlar sıralandı. Onları sıralayan isə görkəmli rejissor, fərqli üslublar ustası, Xalq artisti Cənnət Səlimova idi. Böyük ingilis şairi və dramaturqu Uilyam Şekspirin 450 illiyi şərəfinə səhnələşdirilən tamaşa həm də rejissorun özünün 75 illik yubileyinə hədiyyəsi idi.
Şekspirin eyniadlı pyesi əsasında hazırlanan ikihissəli fars tamaşaçını özünə cəlb edə, səhnəyə kökləyə bildi. Maraqlı nüanslarla dolğun tamaşanın səhnə tərtibatçısı Rusiyanın Xalq rəssamı Stanislav Benediktov, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, bəstəkarı Firudin Allahverdi idi. Dördlüyün işinin maraqlı alındığını, bir-birini tamamladığını bəri başdan vurğulamaq istərdik.
Əsərdə müəllif faktoru və mövzu aktuallığı var: hakimiyyət, Şekspirin digər əsərlərində də qeyd etdiyi kimi, qanlı oyun, oyunçuları isə sonucda qurbandır. Dövrün gözlənilməz hadisələri, qütbləşən insan münasibətləri və bütün hallarda hərisliyin hər türlü bəlanın başında durması bu faciəni də müasir, canlı tuta bilir.
Tamaşa vicdan hissindən məhrum olunmuş, taxt-taca sahib olmaq üçün doğmalarını belə öldürtməkdən çəkinməyən, cinayətləri ilə ad çıxaran, səhnəyə gah Stalin, gah Beriya, gah Hitler, gah da Don Juan kimi çıxan qozbel və qolu iflic olan III Riçardın əməllərindən bəhs edir.
Əsrlərin ustadının xəcil etdiyi kralı rejissor Cənnət Səlimova əməllicə kompleksləşdirə bilmişdi. Yəni əsrlər əvvəlin rəzil qaniçənini, əslində çoxlarına maraqlı olmayan nə bilim neçənci ingilis kralını sonrakı dövrlərin tiranları ilə sintez edərək canlı, real, yəni əsrə, zamana daşıya bilmişdi. Onu da deyim ki, bu transformasiya uğurla alınmışdı. Bu mənada tamaşa özündə peşəkar rejissor axtarışlarını və Şekspir teatrallığını birləşdirib, kompozisiya halını almışdı.
Janrı qanlı fars kimi müəyyənləşdirilən tamaşanın qəhrəmanı hakimiyyət yolunda heç kimə acımır. Nə qadınını, nə anasını, nə dostlarını ehtiraslarına fəda etməkdən çəkinmir, hətta özünü belə sevmir. Tac-taxta gedən yolda ona heç bir varlıq mane ola bilməz. Bilmədi də. Rejissorun təqdimatında baş qəhrəman səhnə boyu qaniçən təlxəkdən bədbəxt kraladək - hər halında inandırıcı ola bildi.
O bu mənada bəzən istədiyinə çatmaq, özünün şıltaq və amansız arzularını realizə etmək üçün hər şeyi qurban verməyə hazır təhlükəli qadına da bənzəyirdi. Riçard (Əməkdar artist Şövqi Hüseynov) tənha varlıq, yalquzaqdır. Özünün komplekslərindən, içini didib-dağıdan qara arzularından qaça bilməyəcək qədər də bədbəxt. Diqqət mərkəzində qalmaqdan ötrü yeganə şeyin diktə və güc, qorxu və qəzəb olduğunu da bildiyi üçün bu silahına sarılıb. Amma canavar ruhunda qadın ehtiraslılığı da var. Qardaşı arvadı Annaya (Əməkdar artist Gülər Nəbiyeva) və digər qardaşının qızı Balaca Yelizavetaya (Roza İbadova) qarşı itaətkarlıq və razılıq hissində inandırıcı olmasa da, biganə də deyil. Hər iki hissində qəddar, hiyləgər və xudbindir. Amma bütün bunlara rəğmən o, baxımlı, hərəkətləri izlənilən qəhrəmandır.
Ümumən bu tipli pyes-monoloqlarda vahid qəhrəman olur və o, tamaşanın əsas açarı rolunu oynayır. Bu xilaskarlıq Ş.Hüseynovda mükəmməl alınmışdı. Çünki o, rejissorun əslində nə istədiyini özünün oyun sərbəstliyi və bu üslubun tərəf-müqabillərinə müsbət sirayətinə nail olmuşdu. Oyunçular ondan asılı yox, sadəcə öz oyunlarına cavabdeh, azad ifaçı idilər. Yəni III Riçard əsas qəhrəman olsa da, digər obrazlar onun kölgəsində itmirdi.
Aktyor aparıcı qüvvə olmanın səadətində öz obrazını ustalıqla, məsuliyyətlə, bir az da yaradıcı sevinclə, həyəcanla ifa edir. Dəyişmələrini - prototiplərinin ruh halını sezdiyindən çətinlik çəkməsə də, Don Juanlığında daha səmimi görünür, daha xoş təsir yaradır. Onu da deyim ki, məhz bu səhnələr - ehtiraslı rəqs və plastika, yaradıcı ampluada oyun azadlığı aktyoru hər anlamda səhnəyə hakim edə bilmişdi.
Aktyor bunu tamaşanın finalında daha usta və daha bitkin ifadə edirdi. Belə ki, gözünü qan tutmuş III Riçard həlledici döyüşdən qabaq yuxuya gedir. Yuxusunda öz qurbanlarını, qanını tökdürdüyü, öldürtdüyü adamları görür. Onlar dörd bir tərəfdən onun üstünə gəlir, lənətləyirlər. Tamaşanın cövhərinin məhz bu səhnə olduğunu aydın sezən aktyor əsas məqamlarda ifadələri asanlıqla çatdıra bildi.
Xüsusən finalda məğlub olan, tək qalan və boş meydanda ölülərin arası ilə qaça-qaça at arabası istəyən, “Taxt-tacımı bir at üçün verirəm”, - deyə bağıra-bağıra məhvinə imza atan kralın fəlakətinə bütün gücünü səfərbər etmişdi.
Bu atla bu dünyadan, günahlarından, özündən qaçmaq istəyən, amma nə yazıq ki, törətdiklərindən, özündən qaça bilməyən, sonda Tanrı ilə, özü ilə, günahları ilə təkbətək qalan III Riçard uğurlu səhnə finalını yaşadı.
Tarixi xronikadan ibarət olan tamaşanın yaradıcı heyəti, əlbəttə ki, genişdir. “III Riçard”ın səhnə təcəssümündə əsas tipajdan heç də geri qalmayan oyun nümayişi yetəri qədərdir. Bu anlamda qadınları - Kraliça Yelizaveta (Mehriban Abdullayeva), Ledi Anna (Əməkdar artist Gülər Nəbiyeva) oyun üslubları və dramatik məqamların təzahür imkanları ilə fərqlənirdilər. York hersoqinyası (Güşvər Şərifova), eləcə də ifritə qadın ruhuna sarılmış Marqarita (Təhminə Məmmədova) inandırıcı, bütün fəci elementlərin oyunda birləşdirilmə mexanizmində mükəmməl alınmışdı.
Kişi rollarının ifaçılarına gəlincə, hersoq Bekingem (Xalq artisti Ağaxan Salmanlı), eləcə də bitkin və uduzmuş Klarens (Əməkdar artist Nofəl Vəliyev) səhnədə böyük planda çıxış edərək, baş qəhrəmandan heç də asılı olmayan - onun kölgəsində yer almayan, öz dramatizmlərində inandırıcı bir oyun sərgiləyirlər.
Uels şahzadəsi (Hüseyn Nağıyev), York hersoqu (Süleyman Abbasov), Riçmond (Elnur Kərimov), Borçer-kardinal (Əməkdar artist Vahid Əliyev), Yepiskop (Eyvaz İbrahimov), Rivers (Ədalət Əbdülsəməd), Qrey-lord (Ramil Məmmədov) və digərləri öz üzərinə düşən işi icra etdilər. Yəni qatil kralın faciəsinin uğurlu həllinə öz töhfələrini verdilər və faciəli sonun həqiqətini birgə səsləndirdilər: bütün qələbələrin sonunda bir məğlubiyyət gerçəyi var.
Tamaşa bu notlarla bitdi və heyət alqışlandı. Sonra səhnədə rejissor və teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov göründü. O bütün kollektivi yeni premyera, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimovanı isə 75 illik yubileyi münasibətilə təbrik edərək onlara ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin və Gənc Tamaşaçılar Teatrının diplomlarını təqdim etdi.
Beləcə, klassik nümunəyə yeni gözlə baxmağı bacaran Cənnət Səlimovanın “III Riçard”ı da özünə səhnə haqqı qazandı.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar