Repertuarında daim yeni nümunələrə yer ayıran Qazax Dövlət Dram Teatrı daha bir tamaşa ilə teatrsevərlərin görüşünə gəlib. Şair-dramaturq İsgəndər Coşqunun “Ana laylası” mənzum pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yanvarın 30-da təqdim olunub. Xalq nağıllarının motivləri əsasında yazılan nümunə maraqlı səhnə həlli ilə tamaşaçıların diqqətini cəlb edib.

Teatrın direktoru Saqif İskəndərov səhnə əsərinin ideyasının və tamaşaçıya verdiyi mesajların müasir zamanla səsləşdiyini diqqətə çatdırdı. Əsərdə göstərilir ki, eyni ata-ananın övladları olan Bahar (Zəmanə Orucova) və Çiçək (Nazilə Məmmədova) fərqli həyat yaşayırlar. Artıq bir qız övladı olan, öz taxt-tacına varis gözləyən Xan ikinci qızının dünyaya gəlməsindən qəzəblənərək xanımını və kiçik qızını saraya qəbul etmir. Beləcə, bir-birindən xəbərsiz bacılar ayrı-ayrı mühitdə böyüyürlər. Atasının ölümündən sonra taxt-taca yiyələnən Çiçək ölkəni idarə edir. Kiçik bacı Bahar isə el şənliklərində mahnı oxumaqla qoca kor babasını və özünü yarıac, yarıtox dolandırmağa çalışır. Xan qızı Çiçək Baharı tez-tez saraya çağırtdırıb ondan hər dəfə yeni bir mahnı oxumağı tələb edir. Baharın sarayda çalıb-oxuması saray müğənnisi Həcərin (Turac Mahmudova) və saray rəqqasəsi Xatunun (Ema Zeynalova) xoşuna gəlmir. Onlar min bir bəhanə ilə Baharı Çiçəyin gözündən salıb saraydan uzaqlaşdırmağa çalışırlar.
Saray müğənnisi olmaqdan imtina edən Bahar Çiçəyin qəzəbinə tuş gəlir. Xan qızı onu diri-diri oda atmağı əmr edir. Neçə il gizli qalan bir sirri Qoşqar baba (Hacı Hacıyev) açır. Əməlindən peşman olan Xan qızı Bahara sarayda onunla birgə yaşamağı xahiş edir. Ancaq Bahar babasının yanına qayıtmağı saraydan üstün tutur və yenə el şənliklərində, məclislərdə nəğmələri ilə xalqı sevindirir.
Direktor xalq oyun ənənələrindən məharətlə istifadə edən aktyorların obrazların öhdəsindən məharətlə gəldiklərini bildirdi. Xəyal kimi verilən Ana obrazı (Xanım Məmmədova) da çox inandırıcıdır. Tamaşa Allahverdi Musayevin ilk rejissor işi olsa da, o, qarşıya qoyduğu məqsədə çatıb. Səhnə əsərinin uğurunda teatrın baş rejissoru və tamaşanın bədii rəhbəri Musa Eyyubovun zəhməti də qeyd olunmalıdır. Tamaşanın səhnə tərtibatçısı rəssam Səyyat Məmmədovdur, musiqi tərtibatında Xalq artisti, bəstəkar Ramiz Mirişlinin əsərlərindən istifadə olunub.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar