“Aktyor səhnə arxasına keçən kimi kuklanı etinasızcasına bir küncə atırsa, mən bundan inciyirəm. Kuklanı üzüqoylu qoyduqda belə sanki onun nə hiss etdiyini anlayıram”

Bilmirəm, niyə hər dəfə bu qadınla rastlaşanda, hər tamaşadan sonra o, səhnəyə qayıdıb alqışlayan izləyiciyə təşəkkürünü bildirəndə ikili hiss yaşadığını, sevincində nisgilin gizləndiyini düşünmüşəm. Bütün vücudu, ruhu ilə oyununa bələnən, əlində gəzdirdiyi kuklanı canına hopduran qadının iç dünyasında başqa fırtınaların qopduğunu qətiləşdirmişəm özlüyümdə. Söhbət üçün tapdığım ilk fürsətdə də bunu hiss etdim.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, ömrünün 38 ilini bu sənət ocağının divarları arasında keçirən, bu günlərdə 65 yaşını solmayan gənclik eşqi ilə qeyd edən Tamilla Bünyatova sənət ömrü ilə bağlı etiraflarında səmimi və həyat obrazında görünməyi bacardı: “İnstitutun 3-cü kursuna keçmişdim və iş axtarırdım. Həm oxuyub, həm də təhsil almalıydım. Buna görə də mütləq təhsil aldığım istiqamət üzrə özümü sınamağı, təcrübə qazanmağı və maddi baxımdan özümü təmin etməyi qərara aldım. Dram və kino aktyoru fakültəsində Lütfi Məmmədbəyovun kursunda oxuyurdum və müəllimimin təbirincə desək, xarakterik rollar üçün yaxşı potensialım vardı. Amma buna rəğmən kukla teatrında aktyor elanını görən kimi işlə bağlı müraciət etdim və qəbul olundum. 40 ilə yaxındır ki, bu doğma məkanda məskən salmışam”.
Aktrisadan başqa sənət ocaqlarına getmək imkanlarının olduğu halda niyə məhz kuklaçı olmasının səbəbini soruşduqda, düzü, gözlənilməz cavab aldım: “Həm bu sənəti sevdim, həm də özümü şırmanın arxasında daha rahat və azad hiss etdim. Lütfi müəllim burada perspektiv olmayacağını deməklə məni zamanla bu istiqamətdən çəkinməyə çağırırdı. Mən isə müəllimimə elə eyni cavabı verirdim: “Lütfi müəllim, axı o teatrda da kimsə işləməlidir”. Kinoya, digər teatrlara getmək şanslarım da var idi. Amma bir məqam mənə mane olurdu. Təbii ki, bu da xarici görünüşümlə bağlı özümdə formalaşdırdığım komplekslər idi. Məndə canlı tamaşa oynamaq, səhnədə görünmək üçün aktrisaya lazım olan özünə əminlik yox idi. Bir tərəfdən də sənət, səhnə həvəsim mənə rahatlıq vermirdi, istedadımı, özümü sənətdə realizə bacarığımı ram edə bilmirdim. Düşünürəm ki, kuklaçılıq, şırma məni xilas elədi”.
Söhbətin bu yerində gözlədiyi, amma kədərini gizləmək üçün eşitmək istəmədiyi bir sualı verdim: “Tamilla xanım, yəqin kurs yoldaşlarınızdan məşhurlaşanlar, digər teatrlarda çalışıb fəxri adı, populyarlığı olanlar var. Onlara baxanda şırmaya acığınız tutmur ki?”
Suala səmimi və elə gözlədiyim cavabı aldım: “Mənimlə oxuyan elə də gözəl, istedadlı olmayan tələbə dostlarımdan bəziləri indi fəxri adları, məşhurluqları ilə öyünürlər. Amma yenə də peşman deyiləm, çünki işimi sevirəm”.
Bu sözləri deyərkən kədərini gülüşü ilə örtməyə çalışdı: “Obrazında, şırmasında ürəyi döyünən, o cansız kuklaya can verən aktyor üçün bu anlayışlar elə də önəmli deyil. Amma burada elələri də olur ki, heç cürə şırmanın arxasında qalmaq istəmir, səhnədə görünüb, həm də görünməməklə barışa bilmirlər. Mənim canlı planda da rollarım olub. Amma aktrisa kimi səhnəyə çıxmaq və bütünlükdə özümü ifadə etmək məndə alınmır. Deyəsən, kompleksim hələ də qalıb”.
Söhbətin məcrasını dəyişmək istədim: “Bu gün kukla teatrına gələn yeni nəsil özünə nəyi təlqin etməlidir?”
Müsahibimin bu barədə fikri qəti oldu: “Onlar kuklanı sevməli və əslində harada işlədiklərini tam dərk etməlidirlər. Kuklanı sevməyəcəksənsə, ona canlı varlıq, dostun, sirdaşın kimi baxmayacaqsansa, heç kuklaçı olmasan yaxşıdır. Əgər aktyor səhnə arxasına keçən kimi kuklası ilə davranışını tam dəyişib, onu etinasızcasına bir küncə atırsa, sadəcə bir vasitə, əşya kimi görürsə, mən bundan inciyirəm. Kuklanı üzüqoylu qoyduqda belə sanki onun nə hiss etdiyini anlayıram”.
Tamilla xanım kukla ilə aktyorun səhnəarxası davranışından danışdıqca emosiyalarını gizləyə bilmir və o kuklaların nə hiss etdiyini mənə də anlatmağa çalışırdı. Bu zaman illərin aktrisası kövrək və çox səmimi görünürdü. Bir kuklaçının ən böyük səadəti həssaslıqda, sənətinə, sözün yaxşı mənasında, sadəlövhlüklə bağlanmasındadır fikrimə söykənərək daha bir etirafına yol açdım: “Məsələyə bu qədər sentimental yanaşırsınızsa, demək, sizə görə, onların hər biri bir canlıdır. Onlarla tez-tez söhbət edirsiniz yəqin”. O, “Yox, niyə elə düşünürsünüz ki? Canlı deməzdim, heç elə romantizmə də varmazdım. Sadəcə ona çörək ağacı, özümüzü səhnədə ifadə elementi kimi hörmət etmək lazımdır. Bir də unutmayaq ki, o cansız kuklanın ərsəyə gəlməsində nə qədər insanın - rəssamın, butaforun, dərzinin, ümumən səhnə arxasında qalanların əməyi var”.
Söhbət əsnasında ondan ən sevimli kuklasını soruşanda da, səmimiyyətini itirmədi: “Kukla yaxşı roldursa, mən onu sevirəm və onunla danışmaqdan zövq alıram. Amma heç birini ayırmıram, sanki incidəcəyimdən, onların hiss edəcəyindən qorxurmuş kimi”.
Bu yerdə bəzi həmkarlarım kimi “təxribatçı” sual verməkdən də çəkinmədim: “Tamilla xanım, oynayırsınız, tamaşa bitir, balacalar alqışlayır və siz məmnun təbəssümlə səhnə arxasına keçirsiniz və yəqin əlinizdəki kuklayla aranızda “Bu alqış sənədir, bilirsənmi, kukla?“ və ya əksinə, “Mən olmasam, sən nəyə lazımsan...” kimi dialoq da qurursunuzmu?” Bir az diksinən kimi oldu və düşündürücü təbəssümlə otağına, ətrafına göz gəzdirərək dedi: “Yox, çünki biz ikimiz - kukla və aktyor səhnədə tamamlanır və biri-birindən asılı oluruq. Deməli, ona lazım olan mənim ruhum, hislərim, ifadə imkanlarım, mənə isə əl texnikası ilə yaşatmaq istədiyim “fərd” kimi “O” lazımdır. Ya ona, ya da mənə alqış gəlir deyə düşünmürəm. Əsas tamaşaçının zövq alması və bunu ifadə edə bilməsidir. Kukla ilə aramdakı səmimi ünsiyyət bizə alqışı da paylaşmağı öyrədib”.
Ondan uşaqlar üçün oynamağın çətinliyini də soruşdum: “Əlbəttə, çətindir. Çünki onları aldatmaq, sadəcə səhnəyə bağlamaq mümkünsüzdür. İstəsək də, istəməsək də, o, məcburi şəkildə oturmayacaq və ən azı ağlamaqla, qışqırmaqla etirazını bildirib səhnədən yayınacaq. Ona görə də bütün diqqətimizi məhz onlara yönəldib, ən gözəl, dinamik oyun göstərməklə zəngin uşaq dünyalarına nüfuz etməyə çalışırıq. Amma müasir dövrün uşaqlarının da baxışı, zövqü fərqlidir və texnologiyanın tətbiq olunduğu animasiyalardan xəbərdar uşaqları klassik nümunəyə kökləmək mümkünsüzdür. Bu səbəbdən də rəhbərlik və rejissorlarımız uşaqların dünyagörüşünə uyğun, klassik kukla teatrı ənənələrini, peşəkarlığı qoruyub saxlamaqla yeni nümunələr yaratmağa üstünlük verirlər”.
Həmsöhbətim sonda “Teatr mənim üçün sadəcə iş yeri yox, həm də həyatımın ən müxtəlif məqamları və hisləri hopmuş məkandır. Zövq alıb işimi sevməsəydim, heç vaxt burada qalmazdım”, - dedi.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar