Yaxud “Didro”nun dəlilik resepti

Xocalı soyqırımının 23-cü ildönümü günündə müharibə və onun insanların mənəviyyatına vurduğu zərbə ilə bağlı bir psixoloji drama baxdıq. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində iki qocaman və fədakar sənət ocağının - İrəvan və Tiflis Azərbaycan teatrlarının əsl sənət nümayişini gördük.

İki teatrın bir tamaşada birləşməsinin səbəbi "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasıdır. Bu kampaniya çərçivəsində Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Teatrı və Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı birgə layihəni - Nodar Dumbadzenin "Didro" əsəri əsasında hazırlanan eyniadlı tamaşanı teatrsevərlərin ixtiyarına verdilər.
Nümayişdən öncə səhnəyə çıxan İrəvan teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev layihə, onun məqsədi, Tiflis teatrı ilə əlaqələr və birgə işin hər iki teatrın inkişafına təsirindən danışdı.
Pərdələr açıldı və səhnədə qoyulan bir dəmir çarpayı, onun altında və yanında yatan iki nəfər mənzərəni tam ayırd etdi: bura psixoloji xəstəxana, onun sakinlərindən başqa hər kəsin uca səslə dediyi “dəlixana”dır.
Allahın unutduğu, bəlkə də elə bütün ağrıları unutmaq üçün şüuruna “əl gəzdirdiyi” bu insanlar məsum və ziyansızdırlar. Xüsusi geyimlərində çirkli, havasız, bütün halı ilə məhrumiyyət və məhkumiyyət saçan hücrələrində hər şeydən çox arzuladıqları ölümü gözləyirlər.
Ağıllılar içində dəli olmaqdansa, dəlilər içində ağıllı olan çoxbilmişlərdən biri də budur - çarpayıya məhkum sakin Nodar (Aslan Məmmədov, Tiflis teatrı). O, müharibədə atasını, anasını, bacı-qardaşını, arvad-uşağını itirdikdən sonra ölə bilməməyin, ölməyi bacarmamağın dəlisidir. Yaşamağı da zülmdür. Bunu hər addımında görmək olur. Çünki o, dəli deyil, heç ağıllı da deyil. Sadəcə bədbəxtdir.
Bu mənada onun bəyənmədiyi, daha doğrusu, dəli hesab etdiyi Didro (Əhliman Ərşadlı, İrəvan teatrı) daha şanslıdır. Ən azı qorxu hissini, təəccüblənmə vərdişini və ən əsası, ağlamaq, fəryad qoparmaq kimi insanlıq hallarını hələ itirməyib. Əslində dəli olmadığını, yaşadıqlarının altında qalıb zavallı görünməyin ağırlığını da Nodardan fərqli olaraq gizləmir. Qorxusunu, təəccübünü, təbəssümünü, göz yaşını, xəyalını, arzusunu, yuxularının çin çıxması üçün yalvarışlarını da utanmadan, dəlilik ehtirasında gizlənmədən edir.
Düşdüyü mühitə sığmayan, ağrılarının, sarsıdıcı yaşamının yükündən xilas ola bilməyən Didro hələ də azadlığı, anası, sevdiyi qadını barədə yuxular görür. Kağız təyyarəsini palatada uçurmaqla azadlıq arzularını bəyaz vərəqlərdən umur. Yeməkxana aşpazı Kişvardinin nəvəsi Nodar isə hər dəfə qaçmaq, kəndlərinə - daim gur axan çayın sahilinə, sevgili Marqosuna (Şəbnəm Cəbrayılova, İrəvan teatrı) tələsən, onun xəyalı ilə rəqs edən Didronu axmaq xülyalarına, yalanlarına alət edir...
Budur, kənar palatadan gələn səs-küyə ayılıb tez qapıya, onun açar yerinə əyilirlər. Sevincə qarışan həvəslə qonşu palatadan çimdirilməyə aparılan qadınları izləyir və heç vaxt gerçəkləşdirə bilməyəcəkləri xəyalları qururlar. Çoxbilmiş Nodar “Qadınları düşünəndə baş həkim mənə bu boyda iynə vurur”, - deyib bədbəxt Didronu qadınlarla sevişmək xəyalından da məhrum edir.
Uzun və sıxıcı günlərin birində bütün buzlar əriyir, pərdələr açılır və radioda Nodarın “Bizim himnimiz” dediyi imperiyanın mahnısı səslənir. Deməli, faciələrin baiskarı, bütün bəlaların kökü, baş verən ölüm-itimlərin kökü bu himnin dövlətinin müharibəsi imiş. Açıldı Didronun köhnə dərdi: “Ana, hardasan ana? Apar məni burdan. Yox, mən dəli deyiləm, burda qalmaq istəmirəm...” naləsi, anasının (Leyla Qasımova, Tiflis teatrı) laylası, xəyali sığallaması, əzizləməsi ani də olsa, ovudur onu. Amma artıq yox, çarəsizliyin göz yaşları Nodarın da qondarma şənliyinə son qoyur, o da kədərinə bürünüb xəyallarında sığallanır. Didronun nalələri, hayqırtıları, yalvarışları, üsyanları fonunda Nodarın sakitliyi aldadıcı idi. Didro Nodarın “Gələndə bir həftəlik gətirmişdilər, amma artıq 70 ildir burdayam” etirafına tablaşa bilməyərək son hayqırtısını edir: “70 il? Yox, yox, yox!..” Tək dostunu, həmdəmini itirmək istəməyən Nodar Didroya kömək etməyə, həkim çağırmağa çalışır. Didro isə, deyəsən, çoxdan gözlədiyi ölümü rahatlıqla qəbul edir: “Hər yer işıqlandı, Nodar. Mən hər şeyi görürəm, hə, hər şeyi. Allahım, mən dəli deyiləm, mən hər şeyi bilirəm, görürəm, mən dəli deyiləm!..” Nodarın acı yalvarışlarının müşayiəti ilə o öz yeni yoluna başlayır. Artıq Nodar tənhalıq ağuşundadır: “Qaçdın dostum, axır ki qaçdın? Nəyin bahasına olursa-olsun, mən də burdan qaçacam”, - deyən Nodar Didronun arxasınca əbədi ağıllı deyiləcəyi yerə qaçır...
Beləcə, bütün bəlaların səbəbi müharibənin iki qurbanı və səhnəyə çıxan hər kəs “Xocalıya ədalət!” deyərək bütün ağıllılara dəli olunacaq bir ağrını dərk etməyə, ədalət istəməyə çalışdılar. Aktyorlar oyun içindəki həqiqəti elə asan və səliqəli ifadə etdilər ki, insan baş verənlərdən bir an belə qopa bilmədi.
İrəvan teatrının aktyorları, əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar Ceyhun Əliyev, Solmaz Məmmədova epizodik rolun da yaddaqalan ola biləcəyini nümayiş etdirdilər.
Tiflis teatrının gənc rejissor və aktyoru Turqay Vəlizadənin gürcü rejissor məktəbinin yetirməsi kimi həm də milli teatr ənənələrimizdən əxz etdiklərini vəhdətdə göstərə bilməsi tamaşanı baxımlı etmişdi. Məşhur dünya musiqiləri və gürcü etnik musiqi elementləri faciənin mahiyyətini açmaqda öz təsir gücünü göstərə bildi.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar