Teatr mövzusunda yazmaq və bu sənət sahəsini kütləvi informasiya vasitələrində təbliğ etmək alqışa layiqdir. Amma istənilən məsələdə olduğu kimi, burada da sistemlilik və ələlxüsus da peşəkarlıq ön plana çıxır. KİV səhifələrində teatrı müzakirə edən fərdlərin məsələyə yanaşma forması teatrşünaslar, teatr rəhbərləri, eləcə də yazarların öz həmkarları tərəfindən birmənalı qarşılanmır.
Bugünlərdə AMEA Memarlıq və İncəsənət İnstitutunda keçirilən “Müasir Azərbaycan teatrı və mass media: problemlər, perspektivlər” mövzusunda seminar-müzakirədə bu barədə geniş söz açıldı, teatrın təbliğatı işində peşəkar yanaşmanın önəmi vurğulandı.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu teatr, kino və televiziya şöbəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov bu sahədə səmərəli ünsiyyət və əməkdaşlıq əlaqələrinin yaradılmasını vacib şərt kimi irəli sürdü: “Elə yazarlar olur ki, teatra populyarlaşmaq meyli ilə yanaşırlar. Hər hansı işi sevə-sevə görmək lazımdır. Teatrı tənqid edərkən belə qərəzsiz, onun inkişafına yönələn sağlam tənqid olmalıdır. Bizim media teatrın cari prosesini izləməkdən, onun yeniliklərini təbliğ etməkdən çox hər hansı fərdlərin teatrdan umacaqları, onların arasındakı müəyyən konfliktləri böyük anlamda teatrın ayağına yazmağa çalışırlar. Çox təəssüf ki, mətbuat sadəcə teatrla bağlı informasiyalarla kifayətlənir. Təsadüfi halda portretlər və resenziyalar ortaya çıxır. O resenziyaların da bəziləri qeyri-peşəkar səviyyədə olur. Diletantlıq, mövzudan xəbərsizlik sonda teatra aid aşağı səviyyəli yazıların ortaya çıxmasına gətirir”.
Memarlıq və İncəsənət İnstitutunun teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, Əməkdar incəsənət xadimi Ayaz Salayev tənqidə yanaşmanın özünün tənqidə ehtiyacı olduğunu dedi: “Burada iki məqam var ki, o mütləq bədii tənqidə öz təsirini göstərməlidir. Birincisi, insanların həyat tərzi çox dəyişib. Hər oxucunu teatrşünas məqalələrinə, yeni səhnə nümunələri ilə bağlı səhifəlik resenziyalara məhkum etmək mümkünsüzdür. İkinci bir faktor da müasir dövrdə teatrşünaslığın, elə kinoşünaslığın da hansısa əsərə münasibətində sənətkar taleyinə heç bir aidiyyətinin olmamağıdır. Deməli, ənənəvi yanaşmada da mütləq dəyişiklik olmalı, münasibətdə bir az müasir baxış və meyarlar üzə çıxmalıdır. Etiraf edək ki, ənənəvi teatrşünaslıq artıq ölür”.
AMEA-nın kiçik elmi işçisi, teatrşünas Könül Əliyeva isə teatr və mass-media münasibətləri kontekstində birbaşa media qurumlarını tənqid etdi: “Bəzən media teatr sənətinə və onun müxtəlif problemlərinə münasibətdə işin məğzinə varmadan, baş verən hadisələrə dar baxış bucağından yanaşaraq, sanki hakim mövqeyindən çıxış edir. Çatışmayan nədir? Peşəkarlıq, intellektual səviyyə, sahəyə bələdlik, təcrübə, dəqiqlik. Düşünürəm ki, teatr jurnalistikamızın ən çatışmayan cəhəti predmetə sevgi ilə yanaşmaq istəyidir. Təbii ki, teatr jurnalistikası ilə məşğul olan şəxslərdən heç kəs pisə yaxşı, əyriyə düz deməyi tələb edə bilməz. Amma, gəlin, bir məqamı unutmayaq: haqqında yazdığımız, bəzən təriflədiyimiz, bəzən qamçıladığımız bu teatr bizim teatrımızdır, onun uğurları da, uğursuzluqları da bizimdir”.
AMEA-nın doktorantı, teatrşünas Elçin Cəfərovun fikrincə, zaman-məkan sənət növü olan teatr cəmiyyətin maddi, mənəvi, psixoloji durumu, mədəni-intellektual səviyyəsi ilə bilavasitə bağlıdır: “Bu sahədə məsuliyyət media mənsublarının üzərinə düşür. Cəmiyyətdə teatr sənətinə, mədəniyyətə münasibətin formalaşmasında onların bilavasitə təsir gücü böyükdür. Cəmiyyətə sağlam informasiya ötürmək işində qəzet-jurnal qismən, internet mediası bir az artıq, televiziya məkanı isə daha çox məsuliyyət daşıyır. Odur ki, özünü peşəkar hesab edən qələm əhli işinə və peşəsinə vicdanla yanaşsa, öhdəmizə düşən böyük bir missiyanın bir hissəsini yerinə yetirmiş olarıq”.
Yanaşmalardan da göründüyü kimi, teatrın təbliğatı işinə media qurumları ilə yanaşı, daha çox teatrlar özləri maraqlı olmalıdırlar. Mövzuya qayıdaraq media təmsilçiləri və teatrların mətbuatla əlaqəli şəxslərinin də fikirlərinə yer verəcəyik.
Həmidə Nizamiqızı