Səhnə nümunələrini festival ab-havasında geniş tamaşaçı kütləsinə çatdıraraq maraqlı layihələr reallaşdıran Bakı Uşaq Teatrı (BUT) daha bir teatr bayramına nail oldu.
Martın 11-də Milli Teatr Günü münasibətilə “Bizim Teatr Festivalı - 2”nin açılışı reallaşdı. “Bir teatr, bir festival” layihəsi çərçivəsində başlanan festival Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi ilə keçirilir.
ATXİ-nin “Mustafa Mərdanov səhnəsi”ndə keçirilən açılış mərasimində ittifaqın sədri, Xalq artisti, professor Azərpaşa Nemətov çıxış edərək BUT-un maraqlı layihələrlə daim diqqət çəkdiyini vurğuladı, belə festivalların tamaşaçıların teatra münasibətində mühüm əhəmiyyət kəsb etdiyini dedi, tədbir iştirakçılarına uğurlar arzuladı.
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan festivalın dörd gün davam edəcəyini, bu müddətdə bir-birindən maraqlı tamaşaların nümayiş olunacağını, hər gün müxtəlif mövzularda çıxış və müzakirələrin keçiriləcəyini diqqətə çatdırdı. Sonra teatrın aktyoru Ruslan Adgözəlovun ifasında muğam səsləndirildi və ardınca İntiqam Soltanın “Çağdaş Azərbaycan teatrında uşaq teatrının yeri” mövzusunda məruzəsi dinlənildi.
Çıxışlardan sonra tamaşaçılar festivalın ilk səhnə işinə - yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Oyun” əsəri əsasında Rəşad Nurinin hazırladığı eyniadlı tamaşaya baxdılar. Baş rollarını teatrın istedadlı artistləri Niyaz Qasımov və Könül Şahbazovanın ifa etdiyi tamaşa qlobal bəla kimi bütün bəşəriyyəti narahat edən narkomaniya, insan alveri, QİÇS kimi xəstəliklərlə bağlı mövzuların ümumi səhnə həlli kimi maraqlı idi.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə hazırlanan tamaşanın əsas məqsədi cəmiyyəti narkomaniya və QİÇS-ə qarşı mübarizəyə çağırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən səhnə əsəri gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılma yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.
Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşasında hadisələr real həyatdan götürülüb. Əsasən bir qrup tələbə arasında cərəyan edən hadisələr sonrakı bəlaların siqnalı kimi inandırıcıdır. Əsərdə “ağ ölüm”ün bir neçə gənci necə uçuruma sürükləyərək həyatını alt-üst etdiyi qabarıq detallarla göstərilir.
Yeniyetmələr və böyüklər üçün nəzərdə tutulan tamaşa izləyənlər tərəfindən maraqla qarşılandı. Onu da qeyd edim ki, səhnə əsəri Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə artıq 40-a yaxın rayonda, 20 ali və on orta ixtisas məktəbində nümayiş olunub.
Festivalın ikinci günü isə Tuncer Cücenoğlunun “Bir yoxsul olsaydım” tamaşası teatrsevərlərlə görüşdü. Teatrın sevilən aktrisası və rejissoru İlhamə Əhmədovanın quruluşunda səhnələşdirilən tamaşada Kəmalə Mustafayeva və Şahin Kazımov rol almışdılar. İnsan münasibətləri, sosial-mənəvi problemlərin yol açdığı ağrılardan bəhs edən tamaşa hər kəsi öz daxili dünyasına qapanmayıb, yaşadığı cəmiyyətin fərdi kimi missiyasını, həyat səhnəsindəki rolunu layiqincə oynamağa səsləyir.
Tamaşanın ardınca Xalq artisti Hacı İsmayılov səhnə əsəri barədə fikirlərini bölüşdü.
Festivalın 3-cü günü yazıçı-dramaturq Əli Əmirlinin çıxışı nəzərdə tutulub və C.Cabbarlının “Əhməd və Qumru” hekayəsi əsasında A.Soltanın ssenarisi və İ.Soltanın quruluşunda «Qucaqla məni» tamaşası göstəriləcək. Sonuncu gün isə dövlət rəmzlərinə həsr olunmuş, Əməkdar artist Ayşad Məmmədovla İ.Soltanın hazırladığı “Vətən” tamaşası nümayiş olunacaq.
Həmidə Nizamiqızı