Martın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Novruz bayramı ərəfəsində balacalara səhnə hədiyyəsi - “Məlikməmməd və sehrli almalar” tamaşası təqdim edildi. Tamaşadan əvvəl bahar bayramının personajları Keçəl və Kosa uşaqları uşaqları salamlayıb bayramlarını təbrik etdilər.
“Məlikməmməd” xalq nağılı əsasında səhnələşdirilən tamaşanın yaradıcı heyəti uşaqların nəbzini tuta bilmişdi. 1996-cı ildən repertuarda olmuş əsərin yeni quruluşunda sehrli nağıl aləminə fərqli baxış, müasir işıqlandırma və səs effektləri, rəngarəng musiqilər balacaları ecazkar bir aləmə aparmaqla yanaşı, hadisələrə real, səmimi yanaşma hissi aşılayır.
Premyeradan sonra tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov suallarımızı cavablandıraraq bildirdi ki, uşaq tamaşalarında geyim və dekor əsas şərtlərdən biridir: “Çünki uşaqlarda yüksək zövq formalaşdırmaq lazımdır. Tamaşanın uğurunda rəssam Elnur Babayevin də əməyi az deyil. Vaxtilə teatrımızın artistlərindən Xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Kübra Dadaşova, Sevinc Rzayeva və başqaları ilə birlikdə mən özüm də bu səhnə əsərində yer almışam. Bu gün isə teatrımızın ən gənc aktyorları səhnədə öz bacarıqlarını nümayiş etdirdilər. Musiqilər, rəqslər yeni formada təqdim edilib. Tamaşaya yeni ruh gətirməyə çalışmışıq”.
Rejissorun Milli Dram və Gənc Tamaşaçılar teatrlarında quruluş verdiyi tamaşalar maraqla qarşılanır. Bunu budəfəki premyerada da hiss etmək mümkün idi. Nicat Kazımov qeyd edir ki, onun üçün tamaşanın böyüyü-kiçiyi yoxdur. Çünki hər ikisinə eyni enerjini sərf edir. Amma nədənsə onun qismətinə daha çox uşaq tamaşaları düşüb.
Yeni səhnə əsərinin musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır. Rolları Asya Atakişiyeva, Günel Məmmədova, Roza İbadova, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Səbinə Məmmədova, Araz Pirimov, Bəhram Həsənov, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Rasim Cəfərov, Ramil Məmmədov, Vahid Orucoğlu, Eşqin Quliyev, Anar Seyfullayev, Yusif Dadaşov və Xəyal Salahov ifa edirlər.
Lalə