Teatrda olmaqla teatrla olmaq arasında çox fərq var. Birinci estetik zövq məkanında asudə zaman keçirib, proses olaraq baş verənlərə səthi baxışdırsa, ikincisi ömürlük bağlılıq, fədakarlıq, bir az da fanatiklik deməkdir. Həm tamaşaçılar, həm də səhnədəkilər arasında bu fərdləri seçmək çox asan olur. Elə qəhrəmanımı da bu üsulla tapdım. O, Azərbaycan teatr məktəbini görüb, burada təhsil alıb çalışıb, eyni zamanda yüksək fikirlərlə xarakterizə olunan qonşu gürcü teatrının təmsilçisi sayıla bilər.

Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının aktyoru Aslan Məmmədovla söhbətim bugünlərdə onun Bakıya səfəri zamanı gerçəkləşdi. Teatrın repertuarındakı əksər tamaşalarda baş rolların ifaçısı olan həmsöhbətim sənət ocağının keçdiyi çətinliklərdən, indiki vəziyyətindən, tamaşaçı münasibətindən söz açarkən teatr sevgisi ilə yaşamaq, teatrla olmaq səadətində qibtə olunacaq bir ovqatda idi: “Teatra həyatını bağlamaq üçün ilk olaraq sevməli və bu sevginin tam təmənnasızlığına inanmalısan. Tarixin bütün dönəmlərində əsl aktyor sənətdən heç nə ummadan yaşayıb, sözün tam mənasında aclıq və səfalət içində çapalayıb. Amma yenə də teatra, səhnəyə, sənətə xəyanət etməyib. Teatra bağlılığım hələ Gürcüstanda indiki Azərbaycan teatr truppası formalaşandan əvvəl başlamışdı. Sanki aktyor olub özümü isbatla “Tiflis teatrı açılmalıdır, bizlər varıq, teatrımızı yaşatmaq gücündəyik” deyib özümü ilhamlandırırdım. Yaxşı ki, belə də alındı və mən Gürcüstandan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyorluq üzrə təhsil almağa gətirilən 10 gəncin arasında aktyorluq arzularımı realizə etmək imkanı qazandım”.
Təhsilini başa vurduqdan sonra Aslan Gürcüstana, bərpa olunan Tiflis Azərbaycan teatrına qayıtdı. Sadiqliyini, istedadını, potensialını göstərmək üçün verilən meydana atıldı.
Teatral gürcülərlə azərbaycanlıların Tiflis teatrına münasibətindən danışan aktyor Gürcüstandakı soydaşlarımızdan narazı görünmür: “Tamaşaçılarımızı yavaş-yavaş teatra cəlb edirik. Əslində hər kəsdən də teatra gəlməyi, tamaşalarımıza baxmağı tələb edə bilmərik. Bu bir zövq, estetik tərbiyə məsələsidir. Amma gileyli olmaq da istəmirəm. Çünki biz binanın vəziyyəti ilə əlaqədar olaraq davamlı tamaşalar oynaya bilmirik. Ona görə də tamaşaçı barədə fikir yürütmək, onları qınamağı da ədalətli saymıram. Təbii bizi tək də qoymurlar, ildə bir neçə dəfə oynadığımız tamaşalar anşlaqla keçir. Yəqin tamaşaçı doğma dildə teatra, incəsənətə aclığını məhz bu yolla ifadə edir. Binasızlıq, qəzalı vəziyyətdəki səhnə bizi tamaşaçıdan uzaq salır. Əslində Tiflisdə kifayət qədər teatr binası var və onlarda icarə üsulu ilə tamaşa göstərmək tam azaddır. Sadəcə, maddi problemlərimiz bu arzumuzu tam şəkildə gerçəkləşdirməyə imkan vermir”.
Tiflis teatrı ilə Azərbaycandakı teatrların əlaqələri, yaradıcı mübadilə barədə də öz fikirləri var müsahibimin: “Bir Azərbaycan teatrı kimi bu əlaqələrin sıxlığı vacibdir. Ən azı ona görə ki, biz acınacaqlı şəraitdə, maddi məhrumiyyətlərdə yaşaya-yaşaya milli teatrımızın bir qolu olan Tiflis teatrını yaşatmağa çalışırıq. Bu təcrübə mübadiləsi üçün də vacib amildir. Xüsusən qastrol səfərləri və birgə layihələr bizim üçün daha maraqlıdır. Gürcü teatr mühitində olsaq da, ayrı bir məktəbin, Azərbaycan teatrının təmsilçisi olmağımız aydın sezilir. Ona görə biz daha çox Azərbaycan teatrları ilə təmasda olmağa çalışırıq. Böyük teatrlar, kollektivlər, onların bizə münasibətini görəndə bir növ ürəklənir, tək olmadığımızı anlayırıq. Əslində çalışdığımız gürcü teatr mühitindən də kənarda deyilik. Onlar tamaşalarımıza baxıb münasibət bildirirlər. Gürcü teatr mütəxəssisləri də tamaşalarımıza maraq göstərirlər. Onlar üçün Azərbaycan teatrının ənənəsi maraqlıdır”.
Səyyar tamaşaların azlığından söz açan Aslan Məmmədov azərbaycanlıların sıx məskunlaşdığı ərazilərdə daha çox da balacalar üçün tamaşalarla kifayətləndiklərini deyir: “Belə tamaşaların çoxunu pulsuz oynayırıq. Uşaqların teatr, səhnə haqqında fikirlərinin formalaşması üçün biz də əlimizdən gələni edirik”.
Aktyor gənclərin sənətə münasibətində şöhrət və maddi amillərin önə çəkilməsindən təəssüflə danışdı: “Bizim teatr bərpa dövründən sonra sadəcə gənclərin üzərində qurulduğundan nəsillər arasında problem anlayışı bizə yaddır. Amma bir teatrın aktyor truppasında hər nəslin nümayəndəsinin olması onun zənginliyi deməkdir”.
Həmsöhbətim sonda arzusunda olduğu rolları nə vaxtsa canlandıracağına əminliyini ifadə etdi: “Uşaq vaxtımdan ən böyük arzum “Ölülər”də Kefli İsgəndəri oynamaqdır. Çünki mənim üçün dünya teatrının ən klassik kişi obrazı məhz odur. İnşallah, bu arzuma da çataram”.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar