Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qonaqları mədəniyyət ocaqlarına da baş çəkib, paytaxtın mədəni həyatı ilə tanış olublar.

Mayın 19-da Argentina Mədəniyyət Nazirliyinin yaradıcılıq və ictimai mədəniyyət məsələləri üzrə katib müavini xanım Maria Elena Troncoso və bu ölkənin Azərbaycandakı səfiri Karlos Dante Riva Azərbaycan Dövlət Musiqili Teatrında olublar. Teatrın direktoru Əliqismət Lalayevlə görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirilib, Azərbaycan və Argentina dramaturqlarının əsərlərinin səhnələşdirilməsi məsələsinə toxunulub. Sonra teatrın binası ilə tanış olan, rejissor və aktyor heyəti ilə görüşən qonaqlar burada yaradılmış şəraitin yüksək səviyyədə olduğunu bildiriblər.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun Monteneqronun UNESCO üzrə baş katibi Mariya Raznatoviç və səfir Branko Miliç ilə görüşündə də iki ölkənin mədəni əməkdaşlığı, teatr əlaqələrinin perspektivləri müzakirə olunub. Qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrinin gerçəkləşdirilməsi ilə bağlı danışıqlar aparılıb. Teatrlar arasında davamlı əlaqələrin qurulmasına xidmət edəcək niyyət protokolunun imzalanması barədə razılıq əldə olunub. İ.İsrafilovun tamaşa, pyes və mütəxəssis mübadiləsi haqqında təklifi müsbət qarşılanıb və ilkin mərhələ kimi Milli Dram Teatrının Monteneqroya qastrol səfərinin təşkili planlaşdırılıb.
Dövlət Gənc Tamaşaçılar Teatrında isə Şri-Lankanın mədəniyyət naziri Nandimithra Ekanayake ilə görüş keçirilib. Teatrın direktoru Mübariz Həmidov qonağa mədəniyyət ocağı barədə məlumat verib. Yaradıcılıq məsələləri barədə fikir mübadiləsi aparılıb, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra layihələr müzakirə olunub. Nazir teatrın kollektivini gələn il keçiriləcək Kolombo Beynəlxalq Monotamaşalar Festivalına dəvət edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar