Türkiyədə yaşayan tanınmış aktyor və rejissor, Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov uzun fasilədən sonra Akademik Milli Dram Teatrında səhnəyə çıxacaq.
Teatrın direktoru İsrafil İsrafilovun sözlərinə görə, bu barədə sənətkarla görüşərək müzakirələr aparıblar. Bu il Azərbaycan peşəkar milli teatrının banilərindən biri, aktyor, rejissor, mesenat Cahangir Zeynalovun 150 yaşı tamam olur. Bu münasibətlə nəvə Cahangir baba Cahangirə tamaşa həsr etməyi düşünür.
Direktor bildirib ki, C.Novruzov teatrda A.P.Çexovun "Kalxas" əsəri əsasında tamaşa hazırlayacaq: "Bu əsəri səhnəyə qoymaq onun arzularından biridir. Tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Cahangir Novruzov özü olacaq. Mən də rejissor kimi dostuma yardım edəcəyəm. Həmin tamaşanı "Cahangirdən Cahangirə" devizi altında səhnəyə qoyacağıq".
İyulda C.Novruzov Bakıya gələcək və tamaşanın ilk məşqləri başlayacaq: "Əsəri dilimizə Cahangir özü tərcümə edib. Bir sözlə, bu tamaşa onun babasına, anası Nəsibə Zeynalovaya və özünə ən gözəl hədiyyəsi olacaq".
Həmidə Nizamiqızı