“Əslində biz yarışlara gəlmişdik, lakin mədəni proqramlar da hədsiz marağımıza səbəb oldu”
Ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunları zəngin mədəniyyətimizi, incəsənətimizi nümayiş etdirmək üçün gözəl fürsətdir. Çünki idman bayramına gələn əcnəbi qonaqlar yarışları izləməklə yanaşı, Azərbaycanı da “kəşf” edirlər. Mədəniyyətimizin nümunəvi təqdimatı məqsədilə “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, teatr-konsert müəssisələrinin iştirakı ilə zəngin mədəni proqram hazırlanıb. Mədəni proqram çərçivəsində paytaxtın aparıcı teatrları da repertuar seçiminə xüsusi diqqət ayırıblar. İyunun 12-dən etibarən teatrlarda tamaşaların sinxron və titrlərlə tərcümədə nümayişi həyata keçirilir.
İlk Avropa Oyunları ilə bağlı bu yenilikləri izləmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Dövlət Musiqili teatrlarında olduq.
Subtitrli nümayişlər Avropa Oyunlarından sonra da davam edəcək
Gənc Tamaşaçılar Teatrında M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşası təqdim olunurdu. Yerli izləyicilərlə yanaşı, əcnəbi qonaqların da zalda olması diqqətimizdən yayınmadı. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirdi ki, teatrda artıq 7-ci tamaşa sinxron və titrlərlə nümayiş olunur: “Bir neçə gün öncə təqdim edilən “Romeo və Cülyetta” tamaşasında da xeyli sayda əcnəbi qonaq iştirak edirdi. “III Riçard” tamaşasına da xarici vətəndaşlar gəlmişdi. Avropa Oyunları çərçivəsində dünya klassikası və Azərbaycan dramaturqlarının seçmə əsərlərini repertuarımıza daxil etmişik. İnanıram ki, şəhərimizin qonaqları teatrlarımızla tanış olmağa zaman tapacaqlar. Onu da qeyd edim ki, ötən illərlə müqayisədə bu mövsüm yerli tamaşaçıların teatra marağı daha böyükdür. Tamaşalar zamanı ingilis dilində subtitrlərin tətbiqi Oyunlar bitdikdən sonra da davam etdiriləcək. Tərcümə etdiyimiz tamaşalar repertuar müddətində daim işlək olacaq. Digər bir hal isə ondan ibarətdir ki, hazırda tərcümə edilmiş tamaşalardan hər hansı biri digər xarici ölkələrdə festivala dəvət alarsa, biz həmin tamaşanı orada təqdim edə bilərik. I Avropa Oyunları çərçivəsində tətbiq edilən yeniliyin müsbət tərəflərindən bəhrələnmək və bunu gələcəkdə də istifadə etmək imkanımız yarandı”.
M.Həmidov qeyd etdi ki, Gənc Tamaşaçılar Teatrı təmir ediləndə hərəkətedici qurğularla təchiz edilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə digər teatrlara da bu qurğular gətirilib. Teatrlarımız tətbiq edilən bu yeniliklə tamaşaçı auditoriyasını daha da genişləndirmiş olurlar.
Tamaşanı izləyənlər arasında İtaliya, Türkiyə, Çin və Pakistandan gəlmiş turistlər var idi. Bir gün əvvəl “III Riçard” tamaşasına isə Belarus və Rusiyadan izləyicilər gəlmişdi. Belaruslu qonaq bir neçə dəfə Bakıda olduğunu, amma ilk dəfə Azərbaycan aktyorlarının çıxışını izlədiyini qeyd etdi. Avropa Oyunları və şəhərimiz haqqında təəssüratlarını bölüşən əcnəbi qonaqlar razılıqlarını ifadə etdilər. Tamaşa zamanı tərcüməni dəyərli hadisə kimi qiymətləndirərək, məmnun qaldıqlarını bildirdilər.
İyunun 20-də nümayiş olunan “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası zamanı zaldakı qonaqlar əsl Şərq koloriti ilə tanış oldular. Musiqi nömrələri, milli geyimlər xüsusilə diqqət çəkirdi. Eyni zamanda əsərin məzmununu düzgün qavramaları onlarda təəssürat yarada bilirdi. Tamaşadan sonra teatrın direktoru qonaqlarla görüşərək tamaşa ilə bağlı təəssüratlarını öyrəndi. Amerika Birləşmiş Ştatlarından, Meksika, İtaliya, Türkiyə, Çin və Pakistandan gəlmiş qonaqlar tamaşanın koloriti, eləcə də teatr binasının orijinal dizaynı ilə bağlı fikirlərini bölüşdülər.
Tamaşaların əksəriyyətini xarici qonaqlar da izləyirlər
Bu ay ərzində Azərbaycan Dövlət Musiqili Teatrında 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulub. Səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxil edilib. Teatrın rəhbərliyi bildirir ki, ölkəmizə dünyanın müxtəlif ölkələrindən qonaqların gəlməsi ilə əlaqədar repertuarda olan bir sıra əsərlərin ingilis dilinə tərcüməsi reallaşdırılıb. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, O. Kazimi və R.Heydərin “Qızıl toy”, J.B.Molyerin “Skapenin kələkləri”, Ə.Haqverdiyevin “Kimdir müqəssir?”, R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə qaçan titrlər vasitəsilə əcnəbi qonaqlar üçün nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan bu imkanlar gözləniləndən də yüksək effekt verib.
Teatrda bir sıra tamaşalar eyni zamanda rus dilində də nümayiş olunur. İyunun 18-də J.B.Molyerin “Skapenin kələkləri” tamaşası nümayiş etdirildi. Tamaşadan əvvəl teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirdi ki, bu günlər teatrda nümayiş olunan tamaşaların əksəriyyətini xarici vətəndaşlar da izləyiblər. Bu da turistlərin Azərbaycan incəsənətinə marağının nümunəsidir. Tamaşalara Almaniyadan, Rusiyadan və Ukraynadan qonaqlar gəliblər. Rus dilində oynanılan səhnə əsərləri isə xarici qonaqlara eyni zamanda ingilis dilində də subtitrlər vasitəsilə təqdim olunur.
Teatr qonaqların yaradıcı heyətlə tanışlığı üçün də şərait yaradır. “Skapenin kələkləri” tamaşasında rolları Əməkdar artist Boris Qrafkin, aktyorlar Emil Heydərov, Marina Litvinenko, Nadejda Povelisina, Kamil Osmanlı, Firuz Məmmədov, Əliməmməd Novruzov, Rauf Babayev, Yuliya Heydərova ifa edirdilər.
Tamaşadan sonra qonaqlar əsərin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Musiqili Teatrın direktor müavini Hüseyn Hüseynovla görüşdülər. Səmimi şəraitdə keçən söhbət zamanı qonaqlar tamaşadan razı qaldıqlarını, təqribən iki saat ərzində çox böyük mənəvi zövq aldıqlarını bildirdilər. “Teatrınızın çox unikal və möhtəşəm binası var. Tamaşa da yüksək səviyyədə hazırlanıb. Tamaşanı izlədikcə bizə elə gəlirdi ki, sanki Avropanın ən inkişaf etmiş ölkələrindən birinin teatr salonundayıq. Azərbaycan son illərdə Avropada ən çox inkişaf etmiş ölkələrdən biridir. Elə təkcə I Avropa Oyunlarının açılış mərasimi bunun əyani sübutudur”, - deyə qonaqlar fikirlərini bölüşüblər.
Fasilə zamanı biz də xarici turistlərdən bir neçəsinin təəssüratlarını öyrənməyə çalışdıq. Əvvəlcə qeyd edim ki, əllərində Bakının xəritəsi olan qonaqlar teatrdan sonra hansı əyləncə məkanına gedəcəklərini müzakirə edirdilər. Tamaşa və Bakı haqqında təəssüratları isə çox yüksək idi. Şəhərin müasirliyi və qədimliyi, eyni zamanda teatrların mərkəzdə yerləşməsi onların daha çox xoşuna gəlmişdi. Bildirirlər ki, burada hər kəs onları mehribanlıqla qarşılayır, lazım olan köməyi əsirgəmirlər.
Sloveniyalı Leo Osred ilk dəfə Bakıya gəlib və gözəl təəssüratları var: “Bakıya gələndə bu cür ab-hava ilə qarşılaşacağımız ağlımıza belə gəlməzdi. Həm mədəniyyəti həm də nəhəng idman sarayları olan bir ölkənin şahidi olduq. Əslində biz yarışlara gəlmişdik, lakin mədəni proqramlar da hədsiz marağımıza səbəb oldu. Gün ərzində yaradılan bayram əhvalı bizi sevindirir”.
Yerli tamaşaçılar da bu yeniliyə biganə deyillər. İstər Gənc Tamaşaçılar Teatrı, istərsə də Musiqili Teatrda olduğumuz zaman sənətsevərlərimizin tətbiq olunan yeniliklərə münasibətinin müsbət olduğunu müşahidə etdik.
Lalə Azəri