Mənəviyyatı reanimasiyada olanlara xitab
Hörmətli soydaşımız, Ənvər Börüsoy, müasir Azərbaycan teatrının problemləri ilə bağlı fikirlərinlə tanış olarkən məndə sənin səmimiyyətinə şübhə yarandı. Yazıda qərəzli fikirlər çox aydın şəkildə nəzərə çarpır. Mənə elə gəlir ki, səni narahat edən teatrımızın taleyi deyil, başqa bir amildir. Əks təqdirdə Azərbaycan teatrının son illərdə keçdiyi inkişaf yolunu, dövlətimizin bu sahəyə diqqət və qayğısını bu qədər görməzdən gəlməzdin.
Ölkə Prezidentinin 18 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi çox böyük işlər görür. 2010-cu ildən başlayaraq, iki ildən bir Bakıda keçirilən beynəlxalq konfransda dünya teatrlarının problemləri araşdırılır. Bu tədbirlərdə vətənini sevən bir vətəndaş kimi iştirak etsəydin, görərdin ki, Azərbaycanda teatr sənətinin inkişafı, dünya teatr məkanına inteqrasiyası üçün hansı işlər görülür və bütün bunlar müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər tərəfindən necə rəğbətlə qarşılanır.
Mənə elə gəlir ki, bir sənətşünas olaraq sən teatrın direktorlarından deyil, teatrda hazırlanan tamaşalardan yazsaydın daha yaxşı olardı.
Məsələn, “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalının və Azərbaycan teatrının 139-cu mövsümünün bağlanışında Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası haqqında fikir bildirsəydin, mən sənin fikirlərini 2013-cü ilin iyun ayında Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli xalqların “Nauruz” XI Beynəlxalq Teatr Festivalında həmin tamaşanı oynadıqdan sonra teatr tənqidçiləri -Yevgeniya Rozanova (Moskva), Yelena Qerusova (Sankt-Peterburq) və Nina Kirayın (Budapeşt) söylədiyi fikirlərlə müqayisə edərdim.
Amma nədənsə belə bir yazı dərc olunmadı. Çünki sən yaxşı şeylərə dəyər verməyi bacarmırsan. Sənin yazını oxuduqda belə qənaətə gəlmək olar ki, milli mədəniyyətimizi gözdən salmaq üçün gizli bir dəstə mövcuddur. Amma bütün bu səyləriniz əbəsdir və məqsədə çata bilməyəcəksiniz. Çünki milli teatrımız, sənin iddia etdiyinin əksinə olaraq, reanimasiyada deyil, inkişaf yolundadır.
İstərdim biləsən ki, Üzeyir bəyin vəfatından sonra, 1949-cu ildə Şuşa Dövlət Musiqili Dram Teatrı bağlandıqdan sonra, 41 il ərzində Şuşada dövlət teatrı fəaliyyət göstərməmişdi. 1980-ci illərin əvvəlindən başlayaraq Şuşada teatr mühiti yenidən canlanmağa başladı. Yerli aktyorların və musiqiçilərin qüvvəsi ilə müxtəlif janrlarda tamaşalar hazırlanaraq tələbkar Şuşa tamaşaçılarının ixtiyarına verildi. Bunun nəticəsi olaraq 1987-ci ildə Şuşada xalq teatrı, 1990-cı ildə dövlət teatrı yaradıldı. Onu da qeyd edim ki, bu tamaşalarda mən həm rejissor, həm də aktyor kimi çıxış etmişəm. Bu gün də tamaşalarda aktyor və müğənni kimi çıxış edirəm. Əsgər (Üzeyir Hacıbəyli - “Arşın mal alan”), Zəfər (Süleyman Ələsgərov və Şıxəli Qurbanov - “Özümüz bilərik”), Cəsarət (Vasif Adıgözəlov və Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu”), Aşıq Murad (Səid Rüstəmov və Süleyman Rüstəm - “Durna”), Aşıq Vəli (Nəcəf bəy Vəzirov “Yağışdan çıxdıq, yağmura düşdük”) buna misal ola bilər.
1992-ci ildən Bakı şəhərində fəaliyyətini davam etdirən, qədim şəhərimizin adını yaşadan Şuşa Dövlət Musiqili Dram Teatrının bir çox tamaşalarında izləyicilərin münasibətini öyrənmək məqsədilə mən zalda, onların arasında olmuşam. Amma bir dəfə də olsun səni Şuşa teatrının tamaşalarında görməmişəm.
Sən o vaxtlar qəzet biznesi ilə məşğul idin. Sonra uzun müddət yoxa çıxdın. İndi yenidən peyda olub bir budaqda oturaraq, min budağı silkələyirsən.
Yeri gəlmişkən, qəzetsatan sənətşünas ola bilər, aktyor teatr direktoru ola bilməz? Aktyor teatrın fəhləsi də ola bilər, direktoru da. Aktyor tamaşa da hazırlaya bilər. Qeyd edim ki, yazıda adını çəkdiyin Adil İsgəndərov mənim sənət müəllimim olub. Onun məşq proseslərini izləyə-izləyə böyük sənətkarımızdan həm də rejissorluq sənətini öyrənmişəm. Teatrımızın repertuarında olan Ü.Hacıbəylinin “Arşın mal alan”, S.Ələsgərov və Ş.Qurbanovun “Özümüz bilərik” operettaları, S.Qənizadənin vodevilləri əsasında “Ayının min bir oyunu” məzhəkəsi, Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsi, A.Əliyevin “Cəhənnəmə gedən yol” monotamaşası buna əyani sübutdur.
Bu yaxınlarda öz kollektivimizlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əli Əmirlinin “Şah Qacar” tamaşasına baxırdıq. Tamaşa qurtaranda mən yoldaşlardan tamaşa haqqında soruşanda hamısı bir ağızdan dedi ki, bu, əsl sənət hadisəsidir. Sən həmin vaxt teatrın qarşısında gəzişirdin. Əgər tamaşaya baxsaydın, görərdin ki, bu əzəmətli teatr məktəbi indi “dəfn edilmək”də deyil.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmirdən sonra təkcə görkəmini deyil, həm də sənət simasını dəyişmişdir. Əgər sən intiqam hissi ilə deyil, əsl sənətşünas gözü ilə baxsan, görərsən ki, son illərdə bu teatrda müxtəlif janrlarda nə qədər tamaşalar hazırlanmışdır.
Qaçqın və məcburi köçün olan teatrların direktorları səni və bizim düşmənimiz olan erməniləri sevindirməmək üçün hər bir çətinliyə sinə gərərək, rəhbərlik etdikləri sənət ocaqlarını yaşatdıqları halda, bu teatrların adını hallandırdığın üçün sənə çox ayıb olsun. Bu sənə başıaşağılıqdan başqa heç nə verməyəcək. Ümumiyyətlə, bu yazınla sən öz mənəviyyatının reanimasiyada olduğunu sübut elədin.
Yadigar Muradov,
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist