Başqa ad da tapmaq, lap elə “gurultulu tamaşaçı alqışı qopdu” demək də olardı. Sadəcə ilk reaksiya budur: danışıqdan çox susub anlatmasına adət etdiyimiz pantomimçilər həmişəki heyrəti yarada bilmədilər. Dövlət Pantomima Teatrı kiçik, 5-6 metrlik səhnəsində illərdir, 5-6 min illik tarixi olan mətləblər hərəkətlərin dili ilə danışıb bizimlə. Bu dəfə isə bir ayrı ovqat yaşandı: “mim”çilər dilə gəldi, həm də “Hamlet”in lisanında. Necə gəldi, bu klassik danışıqda yeni hansı söz-hərəkət oldu, bax bunu indi ayırd etməyə çalışaq.

Uilyam Şekspirin məşhurdan məşhur “Hamlet” faciəsi. Əla, alqışlansın. Çünki bu əsərdə yaşamdan ölümə hər şey var. Əsas odur ki, yaxşı oxuyub oynayasan. Pantomima Teatrının istedadlı, mimləri ilə bizə ən ağır həyat mətləblərini belə sevə-sevə başa salan aktyorları və onların ustadı, teatrın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə öz hücrələrində böyük “Hamlet”ə də meydan verdilər.
Sadə, daha doğrusu, zil qara səhnə, ortada qoyulmuş qırmızı məxmər kürsü və bizi prosesə fokuslayan musiqi və işıqlar.
Uğurlu baxışdır. Qaranlıq səhnə ilə faciənin məkanı qısa yolla vurğulanır. Dar səhnəyə dərinlik vermək və tamaşaçını əsas ideyaya kökləmək baxımından bu “priyom” əla düşünülüb. Qara səhnə, bütün tamaşa boyu tam qara geyinmiş aktyorlar ruhları daraltmır, darıxdırıcı deyil, əksinə, tamaşaçını əlavə detallarla yormur. Bu qaranlığı daha təsirli etmək və yaxşı təsvirləmək üçün tütək səslənir, arabir lap uzaqdan kilsə zəngi çalınır. Yəni hamı, hər şey sona doğru son cığırdadır. Sanki zahirdə və batində bitmiş, dağılmış, məhvə yuvarlanmış “mən” var orda.
Budur, bu cığırın ilk yolçusu görünür. Addım səsləri eşidilir və Horatsio (Əli Əlizadə) eynəyini taxıb qara kitabdan qara düşüncələrlə deklamasiya edir. Özünə, dağınıq fikirlərinə, kənardan qorxaq, fağır, bəlkə də rəzil kimi görünən bədəninə, ondan uzaq düşən ruhuna ikrahla parçanı bitirir və “sözlər... sözlər... sözlər...” deyib kitabı yerə atır. Oxuduğuna, özünə, göz önündən keçirdiklərinə qəzəb, ikrah, bir az da etinasızlıq qorxusu ilə kürsünün yanına çökür və fleytasını çıxarıb barmaqlarını onun dəliklərində gəzdirməklə qəmli nota köklənir. Birdən işıqlar sönür və yandıqda biz eyni vəziyyətdə Hamleti (Azər Axşam) görürük.
Bununla rejissor bizə hadisələrin əslində Horatsionun xatırlamasından göstərildiyini deyir. Buna nə qədər ehtiyac var bilmirəm, amma keçid kimi pis deyildi. Ən azı səthilik yox idi və bizə Hamletin yaxın dostu və sirdaşını, ruh həmsöhbətini əvvəldən vurğulamaq istədi.
Hamlet ilk andan obrazındadır. O, işıqların altında boğulur, özünün dağınıq fikirlərində, rəzil yaşantılara qurban vücudunda sıxılır. Haqlıdır da. Anası Gertruda kral atasının ölümündən az keçmiş qatil, xəyanətkar əmisinə - Klavdiyə ərə gedib. O, hər kəsə nifrətdə, intiqam hissində, ikrahında, məşəqqətində, üsyanında haqlıdır. Saray əyanlarının dəli, axmaq, yelbeyin kimi gördüyü adam olaraq özünü ilk növbədə elə özünə sübuta ehtiyacı var.
Tamaşa ləng başladığından və bütün bu mətləblər Azər Axşamın zəif vücudunda çulğandığından tamaşaçı bir az darıxdı. Əslində, bütün tamaşa boyu Hamletə fokuslanma, bütün aktyorların ondan keçib onun oyununda “ilişməsi” kənardan bir az cansıxıcı görünürdü. Ümumi ampluada hər aktyor öz oyununu oynayırdı, təbii. Amma ümumilikdə səslərinin ahəngi hərəkətlərinin ritmsizliyində çaşqınlıq, yoruculuq yaradırdı.
Ayrı-ayrılıqda oyun iştirakçılarının ifasını analiz etdikdə bu mənzərə daha aydın görünür: hər şey Hamlet üçün...
Məsələn, ona sevgi səadətinin və sədaqətinin saxta nümayişində israrlı Ofelya (Solmaz Bədəlova) çaşqındır, təsirsizdir, yumşaq dildə desək, sadəcə icraçıdır. Gözəl qadın emosiyasız və ifadəsizdir. Özünü də, tərəf-müqabilini də, tamaşaçını da darıxdırır, replikalarının bitməsi və intihar sonucunda yerə sərilməsi ilə canını qurtarır.
Rozenkrans (E.İsmayılov) və Gildenstern (C.Dadaşov) saxta, alçaq, ruhsuz qəhrəmanlarını ifada tempi tuta bilirlər. Onlar daha çox səhnədə görünməyə hesablandıqlarından bunu yaxşı bacarırlar. Gözəl və cazibədar Gertrudanın (Səbinə Hacıyeva) oyununda isə nə ananın faciəsi, nə xəyanətkar qadının yaşantıları, nə rəzil və acı sonluq onun ifasında təsirli alınır. Səs tembri, diksiyası - sanki robot danışır və sən səbrini basaraq o robotun son göstərişi icra edib susmasını, getməsini gözləyirsən...
İşıqlı, eşidilən və görülən ifalar da var tamaşada. Yamsılama, az qala tipik eyniyyət olsa belə, tamaşaçıda saray yaltağının modelini yaradan və bunu - yəni obrazlardan seçkiliyini qəribə bir uşaq sevinci ilə tamaşaçıya ötürən Poloni (Nurlan Rüstəmov). Fərqli duyumda Bəhruz Əhmədlinin Laerti təsirli, səmimi və baxımlı idi. Xüsusilə də döyüş səhnəsində. Əslində, məhz bu səhnə tamaşaçı üçün daha yaddaqalan və cəlbedici, təsirli idi.
Əli Əlizadənin Horatsiosu isə nə etdiyini bilir, obrazının yaşantısını duyaraq çatdırırdı. Hərəkətlərini, dostunun faciəsinə yanğısını ifadəsində səmimi idi.
Hiyləgər kral Klavdi (Əməkdar artist Elman Rəfiyev) isə əsl obrazında idi, kralın daxilinə girə bilmişdi. Yalan və hiylələrində, riya və saxta hislərində təbii və baxımlı idi. Gələk bizim Hamletə. Azər Axşamın qəhrəmanı faciəsində real vəziyyətini yaşadı. Çoxdandır səhnələrdə, obrazda görmədiyim aktyor faciəsinin müqabilində oyun göstərə bildi. Ağlamağı, hayqırmağı, qəzəbi və nifrəti bol olan oyunda tamaşaçıya qarışıq hislər ötürdü. Ən əsası, nəyi və niyə oynadığını göstərdi.
Tamaşada baş rejissorun uğurlu səhnələrindən biri də maskalarla, dinamik musiqi ilə müşahidə olunan tələ, qətl səhnəsi idi. Hamletin istədiyi bu səhnəni ifa edən aktyorlar əsas sirrin - Hamletin atasının qatillərinin iç üzünü açdı və bundan sonra tamaşa ta axıradək öz dinamikasını qoruyub saxlaya bildi. Bir saat yarımdan artıq sürən tamaşanın ləng hissələri bundan sonra özünü ritmik ahəngə köklədi.
Bütün ölənlərin - təbii ki, baiskar Hamletdir - səhnəyə səpələnməsi və beləcə olumla ölüm arasındakı ani məsafə də maraqlı həll olunmuşdu.
Tamaşa Horatsionun deklamasiyası ilə başladığı kimi də bitir: “sözlər... sözlər... sözlər...” Bir yığın tamaşaçını yox içində varlığa inandırmağa çalışan “Hamlet” susqun baxışlarla qapqara pərdənin arxasına keçdi və beləcə bir romantik arzu ilğımlandı: insan istərsə...

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar