Azərbaycan peşəkar milli teatrı daha bir mövsümü başa vurmaq üzrədir. Hər ili sənət uğurları, yaxşı tamaşa və bol tamaşaçı sevincləri ilə başa vurmaq arzusunda olan teatrlarımız bu mövsümdə nə ilə yadda qaldılar? Bu yazıda paytaxtdan kənarda teatr mənzərəsinə nəzər salacağıq.

Öncə paytaxta ən yaxın olan Sumqayıt Dövlət Dram Teatrı barədə. Mövsümü məhsuldar yaşadıqlarını deyən teatrın direktoru İslam Həsənov bunu zövqlü izləyici auditoriyası ilə izah etdi: “Daim yeni, fərqli, maraqlı quruluşlarla tamaşaçılarımızı sevindirməyə çalışırıq. Buna görə də yerli rejissorlarla yanaşı, xarici teatr mütəxəssislərinə də müraciət edirik. Bunlardan biri də ukraynalı rejissor Arkadi Neputaliuk oldu. Onun quruluşunda Nikolay Qoqolun "Ölü canlar" əsərinin motivləri əsasında "Çiçikovun sərgüzəştləri" adlı tamaşa hazırlandı. Qısa müddətə ərsəyə gələn səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılandı”.
Direktorun sözlərinə görə, teatr planda nəzərdə tutulan bütün tamaşaları təqdim edib, xarici ölkələrdə qastrol səfərlərində olublar. Kollektiv Türkiyənin İzmir şəhərində keçirilən "Menemen Teatr Festivalı"nda uğurla təmsil olunub, Əziz Nesinin "Öldür məni, can-ciyər" adlı tamaşasını təqdim edib.
Mövsümə iyulun 15-də “Öldür məni, can-ciyər” tamaşası ilə yekun vurulacaq. Hazırda yaradıcı kollektiv M.F.Axundzadənin “Hacı Qara” əsəri üzərində son məşqlərini aparır və tamaşa qarşıdakı mövsümdə teatrsevərlərin ixtiyarına veriləcək.
Sentyabr ayında teatrda Bolqarıstandan dəvət olunacaq rejissor, rəssam və bəstəkarın təqdimatında U.Şekspirin “Otello” əsərinə quruluş veriləcək. Dövlət sifarişi ilə hazırlanacaq tamaşa müzikl formasında olacaq.
* * *
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Xalq yazıçısı Elçinin 30-cu illər repressiyasından bəhs edən “Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə iyulun 20-də özünün 124-cü mövsümünü başa vuracaq. Bu mövsümdə teatrda Ağaddin Babayevin “Üç qardaş”, özbək dramaturqu Şərəf Başbəyovun “Dəmir qadın”, Əlibala Əsgərovun “Əlibaba və qırx quldur”, Lev Korsunskinin “Kələkbaz” əsərləri tamaşaya qoyulub.
Payız aylarında isə teatrın baş rejissoru Tural Mustafayevin quruluşunda Kamal Abdullanın “Unutmağa kimsə yox” və rejissor Oruc Qurbanovun quruluşunda N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının motivləri əsasında “Milyonçu dilənçi” əsərlərinin hazırlanması nəzərdə tutulub.
Teatr yay qastrollarına çıxmağı da planlaşdırıb. Əvvəlcə kollektiv Ucar rayonunun sənətsevərlərinə S.M.Qənizadənin “Xor-xor” vodevilini təqdim edəcək. Qonşu Lerik rayonunun tamaşaçıları isə Xalq yazıçısı İlyas Əfəndiyevin “Qəribə oğlan” komediyasına baxmaq imkanı qazanacaqlar. Daha sonra truppa yolunu Hacıqabul, İsmayıllı və Şabran rayonlarından salacaq. Həmin rayonlarda Üzeyir Hacıbəylinin hekayə, pamflet və felyetonları əsasında hazırlanmış “Olanlardan-keçənlərdən” tamaşası nümayiş etdiriləcək.
Lənkəran teatrı İranın Tehran şəhər teatrı ilə də əməkdaşlığa başlayıb. Teatrların qarşılıqlı surətdə həm Tehranda, həm də Lənkəranda tamaşalarla çıxış etməsi, həmçinin digər yaradıcılıq mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulub.
* * *
Horadiz şəhərində fəaliyyət göstərən Füzuli Dövlət Dram Teatrında da yeni tamaşalar hazırlanıb, cəbhəyanı bölgənin teatrsevərləri maraqlı səhnə əsərləri ilə tanış olublar. Belə ki, bu ilin repertuarına daxil olan Rəhman Əlizadənin "Dünyanın axırı” əsərinin premyerası keçirilib. 26-cı mövsümünü iyulun 15-də N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük” komediyası ilə yekunlaşdıracaq teatr yeni mövsümünü sentyabr ayında M.F.Axundzadənin “Hacı Qara” tamaşası ilə açacaq.
* * *
46-cı mövsümü bağlamağa hazırlaşan Mingəçevir Dövlət Dram Teatrının kollektivi üçün bu mövsüm yeni tamaşalarla yanaşı, təltiflərlə də yadda qalıb. Teatrın ədəbi hissə müdiri Mədinə Abbasova “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, Əməkdar artist Akif Mirabov isə Prezident mükafatına layiq görülüb.
Teatrın direktoru Səxavət Məmmədov yalnız Mingəçevir teatrsevərlərinin deyil, yaxın rayonların da tamaşaçılarını yeni tamaşalarla sevindirdiklərini, bir neçə uğurlu qastrol səfərləri etdiklərini bildirdi: “Mövsümün ən yaddaqalan qastrol səfərlərindən biri də 13 illik fasilədən sonra yenidən teatrımızın Bakı şəhərinə qastrol səfəri etməsi oldu. Xalq artisti Zülfüqar Abbasovun quruluşunda hazırlanmış S.S.Axundovun “Eşq və intiqam” pyesi Akademik Milli Dram Teatrının səhnəsində uğurla oynanıldı. Bu mövsümdə teatrda bir neçə yeni tamaşa hazırlandı. Bu premyeralar şəhər tamaşaçıları üçün əsl teatr bayramına çevrildi. Ən əsası odur ki, bu il Mingəçevir teatrı yerli tamaşaçıları ilə yanaşı, xarici teatrsevərlərin də zövqünü oxşadı. Birinci Avropa Oyunları ilə əlaqədar şəhərimizə gəlmiş qonaqlara - turistlərə, idmançılara və könüllülərə 14, 15,16 iyun tarixlərində müxtəlif mövzulu tamaşalar təqdim edildi”.
Qeyd edək ki, Mingəçevir teatrı 46-cı mövsümü 15 iyulda Əli Əmirlinin “Xoşbəxt gün” pyesi əsasında Xalq artisti Vaqif Əsədovun hazırladığı “İki yetimin taleyi” tamaşası ilə bağlayacaq.
* * *
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı isə mövsümü iyunun 30-da Əhməd Orucoğlunun "Oğru" tamaşası ilə bağlayıb. Mövsümün kollektiv üçün əlamətdar hadisələrlə xarakterik olduğunu deyən teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbaba Səlimli yeni mövsümdə hazırlanacaq iki səhnə əsəri barədə danışdı: “Sentyabr ayından etibarən türkiyəli yazıçı və teatr xadimi Haldun Tanerin “Və dəyirman dönərdi” əsəri əsasında eyniadlı tamaşanı hazırlayacağıq. Bildiyiniz kimi, bu il türk yazıçısının 100 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən “Haldun Taner ili” elan olunub və bu münasibətlə silsilə tədbirlər hazırlanır. Biz də bu tamaşa ilə noyabr ayında həmin mərasimlərə qatılacağıq. İlin sonunda isə Migel de Servantesin "Don Kixot" romanı əsasında Mixail Bulqakovun qələmə aldığı səhnə variantında eyniadlı tamaşa hazırlanacaq”.
* * *
Ölkənin qədim sənət ocaqlarından olan Gəncə Dövlət Dram Teatrı da mövsümü məhsuldar başa vurub. Teatrın direktoru Əli Qasımov bildirdi ki, kollektiv hər mövsümdə fərqli mövzulu əsərləri səhnəyə qoymağa, yeni nəsil tamaşaçıların da zövqünü oxşamağa çalışır: “Teatrımızın baş rejissoru İradə Gözəlovanın maraqlı təklifləri ilə bu yaradıcı proses daha geniş vüsət alacaq. Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası ilə iyulun 15-də mövsümü başa vuracaq, elə həmin tamaşa ilə də yeni mövsümə start verəcəyik. Bu mövsümdə ümumilikdə 3 tamaşanı hazırlayıb təhvil verdik. İlin sonunadək isə daha bir tamaşanı hazırlamağı düşünürük”.
* * *
Qazax Dövlət Dram Teatrı mövsümü Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” əsərinin tamaşası ilə başa vurub. Kollektivi yeni mövsümü də sentyabrın 22-də bu tamaşa ilə açacaq. Teatrın direktoru Saqif İskəndərov daha iki səhnə əsərini hazırlayacaqlarını bildirdi: “Əhməd Orucoğlunun “Sevmək qadağandır” komediyasını teatrımızın baş rejissoru Musa Eyyubov hazırlayacaq. Bundan başqa, gürcü müəllifi A.Çixadzenin “Sərbəst mövzu” adlı maraqlı bir əsəri səhnələşdiriləcək. Ona isə gürcüstanlı rejissor quruluş verəcək”.
* * *
Qusar Dövlət Ləzgi Dram Teatrı isə mövsümü meydan tamaşalarının nümayişi ilə iyulun 20-də başa çatdıracaq. Teatrın direktoru Faiq Qardaşov kollektivin rayon mərkəzi və kəndlərdə “O olmasın, bu olsun” və “Yeni müdir” tamaşaları ilə çıxış etdiyini, bununla rayona gələn turistlərin də mədəni istirahətini rəngarəng etməyə çalışdıqlarını dedi.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar