Opera və Balet Teatrının simfonik orkestri Almaniyaya səfərdən qayıdıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri avqustun 4-dən 11-dək Almaniyada səfərdə olub. Kollektiv Bavariya əyalətində keçirilən XIX Qut-İmmlinq opera festivalında uğurla çıxış edib.

Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Mirzəyeva qəzetimizə açıqlamasında bildirib ki, Qut-İmmlinq festivalına bütün dünyadan klassik musiqi həvəskarları toplaşır və bu tədbirə məşhur solist və musiqi kollektivləri dəvət olunur: “Festival Avropada ilin əsas mədəni hadisələrindən biri sayılır. Festivalın musiqi rəhbəri və baş dirijoru baronessa Korneliya Kerssenbrok haqqında bizim mətbuatda çox yazılıb. O, teatrımızda dəfələrlə tamaşaları idarə edib və teatrın professional səviyyəsini yüksək qiymətləndirir. Almaniyalı musiqi mütəxəssisi həm də bizim ölkəmiz haqqında hər zaman böyük məhəbbətlə bəhs edir və məhz o, musiqiçilərimizin festivala dəvət olunmasının təşəbbüsçüsüdür”.
Avqustun 9-da baş tutan qala-konsert zamanı əsas təşkilatçı Lüdviq Bauman vacib bir məqamı qeyd edib. O bildirib ki, ənənəyə uyğun olaraq festival iştirakçılarının tərkibi hər il dəyişsə də, Azərbaycan orkestri bu tədbirə mütləq şəkildə dəvət alıb: “Bu ilk növbədə orkestrin yüksək professionallığı və ümumiyyətlə Azərbaycanda akademik sənətin inkişaf səviyyəsinin parlaq nümunəsidir. İkincisi isə, təkcə keçmiş sovetlər məkanında deyil, həm də dünyada mədəni, iqtisadi və siyasi cəhətdən çox maraqlı bir ölkə kimi Azərbaycana festivalın təşkilatçıları və alman ictimaiyyətinin xüsusi rəğbətini nümayiş etdirir. Həyat yoldaşım və mən hər il Azərbaycana gəlib-gedirik. Ölkənin gözəl təbiəti, qədim tarixi və mədəni abidələrlə zənginliyi son illərdə buraya güclü turist axınına səbəb olub. Mən festivalın bütün qonaqlarını bizdən nümunə götürməyə, Azərbaycana getməyə, bütün deyilənləri öz gözləri ilə görməyə səsləyirəm”.
Qala-konsertdə gənc və istedadlı dirijor Əyyub Quliyevin idarə etdiyi orkestr tamaşaçılara Qərbi Avropa bəstəkarının əsərləri ilə yanaşı, Azərbaycan klassik musiqisinin ən parlaq nümunələrini - Qara Qarayevin “Yeddi gözəl” baletindən valsı, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” hissəsini, Niyazinin “Qaytağı”sı və Qara Qarayevin “Pavana”sını təqdim edib.
Konsertdə gənc dirijor - Xalq artisti, professor Polad Bülbüloğlunun oğlu Murtuza Məmmədovun çıxışı da maraqla qarşılanıb. Polad Bülbüloğlunun məşhur “Azərbaycan” mahnısı və Qaetano Donisettinin “Sevgi şərbəti” operasından parça xüsusi alqış doğurub.
Konsertdən sonra festivalın təşkilat komitəsi və fəxri qonaqlar simfonik orkestrimizin çıxışına yüksək qiymət verərək, təşəkkürlərini bildiriblər, Bakı və ölkəmiz haqqında xoş sözlər söyləyiblər. Orkestr növbəti ildə artıq 9-cu dəfə keçiriləcək festivala dəvət alıb. Bu, təkcə orkestrin və teatrın deyil, Azərbaycan incəsənətinin uğuru, ölkəmizin təbliği deməkdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar