Sentyabrın 8-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni teatr mövsümünün başlaması ilə əlaqədar Azərbaycan Dövlət Rus Dram Teatrında müşavirə keçirdi.

Toplantıda nazirliyin müvafiq şöbə və sektorlarının müdirləri, respublikanın teatr-konsert müəssisələrinin rəhbərləri, direktor müavinləri, baş rejissor və bədii rəhbərləri, eləcə də teatrşünas alimlər, Teatr Xadimləri İttifaqının, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbər şəxsləri, bəzi şəhər və rayon mədəniyyət və turizm şöbələrinin müdirləri iştirak edirdi.
Müşavirədə respublikanın teatr-konsert müəssisələrinin fəaliyyəti, yeni mövsümdə həyata keçiriləcək yaradıcı işlər, eləcə də bəzi struktur məsələləri ətrafında geniş söhbət açıldı.
Ətraflı çıxış edən nazir müavini Ədalət Vəliyev respublikamızda uğurla həyata keçirilən mədəniyyət siyasəti, dövlətin bu sahəyə diqqət və qayğısı barədə danışdı. Son illər ölkə başçısının müvafiq sərəncam və tapşırıqları ilə teatr-konsert müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırıldığı, mədəniyyət sahəsində çalışan insanların, o cümlədən teatr xadimlərinin dövlətin qayğısı ilə əhatə olunduğu diqqətə çatdırıldı.
Qeyd olundu ki, postsovet məkanında ilk dəfə 2006-cı ildə Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında" qanun qəbul edilib. Bu qanunla teatr sahəsində çalışan işçilərin əməkhaqqı artırılıb, onların sosial müdafiəsi ilə bağlı davamlı tədbirlər həyata keçirilib, teatrlarımızın maddi-texniki bazası gücləndirilib. Bunun ardınca 2007-ci ildə "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" xüsusi sərəncam imzalanıb. Teatr sənətinin inkişafına dair 2009-2019-cu illər üzrə Dövlət Proqramının qəbul edilməsi və onun icrasına başlanılması bu sahədə böyük inkişafa səbəb olub.
Teatrlarımızda yeni tamaşaların hazırlanması, qastrol səfərlərinin sayının artması, binaların əsaslı təmir və bərpa olunması, yeni binaların tikintisi, qaçqınlıq həyatı yaşayan teatrlarımıza daimi istifadə üçün binaların verilməsi, yeni teatr studiyalarının açılması, teatr tamaşa müəssisələrinin nəqliyyat vasitələri və digər zəruri texniki avadanlıqlarla təmin olunması, yaradıcı insanların və bu sahədə çalışanların yüksək dövlət mükafatlarına, fəxri adlara, təqaüdlərə layiq görülməsi son illərin uğurlu hadisələrindəndir. Teatrlarımıza dünyanın tanınmış rejissorlarının, bəstəkarlarının və digər yaradıcı mütəxəssislərin dəvət edilməsi, azərbaycanlı teatr mütəxəssislərinin müxtəlif xarici ölkələrdə kurslara qatılması, teatr sənəti ilə məşğul olan alimlərin əsərlərinin nəşr olunması, 2 cilddən ibarət teatr antologiyasının hazırlanması, teatr ensiklopediyasının nəşrinə başlanması, "Azərbaycan teatrı dünən, bu gün, sabah" portalının yaradılması, teatrlarımızın səhnə geyimləri və digər ləvazimatlarla təmin edilməsi dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Paytaxtımızda keçirilən beynəlxalq teatr festivalları, bu sahədə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın nəticəsi kimi həmin təşkilatlara üzvlük və sair təqdirəlayiq hadisələr Azərbaycan teatrının uğurla inkişafının göstəricisidir.
Teatr-konsert müəssisələrinin fəaliyyətinə geniş nəzər salan nazir müavini böyük nailiyyətlərin olduğunu və Azərbaycan teatrının dünya teatr prosesində öz yerini tutmağa çalışdığını bildirdi. Lakin uğurlarla yanaşı nöqsanlar da üzə çıxır. Bu sahədə müəyyən çatışmazlıqları təhlil edən Ə.Vəliyev problemlərin həlli yollarından danışdı, konkret təkliflərini irəli sürdü. Bu sahədə xüsusən son zamanlar kütləvi informasiya vasitələrində yer alan bəzi haqlı və haqsız yazılar haqqında da fikirlərini bölüşdü. Yaradıcı prosesdə baş verən hər hansı problemin elə teatrın daxilində qarşılıqlı müzakirə və təhlillərlə həll oluna biləcəyini vurğuladı.
Sonda 143-cü teatr mövsümünün başlanması ilə bağlı teatr ictimaiyyətini təbrik edən Ə.Vəliyev bu münasibətlə sentyabrın 14-də Gəncə şəhərində gerçəkləşəcək mərasimin əsl teatr bayramı ovqatına köklənəcəyinə əminliyini bildirdi. Qeyd olundu ki, həmin gün Gəncə Dövlət Kukla Teatrının yeni binasının açılışı da keçiriləcək. Gəncə Dövlət Dram Teatrının təqdimatında teatrın baş rejissoru İradə Gözəlovanın quruluşunda C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesinin tamaşası nümayiş olunacaq.
Yeni teatr mövsümündə bu sahənin bütün təmsilçilərinə uğurlar arzulayan nazir müavini onları işlərində daha məsuliyyətli olmağa və yaradıcı prosesə töhfələr verməyə çağırdı.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar