Əməkdar artist Rahib Əliyevin yubiley benefisi

Biz həyatımızın hər anında özümüzdən sonranı - yetişəcək nəsilləri düşünür və yəqin elə buna görə də özümüzü gələcəyə borclu hesab edirik. Bunu bacaran, bütün varlığı ilə özünü müqəddəs hesab etdiyi bu amallara kökləyən insan zamanın burulğanlarından çıxmağı bacararaq yorulmadan irəliyə gedir...

Sentyabrın 20-də Gənc Tamaşaçılar Teatrında bu mübhəm duyğularla yüklü tamaşa nümayiş olundu. Teatrın yeni mövsüm premyerasının bir özəlliyi də onun benefis-tamaşa olması idi. Səhnə əsəri teatrın aktyoru, bütün yaradıcılıq yolu burada keçmiş, yaşının 70-ində belə gənclik hərarəti və sevgisini qoruyub saxlayan Əməkdar artist Rahib Əliyevin yubileyi münasibətilə nümayiş olundu.
Həmin gecə ömrünün 50 ilini bu səhnədə keçirən aktyorun pərəstişkarları, illərdir bu səhnədən onun irili-xırdalı rollarını, obrazlarından boy verən sənətkar səmimiyyətini izləyənlər toplaşmışdı ətrafına. O, “Miras”ın müəllimi kimi səhnəyə çıxıb qəhrəmanının peşə və həyat bilgilərini tamaşaçıya çatdırırdı.
Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında səhnələşdirdiyi əsər bir ailə daxilində müxtəlif əqidəli insanların fikir ayrılığından, onlar arasında zamanla dərinləşən uçurum və onun ağır mənəvi fəsadlarından söz açır. İkihissəli tragikomediya sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun silahdaşlarının boş xülyalarından, bu gün də həyatda rast gəldiyimiz uğursuz insanların yaşamından tanış detallarla bəhs edir.
Səhnə əsərinin digər bir qütbündə firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi və onun nəticələrinə qatlaşan valideynlərin fədakarlığı əksini tapıb. Oğluna köməyi yeganə mənzillərini satmaqda görən kasıb valideynin fədakarlığı. Və bununla əslində, hələ heç nə itməyib kimi bir ilğım da görünür. Burada evin sahibi yaşlı babanın hissləri - etibarsız övlada görə yuvasını itirmək istəməməyi, buna görə ailənin digər üzvlərinin ona münasibətindəki ögeylik də var. Gəlinin oğluna görə hiyləyə əl atıb qayınatanı evsiz qoymaq, onun qalan ömrünü qocalar evində tənhalıqla keçirmək kimi çirkin məqsədi müxtəlif ştrixlərdə qabardılır.
Tamaşanın dinamikasını saxlamaq istəyən rejissor bu keçidlərdə izləyiciyə dərs verməkdən çox ona əslində yanlışın düzəlmə mümkünlüyünü göstərir.
Beləcə bu qarışıq hadisələr fonunda ailədaxili münasibətlərdəki aşınma, illərin sirlərinin açılması sonda Amerikadakı gəncin qayıdışı ilə yekunlaşır. Bununla da əsas mesaj verilir: sən istəməsən də, reallıqlarla yaşamağa və yaşadıqlarınla özünü isbata məcbursan.
Tamaşanın rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.
Əsas obrazları əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edirdilər. Qəhrəmanlarının düşdükləri vəziyyəti tamaşaçılara ustalıqla çatdıran aktyorların ifası alqışlarla qarşılandı.
Tamaşadan sonra teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Əməkdar artist Lətifə Əliyeva, aktyorlar Sona Babayeva və Elnur Kərimov səhnəyə çıxaraq benefisin qəhrəmanını - Rahib Əliyevi anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyi münasibətilə təbrik etdilər, ünvanına xoş sözlər dedilər.
Mübariz Həmidov yubilyara ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin diplomunu təqdim edərək ona yeni sənət uğurları arzuladı.
Sonda Rahib Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə öz dərin təşəkkürünü bildirdi, səhnədə olmağın, hansı obrazda oynamaqdan asılı olmayaraq, tamaşaçı ilə üz-üzə dayanmağın onun üçün hər zaman böyük səadət olduğunu dedi.
Beləcə tamaşaçı alqışı və gül-çiçək dəstələri ilə aktyor qrim otağına, yeni obrazların hazırlığına yola salındı.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar