Sentyabrın 20-də Azərbaycan Dövlət Yuğ Teatrı 26-cı teatr mövsümünü “Sonuncu” tamaşasının premyerası ilə açdı. Gənc yazıçı Pərvinin A.P.Çexovun yaradıcılığından bəhrələnərək qələmə aldığı “Sonuncu” pyesi Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda tamaşaçılara təqdim olundu.

Bu dəfə teatrın projektorları birbaşa öz bətnini - teatrı - sənət adamının həyatını, yaşantılarını, taleyini işıqlandırdı. Ekranda Azərbaycan teatrının korifeyləri, obrazlar qalereyasının sakinləri “dirilib” səssiz-səmirsiz yaddaş süzgəcindən süzüldü.
İşıqlar yubiley qonaqlığından sonra açıq qalmış süfrəyə dikildi. Ucuzvarı yubiley süfrəsi... Teatrın əlbisə otağında yatıb qalan aktyor Əlisöhbət Qələndərlinin “teatr yuxusu”...başında çələng olan o qızın anlaşılmaz sualları tamaşaçını baş verəcək hadisələrə hazırladı.
Yuxudan oyanan aktyor gecəki ziyafəti xatırlayır. Sağlıqlar, şərəfinə qaldırılan badələr, heç vaxt üzünə deyilməyən təriflər yaşa dolmuş aktyorun kefini açır. Axı onun üçün həyat keçmişdən, dünəndən, xatirələrdən ibarətdi, onu bu günə bağlayan nə var ki? Özü bugündə yaşasa da, dünəndə qalıb. İllərin o üzündə qalmış alqış səsləri hələ də qulaqlarından getməyib. Alqışlar! Alqışlar! Alqışlar! Aktyorun yeganə təsəllisi və əslində faciəsi...
Bəs bu gün kimdi o? İllərlə teatrda can qoyan, ömrünü səhnədə keçirən, əsl həyatın “dadına” baxmayan, fədakarlığının qarşılığında qiymətini almayan fağırın biri, sevdiyi qızın gözünü yolda qoyub bir ömür onun həsrəti ilə yaşayan qorxağın təki, zamanın dövriyyəsindən çıxmış lazımsız sikkə, köhnə xatirələrlə baş-başa qalan, teatrın künc-bucağında gün keçirən MİSKİN aktyor.
Açıq qalan süfrəsə bir tamaşaçı kimi “Sonuncu şam yeməyi”ndən sonrakı mənzərəni xatırladır. Bunun hardan ağlıma gəldiyini deyə bilmərəm, bildiyim odur ki, bu süfrədə nə isə bir sirr gizlənib.
Əlisöhbət Qələndərli gecənin cazibəsindən çıxa bilmir. Boş süfrənin arxasında var-gəl edə-edə özüylə söhbət edir, öz içində özünə yol gedir, səhvlərini yada salır, uğursuzluqlarının səbəbini axtarır, ancaq sonda TEATR onun gözündə məbəd olaraq qalır. O, məbədin sirrindən xilas ola bilmir, o, teatrı bütün qəlbiylə sevir, onu xoşbəxt edən də, həyata bağlayan da teatrdı.
Gecənin bir aləmində çağırılmamış qonaq peyda olur, teatrla bağlı tədqiqatlar aparan, yazılar yazan gənc teatrşünas yeri olmadığına görə burda gecələdiyini deyir.
Gecənin bir aləmində iki teatr adamı qarşılaşır.
Qonaq Əlisöhbət Qələndərlinin xoşuna gəlməsə də, onları sənət birləşdirir. Dünənlə bugünün, keçmişlə müasirliyin, qocalıqla gəncliyin gözəgörünməz mübarizəsi başlayır. Gənc teatrşünas üçün teatrın dünəni pafosdan başqa bir şey deyil, qocaman aktyor üçünsə əsl sənət və əsl sənətkar dünəndə qalıb.
Qocaman aktyor sıradan bir aktyor olmadığını sübut etmək üçün ən uğurlu tamaşalardan monoloqlar söyləyir, dəridən-qabıqdan çıxır və sonda gənc teatrşünas qocaman aktyorun sənətə olan sonsuz sevgisi qarşısında “təslim olur”.
Gecənin bir aləmi süfrə yenidən dolur. Gənc rayonda anasının bişirdiyi yeməkləri süfrəyə düzür. Dünənlə bugün süfrə arxasında birləşir.
Gənc teatrşünas yaşlı aktyoru söhbətə tutur, Əlisöhbət Qələndərli həyatının ən xırda detallarını belə ürək açıqlığı ilə gəncə nəql edir.
Sübh açılır, qocaman aktyor evinə tələsir...
“Sonuncu şam yeməyi”... İsa Məsih həvariləri ilə sonuncu dəfə nahar edir. Bilir ki, səhəri gün həvarilərindən biri ona xəyanət edəcək, onu satacaq. XV əsrdə Leonardo da Vinçi “Sonuncu şam yeməyi”ni rənglərin dili ilə əbədiləşdirir. Üstündən yüz illər keçsə belə, hələ də ən böyük xəyanətlər sonuncu şam yeməyində gizlənir...
“Sonuncu” tamaşasının kulminasiyası da xəyanətdir. Bu xəyanət bir insanı, bir sənətkarı, bir ömrü sındıracaq qədər gözlənilməz və amansızdı.
Bu xəyanəti “görmək” üçün “Sonuncu”ya baxmaq, İblisi xatırlamaq gərəkdi.
Tamaşa bitir. “Yuğ”un balaca və sərhədsiz hücrəsinə yığışan tamaşaçılar “Sonuncu”nu ayaq üstə alqışlayır.
Mənə elə gəlir ki, bu tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə başqa obraz yox, hər biri öz obrazını oynadı. Əks halda, tamaşa bu qədər həyati və uğurlu alınmazdı.
Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Daha bir əlamətdar hadisə isə budur ki, bu il Yuğ Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. “Sonuncu” tamaşası həm də Fərhad İsrafilovun benefisi kimi hazırlanıb və onun yubileyinə ən yaddaqalan hədiyyə hesab oluna bilər.
“Sonuncu” zaman müstəvisində sənət və sənətkarın taleyindən bəhs edən, həyatın reallıqlarına güzgü tutan, səhnəyə vaxtında gətirilən, cəmiyyətə yetərincə mesajlar göndərən bir tamaşadı. Xalq artisti Ramiz Həsənoğlu bu missiyanı yerinə yetirməklə həm də teatrın generalı olduğunu bir daha sübut etdi.

Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar