Oktyabrın 3-də Londonun "Qlobus" teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Uilyam Şekspirin "Hamlet" tamaşasını təqdim edib.

Tamaşadan öncə keçirilən mətbuat konfransında teatrın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Azərpaşa Nemət Böyük Britaniyanın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatı olan "British Council", Avropa Azərbaycan Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə reallaşan bu sənət görüşünün əhəmiyyətini qeyd edib. O, "Hamlet"in 1927-ci ildən dəfələrlə Azərbaycan səhnəsində tamaşaya qoyulduğunu və çox sevildiyini, özünün də 2001-ci ildə bu əsərə quruluş verdiyini diqqətə çatdırıb.
Qafqazda ilk dəfə Bakıda olduqlarını söyləyən tamaşanın rejissoru Tom Bort "Qlobus" teatrının "Hamlet" tamaşasını 109 ölkədə nümayiş etdirməyi qərara aldığını söyləyib. Bildirib ki, U.Şekspirin anadan olmasının 450 və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun "Qlobus" teatrı 2014-cü il aprelin 23-dən 2016-cı il aprelin 23-dək davam edəcək dünya turnesinə çıxıb.
Vurğulanıb ki, teatrın əsas məqsədi "Hamlet" tamaşasını iki il müddətində dünyanın bir çox ölkəsində nümayiş etdirməkdir. 16 nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edib.
Tamaşanın Azərbaycandan sonra 65 ölkədə də nümayişi nəzərdə tutulur. Ən son dayanacaqlarının Türkmənistan olacağını söyləyən T.Bort "Hamlet"i yanvarda İranda təqdim edəcəklərini bildirib. Azərbaycana gəlməkdən məmnun olduğunu söyləyən qonaq şəhərimiz haqqında fikirlərini də bölüşüb, Bakının mədəni, teatral mühiti olduğunu vurğulayıb.
Mətbuat konfransından sonra "Hamlet" tamaşası nümayiş etdirilib. İngilis dilində və Azərbaycan dilində subtitrlərlə təqdim olunan səhnə əsəri maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar