"Qızıl balıq" və "Sevən qadın" tamaşaları göstəriləcək
9-11 oktyabr tarixində Rusiya Federasiyası Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. İki teatr arasında imzalanmış yaradıcılıq müqaviləsinə əsasən, qonaq heyət Aleksandr Puşkinin "Qızıl balıq" və Əli Əmirlinin "Sevən qadın" əsərlərinin tamaşalarını təqdim edəcək.
"Qızıl balıq" tamaşasının quruluşçu rejissoru Yelena İvanova, quruluşçu rəssamı Saqlara Çulkayevadır. Səhnə əsərində Kalmıkiyanın Əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.
"Sevən qadın" tamaşasına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Quruluşçu rəssam Saqlara Çulkayevadır. Tamaşada Kalmıkiya Respublikasının Əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər.
Məlumat üçün bildirək ki, "Qızıl balıq" tamaşası 9 və 11 oktyabrda üç seans, oktyabrın 10-da dörd seans göstəriləcək. "Sevən qadın" isə oktyabrın 11-də saat 19.00-da nümayiş etdiriləcək.