“Adamı cavan saxlayan saf hislər, riyadan uzaq ürək, bir də qarşılıq gözləmədən pay verilən sevgidir”
Yaşamaq gözəldir. Həm də bütün ağrı-acılarına, əzab-əziyyətlərinə rəğmən. Yaşamaq həm də qocalığın, üzünü örtən qırışların hər biri ilə öyünüb piraniliyin dadında ömrün ötüb-keçənlərini bir filmə baxırmış kimi yada salmaq anlamında gözəldir. Zamanın axarında bir qırışmış əllərinə baxıb köks ötürdükcə, toranlaşan gözünün son ziyasınadək sonsuzluğa boylandıqca, bir də gənclik şuxluğuna, tükənməz enerjinə, sonsuz həyat eşqinə səyahət etdikcə ürəyinin necə bərk, necə qürurla, lap sadəlövh uşağın sevinci ilə vurduğunu hiss edir və sevinirsən...
Bilmirəm niyə, amma ömrünün 80-ci qapısını taybatay açıb qonaq-qarasını ürəklə o munis ömür evinə, həyat otağına dəvət edən bu sənətkarı görəndə belə bir fikrə kökləndim: sənin böyük ürəyin varsa, həm böyük sənətkar, həm də böyük insansan. Bunu təkcə tamaşaçı kimi mən yox, onunla bir səhnənin tozunu udub, bir teatrın kandarında yüzlərlə dəfə qarşılaşan sənət dostları, rol ortaqları, tale sirdaşları da dedi.
Oktyabrın 5-də Teatr Xadimləri İttifaqında dünyaya gəlişinin 80-ci ilini payızın qızıl ləçəklərinin xoş rayihəsində sindirərək yaşayan və yaşlandıqca nurlanan Əməkdar artist Məcnun Hacıbəyovun yubiley gecəsi keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə ittifaqın Mustafa Mərdanov səhnəsində gerçəkləşən gecədə xoş notlara köklənən kövrək xatirələr dilə gəldi, illərlə akademik teatrın səhnəsində irili-xırdalı onlarla rola ömür verən, televiziya tamaşaları və filmlərdə xarakterik obrazlar yaratmaqla tamaşaçı sevgisi qazanan aktyor haqqında ən xoş fikirlər səsləndirildi.
Yubiley tədbirinə aparıcılıq edən Xalq artisti Hacı İsmayılov sənətkarı təbrik etdi, onun yaratdığı bənzərsiz obrazlar qalereyası haqqında danışdı, istənilən rolda öz improvizələrini etmə istedadından söz açdı. Bildirdi ki, ömrünün 50 ilini səhnəyə həsr edən Məcnun Hacıbəyov məhz bu məziyyətləri ilə istər həmkarlarının, istərsə də çoxminlik tamaşaçıların yaddaşında özünə layiqli yer tutub.
Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov yubileyi münasibətilə sənətkarı təbrik edərək, nazirliyin fəxri fərmanını ona təqdim etdi, aktyorun yarıdıcılığı haqqında fikirlərini bölüşdü.
ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemət yubilyarın yaratdığı obrazlar, yumorlu ifadələri barədə söhbət açdı, onun aktyor koloritindən, heç bir əlavə detallara yol vermədən oyun texnikasını ustalıqla müəyyən etmək bacarığından danışdı. Sonra rəhbərlik etdiyi qurum tərəfindən təsis olunan "Sənətkar" medalını aktyorun yaxasına taxaraq onun bu ada layiq olduğunu dedi.
Xalq artisti Fuad Poladov illər öncəyə, gənclik xatirələrinə, qastrol və tamaşalarda yaddaşlarına iz salan hadisələrə qayıtdı, baməzə xarakterli yubilyarın adı ilə bağlı faktları, lətifəyə dönən məqamları bölüşdü. Xatirələr həm onları kövrəltdi, həm də gecənin iştirakçılarını qəhqəhələrə qərq etdi.
Xalq artistləri - rejissor Ağakişi Kazımov, aktyorlar Rafiq Əzimov, Səidə Quliyeva, Məleykə Əsədova səhnəyə xüsusi təravət, gözəllik, şuxluq gətirən Məcnun Hacıbəyova yubiley təbriklərini çatdırdılar.
Müxtəlif teatrların əməkdaşları öz kollektivləri adından təbriklər səsləndirdilər. Dövlət Musiqili Teatrından Xalq artisti İlham Namiq Kamal, Gənc Tamaşaçılar Teatrı adından Xalq artisti Ağaxan Salmanlı, Dövlət Kukla Teatrından Əməkdar artist Rəhman Rəhmanov onu dost şarjları ilə təbrik yağışına tutdular, xarakterindəki saflığı, təbiiliyi, gözəlliyi qoruyan aktyora uzun ömür, cansağlığı arzuladılar.
Aktyorun ailəsi adından Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək onun nəinki bir el-obanın, nəslin, ümumilikdə xalqın sevimlisi olmasından qürurlandıqlarını dedi, sənət və həyat portretindəki cizgilərin bütövlüyündən danışdı.
Kövrək notlu gecədə aktyorun onillikləri adlayan dostu, tələbə yoldaşı Məcid Dadaşov da söz aldı. Ahıl yaşlarını yaşayan gənclik dostları ötən illərə birgə boylanıb təravətini itirməyən münasibətlərindən danışdılar, xatirələrini, xoş anlarını bölüşdülər.
Gecədə sənətkarın oynadığı "Yarımştat", "Göz həkimi", "Atayevlər ailəsi", "Qatarda" və digər televiziya tamaşalarından fraqmentlər nümayiş olundu. Tamaşaçı yaddaşının dönə-dönə təzələndiyi fraqmentlər sıralandıqca həmin anlara qayıdaraq çəkilişlər, tərəf-müqabilləri, səhnə xatirələrini çözələdi.
Beləcə, qocaman aktyor gah yaşaran gözlərini sildi, gah da komik hadisələri xatırladıb yubiley gecəsinə gələnlərin üzünə gülüş qondurdu. Sadə, səmimi, məhrəm danışığı ilə bu munis mərasimi təşkil edənlərə və onu təbrikə gələnlərə ürəkdolusu təşəkkür etdi. Qubanın Nügədi kəndində sakit qocalığını yaşadığını, qəribsədiyi alqışlarda özünü dünyanın ən xoşbəxt adamı hiss etdiyini dedi. Və hələ uzun illər qulağımda cingildəyəcək bir fikri ilə sanki hər kəsə mesaj göndərdi: “Adamı cavan saxlayan saf hislər, riyadan uzaq ürək, bir də qarşılıq gözləmədən pay verilən sevgidir. Bax onda 80 yaşında da mənim kimi bax beləcə cavan qalacaqsınız...”
Bu sözləri gülüşünə bələnmiş böyük həqiqət yükü ilə deyən sənətkar beləcə bir ömrü təsadüfi yaşamamağından, uzun illərin itməyən sevgisindən, hələ də onu tərk etməyən səhnə təravətindən qürurlandı və ətrafındakılara bu haqlı qürurdan sevinc payı verib doğma ocağına, saflığını, əzəmətini, istedadını və tükənməz eşqini aldığı ucsuz dağlara, yamyaşıl meşələrə, gur şəlaləli sulara doğru yol aldı...
Həmidə Nizamiqızı