Və ya üsyandan itaətə gedən yolun Quran çiçəyi

Allah haqqında düşünəndə dinlər, kitablar, onların daşıyıcıları olan peyğəmbərlər, üləma və övliyalar niyə arxa plana keçir deyə heç düşünmüsünüzmü? Bilmirəm, bəlkə də fikri ağlınızın küncündə yerləşdirməkdən belə qorxub “Lənət sənə, kor şeytan” deyə özünüzdən uzaqlaşdırmısınız. Və ya içinizdəki şeytanın xofu ilə Allaha kor-koranə sarılmısınız.

Hər halda, insanın Allaha tapınması onun içindəki şeytana qalib gəlməsi deməkdir.
Axı heç vaxt heç nə üçün gec deyil. Şans üzünə gülsə, qarşına bir Müsyö İbrahim çıxacaq, yox əgər bəxtin gətirməsə, elə hey Allah-bəndə anlayışları arasında çapalayacaqsan...

Bizim Müsyö İbrahimin Quran çiçəyi

Ötən həftə Akademik Milli Dram Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" ikihissəli dramı əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış oldu.
Tamaşaya Sankt-Peterburqdan dəvət edilmiş gənc azərbaycanlı rejissor Ərşad Ələkbərov quruluş vermişdi. Tamaşanın bədii rəhbəri isə teatrın baş rejissoru, Xalq artisti Azərpaşa Nemət idi. Dəst-xətt və yozum sadə səhnə tərtibatından mizanlaradək hiss olunurdu.
Müsyö İbrahim obrazını Xalq artisti Fuad Poladov, digər rolları əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Murad İsmayılov, Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov və Vüsal Mustafayev ifa edirdilər.
Dünyanın 30-dan artıq tanınmış teatrının səhnəsində tamaşaya qoyulan əsər yazıçının avtobioqrafik romanıdır. Tamaşa yəhudi məhəlləsində yaşayan 12 yaşlı Momo deyə çağırılan Musa (Moisey) və 60 yaşlı müsəlman baqqal İbrahim arasında sevgi və səmimiyyətə söykənən dostluqdan bəhs edir. Roman 2001-ci ildə dünyada ən çox satılan əsər olub, 2003-cü ildə fransız rejissoru Fransua Dupeyron eyniadlı film də çəkib.
Deməli, olduqca müasir, zamanla reaksiyada aktiv və bir para fanatik dindarlara görə mübahisəli çalarlı mövzudur. Din və ondan imtina, Allah haqqında düşüncələrdə insani diktəyə ikrah və ruh azadlığında itaət. Bunun hamısını müəyyən ştrixlər, gizli-açıq nüanslarla müəllif öz əsərində verib. Qalır onu səhnə mizanında tamaşaçının dərinləşmiş dini duyğularının həlqəsini qırmadan çatdırmaq. Bəzi qıcıq yaradacaq məqamları çıxmaq şərtilə rejissor bunu bacarıqla tamamladı.

Ərəb kimi çalışan inqilabçı Müsyö

Yəhudi Momo ilə aypara ölkəsindən olan müsəlman, sutkanın bütün saatlarında baqqal dükanı açıq olduğuna görə yerli əhalinin ərəb kimi tanıdığı Müsyö İbrahim Parisin Mavi küçəsində qonşudurlar. Əsərin süjeti əvvəlcə anası, sonra isə atası tərəfindən atılan Momonun İbrahimlə dostluğunun doğmalığa keçməsi nəticəsində Məhəmmədə çevrilməsi üzərində qurulub.
Bu elə də asan deyil. Axı insan doğulduğu mühitlə yaşadığı arasındakı rabitəni elə də rahat qura bilmir. Xüsusən onun ətrafında hər nəsnədə imtina həddindəki divanələr dolaşdıqca. Amma deyəsən Müsyö İbrahim də, Momo da bunları çoxdan qatlayıb cibində gəzdirən fransızlaşmışlardandırlar. Çünki öz prinsip və həqiqətlərində azad və israrlıdırlar. Həm də Allah haqqında düşüncələrində, yuxarıda dediyim kimi, heç bir əlaqəni rəhbər tutmayan, onlardan sadəcə keçid kimi istifadə edən son dərəcə ağıllı tiplər. Bunu xüsusən İbrahimin sonradan Məhəmmədə çevirdiyi Moiseylə söhbətlərində dəfələrlə görürük.
...Qoca baqqal İbrahimin mürgülədiyini zənn edib onun dükanında arabir konserv qutularını çırpışdıran və atasının verdiyi xərclikdən qənaət edib Mavi küçənin “cənnət”indəki sevimli fahişəsi ilə görüşə saxlayan Moisey, nəhayət, arınma nöqtəsinə çatır. Dialoq da çox sadə və birbaşadır:
- Mənim adım Moiseydir, Momo yox.
- Bilirəm Momo, Musa peyğəmbər adıdır, ona görə sənə Momo deyirəm ki, həlləm-qəlləm işlərindən əl çəkəsən, peyğəmbərin adına ləkə salmayasan.
- Bundan sizə nə, Musa yəhudi adıdır, ərəb adı yox.
- Mən ərəb deyiləm, müsəlmanam Momo...
- Əgər ərəb deyilsizsə niyə hamı sizə ərəb deyir?
Təmkinli İbrahim “Ticarətdə səhər saat 8-dən gecə yarıyadək, hətta bazar günləri də çalışan adamlara ərəb deyilir, Momo...” - deyə avropalı düşüncəsində işlək adamların ərəb damğasına da şapkasının altından qıyılan gözləri ilə nöqtə qoyur.
Beləcə, hər gün bir cümlə ilə yaranan dialoq zamanla daha da genişlənir. Çünki zamanları çoxdur və heç biri də heç yerə tələsmir. Arabir çırpışdırılan konservlər, cənnət döngəsindəki qısa yeniyetmə həyəcanları və ömrünü kitabları, yazıları, işi arasında keçirib bədbəxtliyini oğlundan da gizlədən atanın səhnə dəyişmələri gözə çarpır.
Nəhayət, Müsyö İbrahim ilk təsirini edir: “Bir də heç yerdən oğurluq eləmə, əgər mütləq məcbur olsan, gəl məndən oğurla”. Qulaqburması elə sərt və həlledici olur ki, Momonun İbrahim sevgisi alovlanır.
Müsyö İbrahim (Xalq artisti Fuad Poladov) və Moiseyin (Murad İsmayılov) bu səhnələrdəki dinamikası tamaşanı yüksək tempə kökləmək üçün yetərli idi. Yaranan sevgidə baş qəhrəmanın zabitəsindəki gülümsərliyi və yumşaqlığın gizləndiyi sərt yumoru tərəf-müqabilin də işini asanlaşdırırdı. Buna görə də Moisey xoşbəxt idi. Cansıxıcı, hər küncündə paslanmış xatirələr, küt qorxular yatan evlərində kitab qoxusunu ciyərlərinə çəkmədən də özünün yeniyetmə sevincini yaşaya bilirdi. Bu işdə cənnət küçəsinin sakini Bricit Bardonun (Əməkdar artist Şəlalə Şahvələdqızı) da “əməyi” az deyildi.

Özünü itirdikdə Allahı tapmaq

Moiseyin atası (Əməkdar artist Sabir Məmmədov) özünü evin və elmin divarları ilə çərçivəyə alan və oradan heç olmasa oğlu üçün belə bir hava yeri qoymayacaq qədər qapalıdır. Çünki keçmişi məşəqqətlidir. Yəhudi valideynlərinin faciəli ölümü və arvadının onu tərk etməsi bədbinliyinə səbəb olub. Deməli, atılmışlıq onun ruhunu sıxdıqca o da intiqamını oğlundan və monoton həyatından alır. Oğluna azmış itdən artıq fikir verməyən və Musanın hər yanlışında onu “qardaşın Popo belə etməzdi” deməklə (əslində Musanın heç qardaşı olmayıb) nümunəliyə təhkimi ilə zəif və kədərlidir.
Ata ilə oğul arasındakı rabitənin qırılma nöqtəsi olan dialoqla Musa artıq öz yolunu müəyyən etdi.
İşdən çıxarılan, bununla da həyatının mənasının itdiyini düşünən ataya Musanın sualı sərt olur:
- Ata, sən Allaha inanırsan?
- (Bir neçə saniyə düşündükdən sonra) Allaha inanmaq mənə qismət olmayıb...
Budur, artıq hər şey iflasdadır. Musanı atası da tərk edir və yazdığı məktubla bunu əsaslandırmağa çalışır. Ata uğursuzluğuna Marseldə özünün qatarın altına atması ilə cəsarət qatır. Demək, Momo bu dəfə cismən də təkdir. Bircə boz divarları, bir də İbrahimi var. Ona Allahı, dini, yaşamı, əslində özünü tanıtdıran ərəbi...

Canın sıxılırsa, susma!

Bir az spesifik tamaşaçıya hesablanan nümunənin 80 dəqiqəlik birinci hissəsinin bir neçə səhnəsi donuq və darıxdırıcı idi. Bəlkə də mətləblər barədə izahlar bu qədər uzun olmamalı idi. Rejissor bunu Musanın sürətli dialoqu ilə həll etmək istədikdə isə gənc aktyorun təngnəfəs qışqırtıları və guya tempə xidmət edən vurnuxmaları ümumi mənzərəni pozurdu. Və maraqlıdır ki, bu işdə heç Fuad Poladov da ona kömək edə bilmirdi.
Bu cansıxıcı mənzərə Momonun özünü qatarın altına atmış atasının ruhu ilə yəhudi musiqisinin sədaları altında çarpışma-rəqs səhnəsi ilə yoxa çıxdı. Bu səhnədə rejissor aktyorların plastikasını üzə çıxarmağa maksimum dərəcədə müvəffəq olmuşdu.
Bu yüksəliş vəziyyəti İbrahimin yol-nəqliyyat qəzası üzündən bu dünyanı tərk etməsi səhnəsinə qədər davam etdi. Ondan sonra, yenə də donuqluq və darıxdırıcı məqamlar... Maraqlıdır ki, sonadək bu vəziyyətdən çıxış yolu axtarıldı da.

Mübahisəli məqamlar

Tamaşa bir sıra mübahisəli məqamları ilə də diqqət çəkdi. Məsələn, əsərin adına və süjetə görə Müsyö İbrahimin Momoya, finalda artıq Məhəmmədə bağışladığı Qurani-Kərimin arasından iki qurumuş çiçəyin tamaşada görünməməsi, əvəzində onun birinci hissədə Müsyö İbrahimin Bricit Bardoya bağışladığı al-qırmızı çiçəklə əvəzlənməsi anlaşılmazlıq və ideyaya uyğunsuzluq kimi yadda qaldı.
Bundan başqa, Momonun Müsyö İbrahimlə Parisdən Bosfor sahillərinə səyahəti zamanı gözübağlı şəkildə müxtəlif dinlərə aid müqəddəs məkanları qoxularına görə ayırd etməsi zamanı məscidi ayaq iyinə görə tapması da yolverilməzliklərdən sayıla bilər. Ən azı, hər namazdan öncə əl-üzünü, ayaqları yuyub dəstəmaz alan müsəlmanları belə təsvir edən müəllifin fikrini tamaşa həllində dəyişmək də olardı.

Soyuq qayıdış

Tamaşanın ikinci hissəsində oğlunu axtarıb tapan və ona bitkin olmayan izahlar verən ananın oyunu da təsirsiz idi. Bu mənada aktrisa (Əməkdar artist Mehriban Zəki) tamaşaçıların arzu etdiyi və bu səhnədə görməkdən sevincini gizlətmədiyi obraz olsa da, oyunundakı tarazlığı tapmaması qısa zamanda özünü göstərdi. Titrəyən, özünü oğluna bağışlatmaq üçün iztirabını göstərməyə çalışan ana elə də inandırıcı alınmamışdı.
Bunun əksinə olaraq, Qız rolunda çıxış edən Fidan Cəfərovanın obrazına diqqət, səliqə və canlanma ilə yanaşması, plastikası, özünü ifadədə sərbəstliyi baxımlı idi. Bu fikri avtomobil satıcısı (Vüsal Mustafayev) roluna da şamil etmək olar. Ümumiyyətlə, tamaşadakı ikinci dərəcəli rollar və epizodlardakı ifaçılar baş qəhrəmanların təsirinə düşməmişdilər. Bu sərbəstliyi yaradan əsas aktyor və rejissor olsa da, gənclərin azadlığı alqışlanmalıdır.
Tamaşanın diqqətçəkən cəhətlərindən biri kimi uğurlu musiqi həllini (Kamil İsmayılov) və dövrün və məkanın ab-havasını çatdıracaq dərəcədə tərtib edilmiş dekorasiyasını (quruluşçu rəssam Samirə Həsənova), işıq effektlərini (işıq üzrə rəssam Rafael Həsənov) də qeyd etməliyik.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar