Oktyabrın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” və ya “Boy çiçəyi” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Tamaşadan əvvəl müsahibə verən Xalq yazıçısı Elçin atasının bu pyesi 51 il əvvəl yazdığını söyləyib. Bildirib ki, pyes ilk dəfə 1964-cü ildə Akademik Milli Dram Teatrında səhnəyə qoyulub. Bu pyes o vaxtdan etibarən yalnız Azərbaycanın deyil, başqa ölkələrin teatrlarında da nümayiş olunub: “51 ilin təcrübəsi onu göstərir ki, bu əsər hər zaman aktualdır. Ona görə ki, sovet dövründə yazılsa da, ideologiyaya deyil, ədəbiyyata xidmət edib. Azərbaycan xalqının qəlbinə yaxın olan mətləblərdən, sədaqətdən, mərdlikdən, mənəvi təmizlikdən bəhs edən bir pyesdir. Bunların hamısının böyük psixoloji əsası var. Ona görə də nəinki sənətşünaslar, teatrşünaslar, ümumiyyətlə, ictimai fikir bu pyesi Azərbaycanda psixoloji təmayüllü teatrın başlanğıcı hesab ediblər”.
Xalq yazıçısı qeyd edib ki, istedadlı rejissorumuz Loğman Kərimov bu əsəri modern formada tamaşaya qoyub: “Məni sevindirən odur ki, pyesi bu dəfə Şuşa teatrı təqdim edir. Hazırda Şuşa düşmən istilasında olsa da, Şuşa teatrı fəaliyyət göstərir, yeni-yeni tamaşalar səhnələşdirir. İlyas Əfəndiyev son dərəcə Şuşa ilə, Qarabağla bağlı bir insan idi. Bilirsiniz ki, Qarabağda anadan olub. Şuşanın işğalı ona son dərəcə pis təsir etmişdi. İndi onun ruhu şaddır, ona görə ki, əsər Şuşa teatrında tamaşaya qoyulub”.
Sonra tamaşa nümayiş olunub. Rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Nazir Rüstəmov, Püstəxanım Zeynalova və Zəhra Salayeva ifa ediblər.
Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan qarşılıqsız məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir. Modern üslubda təqdim olunan səhnə əsərində yaradıcı heyət müəllifin ideya və fikirlərinə heç bir xələl gətirmədən, yeni yozumda maraqlı və baxımlı bir tamaşanın hazırlanmasına müvəffəq olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar