Sevmək insanın daxili üsyanları və onun azadlıq carıdır bəzən. Bəzən isə sadəcə məşəqqət, yaşanmışların ən dəhşətlisi və amansızı. Bir çox zamanlarda isə ağrıları ilə həm də şirin bir nemət, füsunkar bir gözəllik, bənzərsiz bir duyğu. Sevmək həm də yaşının hansı çağında olmasına baxmayaraq, səni min ilin tənhalığından, əsrin qocalığından, qərinənin sükutundan çıxaran qüvvədir. Deməli, səni, məni, onu köləlikdən azad edə-edə elə öz köləsinə çevirən də odur.
O axşam (13 oktyabr) deyəsən, payız küləyi duyğularını üşüdənlər, öz tənhalığına illərin sevgi nağılı ilə təsəlli vermək arzusunda olanlar və bir sevginin elegiyası üçün darıxanlar bir araya gəlmişdi. Neçə onillikdə bizə yaşın və yaşam tərzinin duyğulara sipər olub-olmamağı barədə gerçəyi dramaturji ustalıqla çatdırıb, hər halımızda ürəyimizə qulaq asmağa çağıran bir sevgi carçısı ilə görüş idi...
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” (“Boy çiçəyi”) pyesi əsasında hazırlanmış tamaşanın premyerası oldu.
Həmin gün teatrımızın səhnəsini bir-birindən fərqli və gözəl nümunələrlə, dram inciləri ilə bəzəyən, teatrımızda lirik-psixoloji janrın əsasını qoyan müəllifin bu ölməz əsərinin nakam sevgilərə duyğu tərcümanı olan laylası çalınırdı.
Bu laylanı didərgin teatrın bütün çətinliklərə rəğmən yaşayıb-yaradan, həm də Şuşa həsrətinin vüsalına inamla yaşayan sənət vurğunları edirdi. Teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovun başqa bir prizmadan baxdığı tamaşa elə ilk səhnələrindən zalda oturanları (salonun ortasında qurulan və bütün hadisələrdə bir-birini tamamlayan mizanlar yüngül və sərbəst idi) özünə bağlaya bildi.
İlk dəfə 1964-cü ildə Akademik Milli Dram Teatrında səhnəyə qoyulan, seyrçilərin sevgisini qazanan televiziya tamaşası kimi də ekranlaşdırılan, Azərbaycanla yanaşı, başqa ölkələrin teatrlarında da nümayiş olunan “Boy çiçəyi” yenə tamaşaçının dilində danışıb onun duyğularını oyatdı. 51 ilin solmayan səhnə ömrü əsərin aktuallığını göstərməklə yanaşı, onun dramaturji gücünü də yenidən vurğuladı.
Əslində əsərin illərdir təravətini itirməyən səmimiyyəti və dramaturji materialın mükəmməlliyi quruluş və ifaçılarından asılı olmayaraq, onu baxımlı edir. Məncə, bu, müəllifin səadəti, həm də ona yorulmadan tamaşa edən izləyicinin dəyişməz münasibətidir. Bu öz yerində. Amma məsələyə yanaşma, yəni müəllifin ideyasına baxışda rejissor açarı, onun özünəməxsus traktovkası işin məcrasını dəyişir.
Bu mənada Şuşa teatrının digər teatrların səhnələşdirdiyi “Boy çiçəyi”ndən fərqli özəllikləri də var idi. Amma onları heç də tam olduğu kimi qəbul edib əsərin tamaşaçıya ötürülmə tempindəki nüanslarına birmənalı münasibət bildirmək də olmur.
Ata qayğısından məhrum olan Nargilənin (Zəhra Salayeva) mehrini saldığı özündən çox yaşlı olan zavod direktoru Həsənzadəyə (Nazir Rüstəmov) sevgisindən, həm də acı dolu bağlılığından bəhs edən tamaşada rejissor dramaturji materialdan irəli gələn azadlığından yerində yararlana bilmişdi. Yaradıcı heyət burada müəllifin ideya və fikirlərinə xələl gətirmədən bu işi müəyyən əlavələrlə tamaşaçıya ötürməyə çalışmışdı.
Modern üslubda, bir az da romantik boyaların müasir vizual effektlərlə zənginləşdirildiyi tamaşada şair Ağa Laçınlının nisgilli misralarından qəhrəmanların dilində, amma səsləndirmədə təqdimatı, müasir deyimlə desək, bir az müzikl effekti yaradırdı. Bu aktyorların oyunun diriliyinə, daha doğrusu, tamaşaçı ilə ünsiyyətindəki rabitənin möhkəmləndirilməsinə xidmət edirdi.
Bu mövzulu tamaşalarda, xüsusən səhnə tərtibatı, dekorasiya və ümumən əlavə effektlərin (işıq və səsi çıxmaq şərtilə) istifadə olunmamağı modern səhnə yanaşması kimi uğurlu olur. Əks halda, tamaşaçı məhdud mizanlar və hərəkət mexanizmində yorula və məsələyə, aktyorun ifasına münasibətində dağınıqlıq düşüncələrə qapıla bilər. Bu mənada rejissor təhlükəni sezdiyindən tempi bu vasitə ilə qorumağa çalışmış və bunu bacarmışdı.
Yeni yozumlu tamaşanın quruluşçu rəssamı Valeh Məmmədovun işi, eləcə də əsasən məşhur dünya klassiklərinin məhəbbət motivli melodiyalarından və Rəşid Behbudovun ifasında “Küçələrə su səpmişəm” mahnısı ilə yatımlı sintez yaradan musiqi tərtibatçısı Azad Məmmədovun seçimi də tamaşanın ovqatını əks etdirməyi bacardı. Beləcə, müasirlik içərisində klassik eşqin çalarları tamaşaçını zaman və məkan məfhumlarının daim ilğım növbələşməsində olduğu bir atmosferə köklədi.
Aktyor oyunu barədə ətraflı danışmağa dəyər. Xüsusən qəhrəmanların kontrastı və tamaşaçıya ötürdüyü energetika baxımından. Həsənzadə Nargilə dialoqunun qəhrəmanları seçim etibarilə uğurlu olsa da, bəzi məqamlarda müşahidə olunan rabitəsizlik oyunun ayrı-ayrı ifalarda harasa baş alıb getdiyini sərgiləyirdi. Xüsusən Nargilənin tamaşaçı ilə göz ünsiyyətində bir anlıq yorğunluq sezilir və qəhrəmanının gənclik enerjisi və rolunun tələbi ilə özünü yenidən meydana atırdı. Zəhra Salayevanın Nargiləsi üsyankar, ərkəsöyün, qəmgin və bir az da dağınıqdır. O, olub-keçənləri, atalığının yaşatdığı ağrıları, anasının laqeydliyini, yaddaşının böyük hissəsini zəbt etmiş atasının ruhu və dəlisov gəncliyinin qayğılarını çiyinlərində daşımaqdan bitkin bir təsəlli soraqçısıdır.
Rejissor Nargiləni müasir qıza çevirmiş, ona cins geyimi, idman çantası və son model mobil telefon ilə vizual sərbəstlik vermişdi. O, Həsənzadəni öz eşqinə inandırmaqda israrlı olduğu qədər də inamsızdır. Daha doğrusu, tamaşaçıya sevgisini nümayişdə təcrübəsiz və cəsarətsizdir. Amma faktura, rola oturuşma və dinamika baxımından qənaətbəxşdir. Onun ifasına baxarkən yaranan təyin təxmini belədir: aktrisa çılğın boyalarla rolunu daha da əlvanlaşdırmaq, içindəki Nargiləni oynamaq istəsə də, bunun üçün ətrafdan asılı və çəkingəndir. Xüsusən də tərəf-müqabilindən bu energetikanı ala bilmir. Həsənzadə (Nazir Rüstəmov) sadəcə yaxşı dinləyici, məsləhətçi, bir növ öyrədicidir və içindəki təlatümlərdən xəbərsiz, daha doğrusu, qorxan bir yaşlıdır. İlyas Əfəndiyevin Həsənzadəsindən fərqli bir oyun sərgiləyən Nazir Rüstəmovun qəhrəmanı bir az da məmur modulyasiyasında, ağsaqqal ağır-batmanlığındadır. Amma bütün bunlara rəğmən sakit təbiətinin sərgisi və səsinin insanların qulağına ürəyindəki hisləri pıçıldama sehrində şanslıdır. Bütün formal oyun üsullarına baxmayaraq, aktyor qəhrəmanını mühakimədə izləyiciyə azadlıq verməkdən qorxmayan və ona elə ən çox özü acıyan tamaşaçıdır.
Buna baxmayaraq, ikilinin dialoqu səmimidir, baxımlıdır. Ən əsası tamaşaçı gənc qızın çılğınlıqlarına cavabsız qalan, buna məcbur olan Həsənzadəyə və Nargiləyə inanır, acıyır, ağlayır və alqışlayır.
Tamaşanın laqeydlikdə günahlandırılan anası Nəzakət (Püstəxanım Zeynalova) bir ananın iztirablarını olduğundan artıq dramatikləşdirən və bunu tamaşanın ruhuna yad olan bəzi qışqırtıları ilə diktə etməyə çalışan hökmrandır. Aktrisanın klassik oyun üslubu və analıq hislərini ifadəsindəki hədsiz qabarıqlığı həm də anlaşılandır.
Ögey ata Fərəc (Əməkdar artist Azad Məmmədov) nədənsə elə bu tamaşaya da ögey qaldı və sonadək öz ifasındakı uyumsuzluğu düzəldə bilmədi. Hər monoloqundan sonra gözündəki eynəyi çıxarıb geyinən, əl hərəkətləri ilə rabitəsizlik yaradan və bəzən də daxilindəki amansız atalığa çevrilməyi unudan obraz kimi yadda qaldı. Tamaşaçı Nargiləni ata ocağından ayıran, ana ilə qızı arasında uçurum yaratmaq istəyən və buna görə də çirkin oyunlar oynayan, ağrılı tələblər irəli sürən atanı görmədi...
Həmidə Nizamiqızı