Onları, həqiqətən də, belə adlandırmaq lazımdır: məhz dünya içində dünya yaradıb cansız əşyalara, donuq baxışlı kuklalara əl və səs sehri ilə can, ruh verənlər.
O da bu sənət karvanının, kuklaçı adının, uşaq dünyasının heç vaxt böyüməyən və ürkək uşaqlığında qalan təkrarsızlarından idi. Kövrək notlu, çətinlik dolu bir sənət taleli kuklaçılar sırasında onun adı çəkildikcə yada düşən, ağıla gələn ilk sözlər bu olur: o, kuklaçılığı, kuklaları uşaqlar qədər sevir və uşaqların dünyasında özünü səadətin zirvəsində sayırdı.
Bu fikirlər oktyabrın 19-da Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində kuklaçı sənətkar, gözəl aktyor və peşəkar təşkilatçı Ruslan Həsənlinin 70 illik xatirə gecəsində bir daha dilə gəldi.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemət mərhum sənətkar haqqında ətraflı məlumat verdi, onun keçdiyi zəngin sənət yolundan, respublikamızda kukla sənətinin inkişafındakı misilsiz xidmətlərindən söz açdı. Bildirildi ki, yüzdən çox irili-xırdalı kukla obrazı yaradan Ruslan Həsənli Azərbaycan Dövlət Kukla Teatrında aktyor və rejissor köməkçisi kimi çalışıb, Naxçıvan Dövlət Kukla Teatrının formalaşmasına əzab-əziyyətlə dolu üç il sərf edib.
Sənətkarın həyat və sənət yolunun müəyyən məqamlarında birgə addımladığı müxtəlif teatrların aktyorları - xalq artistləri Hacı İsmayılov, Cəfər Namiq Kamal, Əməkdar artist Rəhman Rəhmanov və başqaları Ruslan Həsənlinin bir insan kimi daim nikbin ruhlu mübarizliyindən, kukla sənətinə olan böyük sevgisindən söz açdılar. Uşaqlığında xalq artistləri Süleyman Ələsgərov, Lütfü Məmmədbəyovun təşkil etdikləri xalq teatrlarında, gənclik illərində Xalq artisti Adil İsgəndərovun kinoaktyor kursunda sənətin sirlərini öyrənməsindən və dramatik aktyor ampluasına rəğmən kuklaçılığı seçib ömrünü bu sənətə həsr etməsindən danışdılar.
Qeyd olundu ki, Ruslan Həsənli 1945-ci ilin 20 oktyabrında Bakının “Sovetski” adlanan məhəlləsində, teatra, sənətə meylli olan və həvəskar teatrlarda, dram dərnəklərində aktyor kimi fəaliyyət göstərən Yaqub müəllimin ailəsində doğulub. Uşaqlığı teatrlarda, yaradıcı ittifaqlarda tədbirlərdə keçir. Təbii ki, bütün bunlar onun yaradıcılıq yolunun ilk cığırı kimi böyük sənətə atılmasına rəvac verir. 1971-ci ilin sonundan həyatını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayan aktyor burada müxtəlif qəhrəmanları canlandırmaqla uşaqların sevimli aktyoruna çevrilir. Teatrın truppasında dəfələrlə Yəmən, Hindistan, Rusiya, Gürcüstan, Özbəkistan və digər xarici dövlətlərdə ölkəmizi uğurla təmsil edən sənətkar “Keçinin qisası” tamaşasının 3 ay müddətində ərəb dilində ərəb ölkələrində uğurla nümayişində yaxından iştirak edir.
Yubiley gecəsində çıxış edənlər Ruslan Həsənlinin Naxçıvan Dövlət Kukla Teatrının ilk bədii rəhbəri kimi 1989-1991-ci illəri əhatə edən yaradıcılıq dönəmindəki fədakarlığından, Sumqayıtdakı “Dostluq” Mədəniyyət Evi nəzdindəki xalq teatrında fəaliyyətindən də danışdılar. Müəyyən məhrumiyyətlərlə üzləşdiyi 90-cı illərdə qardaş Türkiyədə keçən 2 illik yaradıcılıq yolundan, oradakı Azərbaycan kukla teatrını yaratmaq cəhdlərindən də söz açıldı.
Bildirildi ki, o, dövlət televiziyası və radiosunda unudulmaz uşaq verilişlərinin yaradıcısı və aparıcısı kimi də tanınıb, balacaların sevimlisinə çevrilib. “Retro”, “Sehrli xalça”, “Pəncərəmə ay qonub” televiziya tamaşaları, “Göy qurşağı”, “Tumurcuq”, “Bəbə”, “Ağ atlı oğlan” və digər radio tamaşalarında yaratdığı unudulmaz obrazlar indi də xatırlanır.
2012-ci ildə, sənətinin yetkin dövründə, 67 yaşında dünyasını dəyişən aktyorun xatirələrdə əbədi yaşayacağı vurğulandı.
Teatrşünas Çingiz Ələsgərli yaxın günlərdə Ruslan Həsənli haqqında yazdığı “Kuklaçının nağılı” kitabının işıq üzü görəcəyini dedi.
Sonda sənətkarın yolunu davam etdirən oğlu, Dövlət Kukla Teatrının aktyoru Araz Həsənli çıxış edərək atası ilə bağlı xatirələrindən, atasının onda yaratdığı kukla sənəti eşqindən söz açdı, kövrək və səmimi insanların əhatəsində keçən yubiley tədbirinə görə təşkilatçılara təşəkkürünü bildirdi.
Həmidə Nizamiqızı