Hə, bu hamam davası çox çəkəcək, çünki Baladadaş bacanaqların sevmədiyi cahıldır. Səbəbi də sadəcə çayxana “statusu”dur. Məsələ bundadır ki, Baladadaşın toyuna üç gün qalıb, amma hamamçı bacanaqlardan biri Ələkbər və heç ondan geri qalmayan Gümüş Malikin işi-gücü kəndin yaraşıqlı cavanı Baladadaşla çəkişməkdir. Hər dəfə bir atmaca ilə təzə bəyi özündən çıxaran və kənd çayxanasında davaya səbəb olan mübahisələrdən sonra bacanaqlar Baladadaşı toy hamamına buraxmamaqla ondan intiqam almaq qərarına gəlirlər. Mərəkə də bundan sonra başlayır...

Xəbəriniz olsun ki, bu mərəkə Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində qopacaq. Teatrda Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” hekayəsi əsasında musiqili komediya tamaşaya qoyulur. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdidir. Bakı kəndlərinin ab-havasını, məişət və münasibətlərini səhnəyə ayrı bir tərzdə daşıyan tamaşanın məşq prosesini biz də izlədik.
Hələ ki, çayxana səhnələrini, yəni birinci şəkildə Baladadaşın həmkəndliləri ilə dava-dalaşı, iki-üç musiqi nömrəsi və demaqoq kitabxanaçının çıxışları oynanılırdı. Məşq gərgin keçir. Rejissor və musiqili komediya üçün ilk bəstəkar işini təqdim edən Firudin Allahverdi kifayət qədər tələbkar idi. Hər detal üzərində dəfələrlə dayanılır, məsləhətləşmələr aparılır, musiqi mətnində müəyyən dəyişikliklər müzakirə olunurdu.
Ümumilikdə Cənnət xanımın məşqlərini izləmək zövqlü mənzərədir. Çünki o, prosesdə sanki qarşısındakı aktyorlara bir ustad dərsi keçir. Amma bu dəfə rejissor bir az əsəbi şəkildə aktyorları diqqətə, məsuliyyətə çağırırdı. Hə, deyəsən, sərtlik işini gördü və məşq axarına düşdü.
Ani sükutdan sonra səhnədəki canlanma ilə hər kəs mizana uyğun vəziyyətini aldı və çayxana sakinləri “işə” başladılar. Baladadaş (Əmrah Dadaşov) gənclik ədası ilə çayxanaya daxil olub özünə aid köşədə yanpörtü oturaraq çayçı Qəzənfərdən (Möylə Mirzəliyev) bir çay gətirməsini istəyir. Bu dəm Gümüş Malik (Əliməmməd Novruzov) “Qədeş, səndən nə əcəb çayxanaya gəlmisən?” - deyə ona söz atır.
Cəld bacanağı Ələkbər (Fərid Rzayev) “Ala, ciyəri yanır da”, - deyərək Baladadaşa ağzını açmağa imkan vermir.
Gümüş Malik də “Ala, ciyəri yanır su içsin də, şollar suyu” deyə şaqqanaq çəkir. Bu dəm rejissor məşqi kəsir və müdaxiləsini edir. Baladadaşa qıcıq verilməsi üçün daha sərt olmağı, məsxərəni artırmağı tələb edir. Beləcə, bacanaqların qıcıqlanması öz işini görür və çayxanada dava düşür. Sonda bacanaqlar ədabazlıqla aranı sakitləşdirib, dava səbəbkarlarını çayxanadan qovan qocaya “Qəzənfər, bu bir”, - deyərək hədə biçirlər.
Demaqoq kitabxanaçının (Əməkdar artist Novruz Qartal) öz səhnəsini ifasından sonra da çayxanadakı qarğaşa ərşə dayanır. İşsiz-gücsüz adamların çayxana davaları, məntiqsiz mübahisələri, məğzi olmayan prinsipiallıqları davam edir. Arada səslənən meyxana ritmli mahnılar, aktyorların səs-texnika yarışı tamaşanın maraqlı olacağına, yüksək ritmə hesablandığına işarə edir.
İki saata yaxın davam edən məşqin sonunda fürsət tapıb rejissor və bəstəkarla söhbətləşə bildik.
Rejissor məşqləri xeyli vaxtdır davam edən tamaşanın məlum filmdən fərqli olacağını, eyni zamanda teatrla kinonun sintez ediləcəyini deyir. Xatırladaq ki, Xalq yazıçısı Elçinin bu hekayəsi əsasında “Baladadaşın ilk məhəbbəti” (1974, rejissor Fikrət Əliyev) adlı qısametrajlı film çəkilib.
Cənnət Səlimova: “Tamaşada filmdən fərli olaraq, tam başqa məqamları qabartmışıq. Baladadaşı daha müasir, məsələlərə daha aydın baxmağı bacaran qətiyyətli bir gənc kimi vermişik. Xatırlayırsınızsa, filmdə şəhərdən gəlmiş qız Baladadaşın məhəbbətini məsxərəyə qoyur. Başında “aerodrom” papağı, tökülüb-itən zövqsüz geyim-kecimi və yaşına tərs bığları ilə şəhərli gənc qıza tam əks tipdir. Ona görə də qız ona asanlıqla “Sən hara, mən hara?” deyə bilir. Əslində onun öz həqiqəti var və mən də o qızın yerində olsam Baladadaşı bəyənmərəm. Amma bizdə məsələ tam başqa cür qoyulub. Tamaşada Baladadaş qıza yox, qız ona vurulur. Çünki Baladadaş yaraşıqlı, ağıllı və zirək oğlandır. Amma qızın anası Baladadaşı bəyənmir və qızını ondan varlı və yaşca çox böyük Murada verir. Onun bircə üstünlüyü puludur və ana da qızını o pula satır. Baladadaş qızın qızıllara, qiymətli hədiyyələrə görə Murada təslim olduğunu gördükdə sarsılır və beləcə, ona doğma olan kəndi, keçmişini tərk edib gedir. Bax bizim qəhrəmanın da fərqli tərəfləri məhz prinsipiallıq və qürurundadır”.
Hər bir tamaşada izləyiciyə ötürülən mesaj, rejissorun qabartmaq istədiyi məqam var və “Baladadaşın toy hamamı”nın da bu mənada ismarışı var. Rejissor bu fikrə də özünəməxsus yozum verdi: “Burada iki böyük mesaj var. Birincidə Baladadaş uşaqlığı və gəncliyinin keçdiyi kəndin artıq gələcəyinin olmadığını düşünür. Ağrı ilə kəndlərində köhnə adətlərin tam itdiyini və yeni mənzərədə Gümüş Maliklərin, Muradların ortaya çıxaraq özləri ilə yeni və bəlkə də bütün gözəl adətləri çeynəyib atan davranışlar, münasibətlər gətirdiyini göstərməyə çalışır. Mənim qəhrəmanım da buna təəssüflənir və komizmin içindəki dramatizm məhz bunu qabardır, tamaşaçını düşündürür, bir anlıq öz ətrafına baxmağa, artıq nələri itirdiyini anlamağına çağırır. Amma ümid işartıları da yox deyil. Nə qədər ki Baladadaş sağdır, demək, heç nə itməyib”.
Tamaşada kino ilə sintezə gəlincə, rejissor bu məqama da aydınlıq gətirdi: “Əsərdə belə bir yer var ki, toy ərəfəsində olan Baladadaşla kənd hamamının müdiri arasında münaqişə yaranır. Bakı kəndlərinin adətinə görə, evlənən oğlan toydan qabaq mütləq bəy hamamına getməlidir. Kənddə isə yalnız bir hamam var. Toy günü hamı gözləyir ki, Baladadaş kənd hamamına gedəcək və müdirdən xahiş-minnət edəcək. Amma Baladadaş öz qürurunu hər şeydən üstün tutaraq bir bəy kimi kənd hamamında deyil, Xəzər dənizində çimməyə qərar verir. Tamaşada bu çox vacib məqamlardan biridir. Biz epizodu tamaşaçılara daha dolğun formada çatdırmaq istədiyimiz üçün qərara gəldik bu səhnəni - Baladadaşın “bəy hamamını” - dənizdə çimməsini lentə alıb nümayiş etdirək. Belə də həm müəllif fikrini daha effektli şəklidə ifadə etmək, həm də teatrla kinonun sintezini yaratmaq mümkündür. Havaların soyuq keçməsinə baxmayaraq, bir neçə gün öncə Mərdəkanda çəkilişlər apardıq. Baladadaş obrazının ifaçısı, teatrımızın gənc və istedadlı aktyorlarından biri Əmrah Dadaşov əsl fədakarlıq etdi. Havanın soyuq olmasına rəğmən, dənizdə çimdi. Həmin kadrlar tamaşa zamanı monitor vasitəsilə nümayiş olunacaq”.
Tamaşanın bəstəkarı Firudin Allahverdi isə musiqidə hadisənin ovqatından çox ümumilikdə Bakı kəndlərinin musiqi, ritm ruhunu əks etdirməyə çalışdığını deyir: “Musiqidə əsasən Bakı koloritini, meyxana ruhunu əks etdirməyə çalışmışam. Təbii ki, burada janra uyğunluq və musiqili komediyanın tələblərini tam qorumağa cəhd etmişəm. Tamaşada mahnı çoxdur və ilk iş kimi mən buna xüsusilə diqqət etdim. Amma son sözü tamaşaçı deyəcək”.
Xatırladaq ki, tamaşanın dirijoru Fəxrəddin Atayev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, bədii tərtibatçısı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir, səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.
Səhnə əsərində rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları ifa edəcəklər.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar