Sənət və həyat aşiqi Rəhman Əlizadə

O, həqiqətən də, aşiq idi. Təkcə təmsilçisi olduğu ədəbiyyata, dramaturgiyaya, teatra, rejissuraya yox. Ümumilikdə bəşər övladına, yaradanda və yaratdıqlarına. Həm də fərqli idi. Yanaşması, baxış bucağı, ideya və yaşam mizanları, həm də sənət və həyat dolu bir neçə pərdəlik “Rəhmanlı” adlı pyesi ilə...

Azərbaycan dramaturgiyası, ədəbiyyatı, incəsənəti, teatrı, geniş anlamda Azərbaycan insanı və onun vətən dediyi coğrafi məkan anlayışları üçün Rəhman Əlizadə bir ayrı sevgidə, bir ayrı ruhda var olmuşdu. Onun haqqında keçmiş zamanda danışmaq və bir xatirat yığınını vərəqləmək adamı sıxır. Çünki onun özünün həyat-ölüm tandeminə münasibətində bir rəhmansayağılıq vardı. Məsələn, o, qəribə bir fəhm ilə “Ölüm mən yaşda, mənim boyda, mən ağırlıqdadır”, - deyirdi və beləcə, ölümü özündən nə aşağı, nə də yuxarı bilirdi.
Ümumiyyətlə, Rəhman Əlizadə sənət adamı kimi maraqlı, həm də mürəkkəblikləri fonunda təzadlı müsahib idi. Onunla baş rejissor vəzifəsində çalışdığı Dövlət Kukla Teatrında bir neçə dəfə həmsöhbət olmuşam. Mövzu kukla teatrı, uşaq tamaşaları, müasir teatr olsa da, bu tutqun simalı doğma baxışlı adam hər nəsnədən danışar və hər fikrində o yanğını, istəyi, təəssübü hiss etdirərdi. Kiçik rejissor kabinetində siqaret tüstüsündən bəzən görünməz olan simasında çağdaş sənət, həyat qayğılarını aydın sezərdin. Bu mənada Rəhman Əlizadə həm də maraqlı müşahidəçi idi.
“İnsan özünün yaratdığını onun özünü yaradandan çox sevir”, - deyən və yaratdıqları, elə də uzun olmayan ömrə sığdırdıqları ilə Azərbaycan dramaturgiyası, milli teatrı, rejissura sənəti tarixində adı ilə yaddaşlara iz sala bildi.
Onu anadan olmasının növbəti il dönümündə, soyuq fəslin isti xatirələri ağuşunda mənəvi tələbələri, həyat-sənət dərsi verdiyi insanlarla xatırladıqca bir də itkisinin böyüklüyünü anladım.

Həyatından...

19 dekabr 1947-ci ildə Bakıda doğulan, Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirən Rəhman Əlizadə bütün həyatını yaradıcılığa həsr etdi. Hər şeydə fədakarlığı həyat meyarı sayan dramaturq 1968-ci ildən 1993-cü ilədək Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyət göstərərək o kiçik səhnədə xariqələr yarada bildi.
O, zəngin dramaturgiyası ilə də söz haqqı qazandı. Əsərləri müxtəlif teatrlarda səhnəyə qoyulmaqla müəllifin özünəməxsus dəst-xətti nümayiş etdirdi. 1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışaraq bu sənət ocağının da yaradıcılıq həyatında, sözün tam mənasında, dönüş yarada bildi. Bu teatrda hazırlanan 32 tamaşanın quruluşçu rejissoru olan R. Əlizadə 2006-2009-cu illərdə yaradıcılıq yolunu Azərbaycan Gənclər Teatrından da saldı. Baş rejissoru olduğu bu teatrda "Mürafiə vəkilləri" (M.F.Axundzadə), "İblis" (H.Cavid), "Dünyanın axırı" (R.Əlizadə), "Tülkünün uçuşu" (A.Şaiq), "Saraxatun" (H.Saraclı), "Su pərisi" (F.Mustafa) tamaşalarını hazırlayıb hər birində bir ayrı üsluba malik rejissurasını göstərə bildi.
Amma uşaq dünyası, özlüyündə ən mürəkkəb yaradıcılıq səhnəsi olan doğma evi, Kukla Teatrı onu yenidən özünə cəlb etdi. 2009-cu ilin aprelində yenidən Azərbaycan Dövlət Kukla Teatrına baş rejissor təyin olunan Rəhman müəllim repertuarda uzun müddət yaşayan əsərlər səhnələşdirdi.

“O, bizdə teatr sevgisini alovlandırıb...”

“Teatrda əsas üç mərhələdir - özünütəsdiq, özünüifadə və ən çətini - “teatra ibadət”. Hər yaradıcı adama qismət olmur özünü teatra həsr eləmək. Teatrı özünə yox, özünü teatra həsr edəndə ibadət başlayır”, - deyən, özündən sonra yeri görünən, nəfəsi duyulan Rəhman Əlizadəni mənəvi tələbələri, sənət öyrənciləri ilə xatırladıq.
“Teatrın nə olduğunu, teatrın əlifbasını o mənə öyrədib, bu sahədə ilk müəllimim olub. Rolun əməl xəttinin tərifini ondan öyrənmişəm”, - deyən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ayşad Məmmədov onun əvəzsiz insan olduğunu dönə-dönə vurğuladı: “İndi teatr aləmində böyük mütəxəssis olan bir çoxlarının müəllimi odur. Rəhman müəllimin özünəməxsusluğu ondaydı ki, o, teatrın içində yaşayırdı, bütün varlığıyla teatr idi. O bizdə teatr sevgisini alovlandırıb. İndiyə qədər də o odda yanırıq. Sovet dönəmində pyesləri böyük müvəffəqiyyət qazanmışdı. “Kəndimizin narları” pyesi bir çox teatrlarda səhnələşdirilmişdi”.
Daha bir xatirata isə Əməkdar artist, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Qurban İsmayılovla daldıq. “Rəhman müəllim Azərbaycan teatrında dramaturq və rejissor olaraq öz sözünü deyib, amma o daha çox iş görə bilərdi, təəssüf ki, ömür vəfa etmədi”, - deyən aktyor onun yerinin hər zaman görünəcəyini bildirir: “Rəhman Əlizadə mənim yaddaşımda ətrafda baş verən, hamıya adi görünən hadisələr haqda özünəməxsus, qeyri-adi, yalnız özünəməxsus incə yumorlu analizləri ilə qalıb”.
Xatirə yüklü söhbətə müəllim, ustad sevgisini bir ayrı ecazda, bir ayrı ovqatda yaşayıb yaşadan tələbəsi - Dövlət Kukla Teatrının aktrisası Cəmilə Allahverdiyeva ilə nöqtə qoymaq istədim. Teatrdakı balaca qrim otağını ustadının fotoşəkilləri, haqqında çıxan məqalələri və çap olunan kitabları ilə bəzəyən və “Rəhman müəllim daim mənimlədir, var olduqca da məndə yaşayacaq” düşüncəsində olan istedadlı aktrisanın alovlu ustad sevgisi çox kövrək və müqəddəsdir: “Mənim dünyaya baxışımda, nəinki aktrisa kimi, elə insan kimi də formalaşmağımda onun rolu əvəzsizdir. O, dramaturgiyanı mükəmməl bilən, rejissura məktəbi olan insan kimi də əvəzsiz idi. Rəhman Əlizadə mənim üçün Allahın töhfəsidir. Çünki məni bu teatra, sənətə o gətirib. Mənə yaradıcılıq meylini o aşılayıb. 10 il onun şagirdi olaraq öyrəndiklərimə görə özümü dünyanın ən şanslı insanı sayıram. Onun yoxluğu ilə, üsyan kimi çıxmasın, barışa bilmirəm. Onun yoxluğu iliyimə işləyir...
Təkcə mən yox, “bu əbədi, müqəddəs, daima yanan ocaq” olan teatr qəribsəyib ona. O da tamarzıdır əsl sənət məbudu, sənət fədaisi üçün, onun yaradıcı yozumu, səhnə töhfələri üçün...”

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar