Yeni il bayramını hamıdan çox uşaqlar səbirsizliklə gözləyirlər. Düzdür, bu dəfə məktəblərin qış tətili ənənəvi olaraq yanvarın əvvəlində deyil, sonunda olacaq. Bununla belə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı 31 dekabr - 4 yanvar tarixlərinin istirahət günləri olacağını nəzərə alsaq, balacaların, elə böyüklərin də bu qısa tətildən məmnun qalacaqları yəqindir.
Teatr-konsert müəssisələri, əyləncə məkanları bugünlərdə istirahəti daha mənalı və yaddaqalan etmək üçün ənənəvi olaraq bayram proqramları hazırlayıblar. Paytaxtın bir çox teatr-konsert müəssisələrində Yeni il şənlikləri və bayram tədbirlərinə artıq gələn həftədən start veriləcək. Beləliklə...

Heydər Əliyev Sarayından iki bayram proqramı

Heydər Əliyev Sarayı dekabrın 27-də “Barboskinlərdə Yeni il” tamaşasını təqdim edəcək. Sarayın mətbuat katibi Anar Fərəczadənin verdiyi məlumata görə, “Barboskinlərdə Yeni il” tamaşasında detektiv hekayə, hadisələrin gözlənilməz dönüşü, akrobatik elementlər olan möhtəşəm nömrələr və çox gülməli səhnələr olacaq. Barboskinlər ailəsinə daha iki personaj qoşulacaq ki, onlarsız Yeni ili təsəvvür etmək mümkün deyil. Bunlar Şaxta baba və Qar qızdır! Uşaqları xoş təəssüratlar, hədiyyələr və sürprizlər gözləyir.
Saray balaca tamaşaçıları 2, 3 və 4 yanvar tarixində isə "Nağıl qəhrəmanlarının səyahəti"nə dəvət edir. Şouda uşaqları Cırtdan və dostlarının (Qırmızıpapaq, Buratino, üç keçi balası və s.) başına gələn Yeni il sərgüzəştləri gözləyir. Səhnədə qurulacaq böyük yolka ətrafında toplaşacaq uşaqlar, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə rəngarəng, interaktiv tamaşanın iştirakçısı olacaq və əylənəcəklər.

“Şelkunçik”, Maşa, Ayı və digərləri

Uşaqları nəzərə alıb repertuarında onların da marağına səbəb olacaq klassik nümunələrə yer verən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dekabrın 23-də və 13 yanvarda (köhnə Yeni il) Pyotr Çaykovskinin məşhur “Şelkunçik” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən onu da dedilər ki, bayram tətilində hər gün iki təşkilat əyləncəli proqram təqdim edəcək. Dekabrın 26-dan 30-dək “Maşa və Ayının Yeni il sərgüzəştləri”, yanvarın 2-dən 4-dək isə Moskvadan qastrola gələn uşaq kollektivinin təqdimatında əyləncəli proqram nümayiş olunacaq.

Milli Dram Teatrının “Nağıllar aləmi”

Dövlət Akademik Milli Dram Teatrı da bayrama hazırlaşıb. Teatrın yaradıcı heyəti dekabrın 26-dan yanvarın 5-dək hər gün 4 seans olmaqla maraqlı repertuarı ilə uşaqları sevindirməyə çalışacaq. “Nağıllar aləmində” adlı maraqlı tamaşanın rejissoru Xalq artisti Bəsti Cəfərova, səhnə tərtibatçısı İlham Elxanoğludur.

“Mauqlinin Yeni ili”

Ənənəsinə sadiq qalan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu dəfə balacalar gənc yazar Pərvin Nurəliyevanın qələmə aldığı pyes əsasında “Mauqlinin Yeni ili” tamaşasını izləyə biləcəklər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rolları Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Elnur Əliyev, Anar Seyfullayev, Elşən Şıxəliyev, Rəşad Səfərov, Müşfiq Əliyev, Anar Səfiyev, Bəhram Həsənov və Musiqili Teatrdan dəvət olunan Zaur Əliyev ifa edəcəklər.
Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevanın bildirdiyinə görə, əyləncəli bayram proqramı və yeni tamaşa dekabrın 25-dən yanvarın 4-dək nümayiş etdiriləcək.

Kuklaçıların tamaşa vədi

Balacaların sevimli məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı isə dekabrın 20-də premyerasını keçirəcək “Oyaq gözəl” tamaşası ilə uşaqların bayram istirahətini daha da rəngarəng etməyə çalışacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa rus müəllifi Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun məşhur “Yatmış gözəl" nağılından bəhrələnərək qələmə aldığı pyes əsasında hazırlanıb. Komik elementlərlə zəngin nağıl-tamaşada bugünkü uşaqların yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanları klassik nağıl obrazları ilə bir arada təqdim olunur.
Tamaşanın rejissoru Anar Məmmədov, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır. Əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov, Cavid Telman, Samirə Nəcəfova, Elmira Hüseynova, Elnarə Hacıyeva və Araz Həsənov ifa edirlər.
Balacalar hər tamaşanın ardınca Şaxta baba və Qar qız, eləcə də məşhur nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli proqramı da izləyə biləcəklər. Tamaşa dekabrın 30-dan yanvarın 5-dək hər gün 4 seans olmaqla nümayiş etdiriləcək.

Musiqili Teatrın şənliyi

Azərbaycan Dövlət Musiqili Teatrı da Yeni ilə hazırlaşır. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun sözlərinə görə, bayram şənliklərinin 24 dekabrdan başlanması planlaşdırılır. Balacaları sürprizlər, müxtəlif nağıl qəhrəmanları ilə əyləncələr gözləyir.
Qeyd edək ki, bayram şousu ilə yanaşı, Dövlət Musiqili Teatrında nağıl-tamaşa da hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, musiqi tərtibatçısı Mehman Fərəcovdur.

Rus Dram Teatrında "Fiksi şou"

Qış tətilində S.Vurğun adına Rus Dram Teatrında da balacalar üçün maraqlı əyləncə təqdim olunacaq. 26, 27, 28 dekabrda teatrın səhnəsində "Fiksi şou" tamaşası göstəriləcək. Tamaşada uşaqların sevimli animasiya filmləri qəhrəmanlarının, məşhur nağıl obrazlarının çıxışı da gözlənilir. "Fiksi şou" 26 dekabrda üç seans, 27, 28 dekabr isə iki seansda nümayiş olunacaq.
Bundan əlavə, dekabrın 30-dan yanvarın 4-dək V.Neverovun rus xalq nağılları əsasında qələmə aldığı nağıl-tamaşanın premyerası da olacaq.

"Küpəgirən qarı necə zamanı saxladı?"

Azərbaycan Teatr Xadimləri İttifaqının Aktyor evində də Yeni il şənliyi hazırlanır. Dekabrın 26-da başlanacaq proqram yanvarın 3-dək davam edəcək. "Küpəgirən qarı necə zamanı saxladı?" adlı proqramın müəllifi başqırdıstanlı yazar Aydar Zaripov, quruluşçu rejissoru Lyubava Qrinovadır. Hər gün üç seansda nümayiş etdiriləcək bayram proqramında Rus Dram Teatrının aktyorları çıxış edəcək.

Bakı Dövlət Sirkində “Qış paradı”

Bakı Dövlət Sirki isə bayramlar ərəfəsində paytaxtımıza “Klounların qış paradı” adlı yeni sirk proqramı dəvət edib. Dekabrın 25-dən başlayacaq proqramın özəlliyi ondadır ki, ilk dəfə olaraq bütün nömrələr klounlar tərəfindən nümayiş etdiriləcək. Sirk şousunda hava gimnastları, əhliləşdirilmiş heyvanların maraqlı nömrələri, monosikl, akrobatların çıxışları təqdim olunacaq. Kordebaletin müşayiətilə göstərilən nömrələrdə xüsusi işıq effektlərindən də istifadə ediləcək. Proqramda Şaxta baba və Qar qız da iştirak edəcək.
“Klounların qış paradı” proqramı 2016-cı il yanvar ayının ortalarına kimi şəhərimizdə olacaq.

Həmidə Rüstəmova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar