Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub.
Səhnə əsərinin leytmotivi Azərbaycan tarixində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət və hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr zorakılıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, doğma yurd-yuvalarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir. İki pərdə və yeddi şəkildən ibarət operada bəstəkar bütün hadisələri solo, ansambl nömrələri, möhtəşəm xorlar vasitəsilə böyük ustalıq və peşəkarlıqla əks etdirib. Müəllifin gələcəyə olan nikbin hissləri də operada öz təcəssümünü tapıb. Qələbəyə böyük inam bəsləyən bəstəkar operanı mübarizlik əhval-ruhiyyəsini aşılayan musiqi ilə, möhtəşəm sonluqla tamamlayır.
Gənc dirijor Əyyub Quliyevin idarə etdiyi səhnə əsərində əsas rolları Xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa ediblər.
Möhtəşəm musiqisi və yüksək zövqlü səhnə tərtibatı ilə diqqətçəkən tamaşa böyük maraqla qarşılanıb.
Qeyd edək ki, operanın libretto müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii tərtibatçısı isə Xalq rəssamı Tahir Tahirovdur.