Tanınmış vokalçılar ilə sənət, Bakı və nar şərabı barədə söhbət

Adətən müsahibə deyəndə təkbətək söhbət, ya da bir müsahiblə iki-üç jurnalistin, fotomüxbirin iştirakı ilə ünsiyyət adamın ağlına gəlir. Bu dəfə onlar üç nəfər idi, mən isə tək...
Ötən şənbə Azərbaycan Akademik Opera və Balet Teatrında C.Verdinin «Aida» operası növbəti dəfə nümayiş etdirildi. Tamaşadan bir gün əvvəl bu operada səhnəyə çıxacaq qastrolçu vokalçılar ilə görüşüb söhbət etdik.
Beləliklə, tanış olaq. Belarus Akademik Milli Opera və Balet Teatrının solisti, bu ölkənin Xalq artisti Sergey Frankovski (Radames), Kiyev Milli Opera Teatrının solistləri Viktoriya Çenskaya (Aida) və Dmitri Qrişin (Amonasro).


Qrim otağında əyləşmişik. Salamlaşıb özümü təqdim edirəm. Müsahiblərimdən əvvəlcə onlara necə müraciət edə biləcəyimi soruşuram. Centlmenlər ilk sözü qadına güzəştə gedirlər.
V.Çenskaya: Eləcə Vika deyin...
S.Frankovski: Sergey Valentinoviç.
D.Qrişin: pan Dmitri... Ukraynada ata adı ilə çağırmağı sevmirlər.
- Sizi növbəti dəfə Bakıda görməkdən şadam... Bakıda neçənci dəfə çıxış edirsiniz, bilmək olar?
D.Qrişin: Mən keçən şənbə də Bakıda idim. «Traviata»da Jermonun partiyasını oxuyub Kiyevə qayıtdım. Orda da tamaşam var idi. İndi də, gördüyünüz kimi, yenə Bakıda, sizin teatrdayam. Keçən ilin martında «Aida»da çıxış etmişdim, sabah da «Aida»da oxuyacağam. Düz on ikinci dəfədir ki, Bakıdayam.
- Nə yaxşı, pan Dmitri... Belə getsə, sizi burada truppaya qəbul edəcəklər...
D.Qrişin (gülür): Təklif olsa, fikirləşərəm.
V.Çenskaya: Dəqiq yadımda deyil, Bakıya beşinci, ya da altıncı gəlişimdi. Əsas odur ki, Bakı səhnəsində çıxış etmək təklifi həmişə ürəyimcədir. Kiyevdə bütün İtaliya operalarında oxuyuram, işim çox olsa da, belə qastrol səfərlərinə çıxmaq xoşdur.
S.Frankovski: Mən Dima kimi Bakıya tez-tez gəlməyimlə öyünə bilmərəm. Cəmi üçüncü dəfədir ki, Bakıdayam. Birinci dəfə 90-cı illərin əvvəlində gəlmişdim, bir dəfə də təxminən üç il əvvəl. Nə vaxt dəvət edirlərsə, həvəslə gəlirəm.
- Sergey Valentinoviç, elə isə, sizin təəssüratınız daha maraqlı olar. Necə olsa, zamanla keçən fərqi hiss etmisiniz.
S.Frankovski: Bakıya ilk gəlişimi heç unutmaram. Müharibə havası var idi hər tərəfdə. Düzünü deyim ki, hətta küçəyə çıxmağa qorxurdum. Amma ikinci gəlişimdə Bakının görkəminə mat qaldım... Cəmi bir neçə ildə bu qədər müsbət dəyişiklik?! Mən Avropanı gəzib-dolaşmış adamam, mənim nəzərimdə Bakı heç bir Avropa paytaxtından geri qalmır.
D.Qrişin: Teatrda bizi çox səmimi qarşılayırlar. Hava limanında təyyarədən enən kimi Əli (Əlihüseyn Ağayev teatrın baş inzibatçısıdır - G.M.) ilə salamlaşanda hiss edirsən ki, qonaqpərvər adamların arasındasan. Bu şəhərdə adamı öz doğması kimi qarşılayır, yaxşı süfrə açır, gəzdirir, darıxmağa qoymurlar. Bakıya da söz ola bilməz. Gözəl şəhər, Xəzər sahili... Hava da gözəl...
- Çox sağ olun. Bunları eşitmək xoşdur.
V.Çenskaya: Mən özümü Bakıda, bu teatrda doğmalarımın arasında hiss edirəm. Səbinə (Əməkdar artist Səbinə Vahabzadə - G.M) ilə dostlaşmışıq. Bakıya gəlməzdən əvvəl ona yazıram ki, tamaşada məşğul oldun-olmadın, mütləq teatrda ol ki, görüşək.
D.Qrişin: Bilirsiniz, həmişə eyni kollektivdə çıxış edəndə vokalçı sanki öz şirəsində qaynayır. Amma başqa şəhərdə çıxış edəndə emosiyaların təzələnir, dünyagörüşün artır, dostların da çoxalır. Həm də bu, bizim işimizdir. Öz teatrında tamaşanı qastrol tamaşasındakı kimi hiss edə bilmirsən.
S.Frankovski: Kənardan nə qədər qəribə görünsə də, teatr özü də bir istehsalatdır. Əsər seçilir, partiyalar bölüşdürülür və iş başlayır. Tamaşanı təhvil verənədək gərgin iş gedir. Sonra premyera həyəcanı, ayrı-ayrı çıxışlar. Səhnədə çıxış etmək sənin üçün adiləşir. Amma başqa kollektiv ilə birlikdə çıxış edəndə bu, sənin üçün bayrama çevrilir.
V.Çenskaya: Sergeyin də, Dimanın da sözlərində həqiqət var.
- Dəfələrlə Bakıda olmusunuz. Heç bizim muğam operamıza tamaşa etmisiniz?
D.Qrişin: Təəssüf ki, yox... Bilirsiniz, bizim biletimizi elə alırlar ki, yalnız öz tamaşamızı oxumağı çatdırırıq. Tamaşadan sonra da ilk reyslə geri uçuruq. Amma maraqlı olardı.
V.Çenskaya: Mən bilirəm ki, sizin gözəl muğam operalarınız var. Təəssüf ki, Dima deyən problemə görə dinləməmişəm... Teatrın repertuarında çox məşğul olanda bu, mümkün deyil.
S.Frankovski: Amma bizdə vəziyyət bir qədər fərqlidir. Axı, bizim prezidentlərimiz həm də dostdurlar. Prezident A.Lukaşenko Azərbaycanla bütün sahələrdə münasibətlərə xüsusi diqqət yetirir. Bir müddət əvvəl Qara Qarayevin «Yeddi gözəl» baleti bizim teatrda tamaşaya qoyuldu. İndi də bədii şura qərara alıb ki, Polad Bülbüloğlunun «Eşq və ölüm» baletinə quruluş verilsin. Səhv etmirəmsə, ötən il Minsk Musiqili Teatrında «Arşın mal alan» tamaşaya qoyulmuşdu. Fərid Əliyev də Bakıdan gəlib Əsgərin partiyasını ifa etmişdi.
- Bunlar çox yaxşı. Amma muğam oxumaq üçün təkcə güclü səsin olması azdır, gərək azərbaycanlı doğulasan.
D.Qrişin: Əgər Azərbaycan bəstəkarlarının operalarında həm muğam, həm də Avropa musiqisi varsa, muğam səsli solistləri dəvət etməklə bu məsələni həll etmək olar.
- Elə isə, bu məsələni öz teatrlarınızda qaldırsanız və bu ideya baş tutsa, bütün dünya musiqi sənətində bir yenilik olar.
S.Frankovski: Həqiqətən, maraqlı fikirdir.
- Bakı teatrı, teatrın kollektivi barədə fikrinizi bildik. Bəs Bakı dinləyicisi barədə nə deyə bilərsiniz?
V.Çenskaya: Çox diqqətli dinləyiciniz var. İtaliya operalarına elə yaxşı bələddirlər ki... Mən özüm də İtaliya operalarında həm çıxış etməyi, həm də dinləməyi çox sevirəm... Buna görə də Bakı musiqisevərləri ilə zövqümüz üst-üstə düşür.
D.Qrişin: Mən Bakını, Azərbaycan dinləyicisini çox qiymətləndirirəm. Dostlarım məni İçərişəhərə aparanda valeh oldum. Bakıdan gedəndə mütləq yerli çay, düyü, zeytun yağı aparıram. İspaniyada, İtaliyada çox olmuşam. Azərbaycan zeytun yağının dadına heç nə çatmaz. Nar şərabı da unikaldır.
- Bizim yağlı ət yeməklərində, kababda sous kimi istifadə etdiyimiz narşərabı deyirsiniz?
D.Qrişin: Yox, nardan çəkilən şərab. Özü də o, Bakıda yalnız iki mağazada satılır.
- Mən ilk dəfədir ki, bizdə nardan şərab çəkildiyini eşidirəm.
S.Frankovski: Azərbaycan çox zəngindir. Siz özünüz də onu hələ tam yaxşı tanımırsınız. Dima, həmin mağazanın yerini mənə də mütləq de.
- Sizi məşqə çağırırlar. Kollektivi gözlədə bilmərəm. Sonda Azərbaycan dinləyicisinə nə deyərdiniz?
D.Qrişin: Əvvəllər qocalar «Təki müharibə olmasın» deyib badə qaldıranda mənə qəribə gələrdi. Amma indi, Ukrayna müharibəyə sürükləndiyi zaman sülhün nə qədər vacib olduğunu dərk edirəm. Təki Ukraynada da, Azərbaycanda da müharibə başa çatsın!
- Amin!
S.Frankovski: Belarus həmişə Avropada gedən savaşların mərkəzində olub. Odur ki, sülh bizim üçün də aktualdır. Baş verən bütün müharibələrin, iqtisadi çətinliklərin fonunda görürsən ki, insanları mədəniyyət qədər heç nə birləşdirmir.
V.Çenskaya: Bilirsiniz, insan iş yerini dəyişə, müxtəlif kollektivlərlə çalışa bilər. İnsana qalan xoş münasibət, dostluqdur.

* * *
Bu da «Aida» operasının növbəti nümayişi. Müsahibə aldığımız qastrolçu solistlər ilə yanaşı, bizim teatrın solistləri - Xalq artisti Əli Əsgərov (Hökmdar), əməkdar artistlər Səbinə Vahabzadə (Amneris), Əkrəm Poladov (Ramfis), Gülnaz İsmayılova (Kahin qadın) da çıxış edirdilər. «Aida» operası təkcə süjet xəttinə görə deyil, həm də musiqisinin qavranılması və ifası baxımından Cüzeppe Verdinin ən qəliz və ən ali əsərlərindən sayılır. Musiqi aləmində belə hesab edirlər ki, «Aida»nı əvvəldən sonadək dinləmək təkcə zövq məsələsi deyil, bundan ötrü hazırlıqlı dinləyici lazımdır. Xalq artisti Cavanşir Cəfərovun dirijorluq etdiyi bu tamaşa da bizim səhnə sənəti tariximizə çevrildi.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar