Nə vaxtsa bu sualı kiməsə, lap elə özünüzə vermisinizmi? Doğrudan da, bu sevginin təməlini kim və nə zaman qoymalıdır? Olsun ki, bu sətirləri oxuyanların fikirləri müxtəlif olacaq. Teatra bağlı insanlar deyəcəklər ki, ailə və məktəb. Tədris prosesi ilə bağlı olanlar söyləyəcəklər ki, əlbəttə, valideynlər. Valideynlərin isə fikri haçalanacaq: bir qismi deyəcək ki, estetik zövqün tərbiyəsi məktəbin işidir, bəzisi teatrda nə var deyə düşünəcək.

Əslində, cavab variantlarının sayı nə qədər olsa da, gənc nəsildə teatr sevgisinin oyanması, onun bu sevgi ilə birgə böyüməsi bütün cəmiyyətin, ilk növdə isə, valideynlərin, məktəbin və teatrın işidir. Bir qədər üçbucaq fiquruna oxşadı, deyilmi? Amma bu, digər sevgi üçbucaqlarına bənzəməz ki, bir tərəfi böyüyəndə o birilər kiçilsin. Riyazi biliklərimizi yada salıb deyək ki, bu, bərabəryanlı üçbucaqdır. Kiçiləndə də, böyüyəndə də tərəflərin hər biri eyni ölçüdə artır.

Bölgələrdə nə var, nə yox?

Teatr elə bir ocaq, elə bir çıraqdır ki, onun hərarətinin çoxluğu, işığının bolluğu daha çox şəhər mühiti ilə bağlıdır. Respublikamızda da balacaların ilk qədəm basdığı kukla teatrlarından ən böyüyü paytaxtdakı A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıdır. Ondan başqa, Azərbaycanda daha dörd kukla teatrı var: Gəncədə, Naxçıvanda, Qaxda və Salyanda. Regionlardakı kukla teatrlarını bölgə uşaqları yaxşı tanıyırlar. Çünki bu kollektivlər həm də səyyar tamaşalar oynamağa meyllidirlər.
Bölgələrdəki dövlət statuslu dram teatrlarının isə «repertuarda mütləq uşaqlar üçün tamaşa olmalıdır» deyə bir öhdəliyi yoxdur. Sadəcə, həmin teatrlar ənənəvi olaraq Yeni il və Novruz günlərində uşaq tamaşaları da hazırlayırlar ki, regionlarda yaşayan uşaqların tətilinə bayram ovqatı qatsınlar. Sonradan həmin tamaşaları gündüz seanslarında göstərən kollektivlər də olur.

Uşaq teatrlarının “alma-materi”

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş inzibatçısı Səidə Haqverdiyeva ilə söhbətimizdən məlum oldu ki, teatrın birlikdə çalışdığı məktəblər və uşaq bağçaları var. Bu təlim-tərbiyə ocaqlarının müəllimləri, yaxud valideyn komitəsinin üzvü teatrın kassasından kollektiv üçün bilet alır. Bəzən gün ərzində oynanılan 4 seans tamaşanın seyrçiləri bir neçə məktəbin şagirdləri olur.
Bundan başqa, hər ay teatrda fəaliyyət göstərən «Oyuq» studiyasında elə tamaşaçılar ilə yaşıd olan balaca aktyorların ifasında bir neçə tamaşa oynanılır. Xeyirxahlıq, böyüklərə hörmət, səxavət və digər insani hisslərin aşılandığı bu əsərlər təmənnasız göstərilir və bu tamaşalara uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri tamaşaçı kimi dəvət edilirlər. Həmçinin əlillər cəmiyyətindən, qaçqın və köçkün ailələrindən, yaxud valideyn himayəsindən məhrum uşaqların tamaşalara baxmaq istəyi ilə əlaqədar müraciətlər olduqda, teatr rəhbərliyi onlara hər tamaşada müvafiq sayda yer ayırır.

Hər yaşın öz tamaşası...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı da öz repertuarlarında hər zaman kiçikyaşlı tamaşaçıları nəzərə alır.
Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovskinin fikrincə, uşaq tamaşaları həm teatrın gələcəkdə böyüklər üçün tamaşalarını seyr edəcək auditoriyanı yetişdirir, həm də teatrın nəzdindəki teatr studiyasında dərs alan gənclər üçün sınaq meydanıdır. Uzun illərdir ki, teatr hər şənbə-bazar günü saat 12 tamamda qapılarını balaca teatralların üzünə açır. Maraqlıdır ki, uşaq tamaşaları repertuarı böyüklərinki qədər təzələnmir. Rusdilli balaca teatralların yaşı artdıqca onlar böyük tamaşaçı yaş qrupuna keçirlər, daha azyaşlılar üçün isə görmədikləri hər tamaşa təzədir. Bu teatrda hər hansı kollektiv üçün tamaşa göstərmək ənənəsi yoxdur. İstəyənlər bileti kassadan alırlar.
Gənc Tamaşaçılar Teatrı tarixən tamaşaları şərti olaraq yaş qruplarına bölüb: bağça yaşlı və kiçik yaşlı məktəblilər, orta yaş qrupu, yeniyetmələr və gənclər. Üstəlik, teatrda yaxşı bir ənənə formalaşıb: orta məktəblərin ədəbiyyat proqramındakı dram əsərləri mümkün olduqca repertuara salınır. Məsələn, orta məktəbdə M.F.Axundzadənin, C.Cabbarlının yaradıcılığını öyrənən şagird teatrda həmin müəlliflərin pyeslərinə tamaşa etmək imkanı qazanır. Bəs məktəblilərin teatra gəlişi necə təşkil olunur? Məsələn, həftəiçi uşağı teatra aparmağa əksər valideynin vaxtı olmur, həm də uşaqlar kollektiv şəkildə mədəni istirahəti xoşlayırlar. Amma bir məsələni də unutmayaq: məktəblərin hamısı teatra yaxın deyil və həqiqətən 30-40 uşağı iki, bəzən isə hətta üç marşrut dəyişməklə teatra gətirmək asan deyil. Gənc Tamaşaçılar Teatrında bu məsələnin həllini tapıblar. Teatrın direktoru Mübariz Həmidov:
- Həqiqətən də, şəhərin mərkəzindən uzaq qəsəbələrdəki məktəblərin şagirdlərinin teatra kollektiv surətdə gəlməsi bir qədər çətin, müəllimlər və valideynlər üçün narahatlıq törədən işdir. Biz bu məsələnin məqbul həllini tapmışıq. Sərnişinlərə xidmət edən avtobus servis şirkəti ilə müqavilə bağlayırıq: avtobus konkret vaxtda məktəbin qarşısından uşaqları mindirir, düz teatrın yanında düşürür. Tamaşa bitəndən sonra da yenidən uşaqları məktəbə kimi aparır. Bu zaman bir-iki müəllimin, yaxud valideynin nəzarəti kifayət edir. Biletin qiymətinə cüzi məbləğ əlavə etməklə bu məsələni yoluna qoymuşuq. Bu təcrübəni məktəb rəhbərləri də, valideynlər də müsbət qarşılayır. Hətta tamaşadan sonra uşaqların aktyorlarla şəkil çəkdirməsinə də şərait yaradırıq. Uşaqlar teatrda maraqlı tamaşaya baxmaqla yanaşı, mehriban münasibət gördükdə bu, onlara xoş təsir bağışlayır, teatra məhəbbəti artırır. Bu səbəbdəndir ki, gündüz seanslarına, uşaq tamaşalarına seyrçi cəlb etmək kimi problemimiz yoxdur.

Gənc nəsil Akademik Teatrı tanısın deyə...

Uzun illər idi ki, Akademik Milli Dram Teatrında uşaq tamaşaları hazırlanmır, gündüz tamaşaları da oynanılmırdı. Bir neçə il öncə bu vəziyyət aradan qaldırıldı və bu teatr da öz əsas tamaşaçı kontingentini daha kiçik yaşdan yetişdirmək üçün uşaq tamaşaları hazırlamağa başladı. Teatrın mətbuat katibi Cavid Zeynallının bildirdiyinə görə, hazırda məktəblilər üçün “Nağıllar aləmində”, “Anamın kitabı”, “Qaraca qız”, “Biri var idi, biri yox”, “Danışan gəlincik” tamaşaları repertuardadır. Azyaşlılar üçün seçilən tamaşalarda daha çox tədris proqramına üstünlük verilir. Məsələn, məktəblilərə C.Məmmədquluzadənin “Anamın kitabı”, yaxud S.S.Axundovun “Qaraca qız” əsəri tədris olunursa, onlar teatrda eyniadlı tamaşalara da baxıb əsərdəki qəhrəmanları əyani olaraq səhnədə görə bilərlər. Əslində, adıçəkilən tamaşaların hazırlanma ehtiyacı da burdan yaranıb və teatrda uşaq tamaşalarına maraq böyükdür.
* * *
Teatr və tamaşaçı münasibəti, uşaqlara teatra məhəbbətin aşılanması barədə çox danışmaq olar. Biz yalnız bir məqama toxunduq. Bu yerdə valideyn oxucularımıza demək istəyirik ki, teatr biletinin digər əyləncə yerlərində uşaqlara xərclədiyiniz pullardan çox ucuz olması sizi çaşdırmasın. Teatrın mənəvi faydasını övladınız böyüyəndən sonra hiss edəcəksiniz.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar