Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı növbəti yeni tamaşanı baletsevərlərə təqdim etdi. Birpərdəli səhnə əsəri görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin «Françeska da Rimini» simfonik poeması əsasında quruluş verilən eyniadlı tamaşadır.

Bəri başdan deyək ki, A.Dantenin «İlahi komediyası»ndakı «Françeskanın hekayəti» («Cəhənnəm», 5-ci nəğmə) yazıldığı zamandan çox səhnə əsərlərinə mövzu olub. Yaraşıqlı Paolo ilə sevgilisi - onun eybəcər və qısqanc qardaşı Cotto ilə evlənməyə məcbur edilmiş Françeskanın faciəsi çox bəstəkarları bu nəğmənin əsasında müxtəlif musiqi əsərləri yazmağa ilhamlandırıb. Maraqlıdır ki, ilk «Françeska da Rimini» musiqi əsərini 1876-cı ildə Pyotr Çaykovski simfonik poema janrında bəstələyib. Sonralar müxtəlif illərdə ayrı-ayrı bəstəkarlar dünya musiqisinə «Françeska da Rimini» adlı balet və opera əsərləri bəxş ediblər. Lakin musiqi tarixçilərinin yazdığına görə, musiqisinin gözəlliyinə və şöhrətinə görə Çaykovskini keçən olmayıb. Hələ 1915-ci ildə əfsanəvi Mixail Fokin bu simfonik poemanı ilk dəfə balet tamaşası kimi səhnələşdirib.
Artıq yüz ildir ki, müxtəlif balet truppalarında «Françeska da Rimini» baleti səhnələşdirilir. Bizim Opera və Balet Teatrımız da istisna olmadı. Tanınmış baletmeyster Pellumb Aqalliyay (Albaniya) Françeskanın qəmli hekayətini bizim teatrın səhnəsinə gətirdi.
Üç əsas iştirakçısı olan tamaşada Əməkdar artist Nigar İbrahimova, Timur Oduşev, Makar Ferştandt çıxış edirdilər. Hər üç ifaçı öz ifaları, artistizmi ilə tamaşaçının diqqətini cəlb edə, öz obrazlarının dramatik yükünü çatdıra bildilər. Amma teatrın balet truppasının ən gözəl balerinalarından olan Nigar İbrahimova və balet artisti Makar Ferştandt öz ifalarındakı hiss-həyəcanı daha qabarıq ifadə edərək, salona daha təsirli ötürə bildilər. Tamaşanın kulminasiya nöqtəsində, Cotto onu qəbul etməyən həyat yoldaşı ilə birgə yaxaladığı qardaşı Paolonu qətlə yetirdiyi an artistin hərəkətinin musiqi ilə tam üst-üstə düşməsi sözlü-səsli tamaşalardakı tək seyrçiləri sarsıtdı.
Tamaşanın bədii tərtibatı bizi İntibah dövrünün İtaliyasına, gözəl mənzərəli Riminiyə aparırdı. Çox zərif dekorlar işıqların rəngini dəyişən sofitlərin fonunda, belə bir romantik ortamda bir-birini sevən iki gəncin məhəbbətinin nakam qalması qəmli hekayəni daha təsirli çatdırmağa kömək edirdi. Qara geyimli eybəcər Cottonun solo səhnələrində zülməti andıran tünd pərdənin endirilməsi onun niyyətini tamamlayırdı.
Xalq artisti, professor Yalçın Adıgözəlovun tamaşanın musiqi rəhbəri olaraq, orkestri çox məharətlə idarə etməsi, səhnədəki hər bir hərəkətin, jestin musiqi ilə uyarlığı nəzərlərdən və səs duyumumuzdan qaçmadı.
Əminliklə demək olar ki, «Françeska da Rimini» ilə Akademik Opera və Balet Teatrı uzun illər repertuarda qala biləcək daha bir tamaşa qazandı.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar