Minskdə “Birlik Ulduzları” mükafatının növbəti təqdimatı da keçirilib

İyunun 11-də Minskdə “Böyük Teatrda balet yayı” adlı beynəlxalq festival başlayıb. Üçüncü dəfə təşkil olunan festivalda sənətsevərlər Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində dünya baleti ulduzlarının və Belarus artistlərinin iştirakı ilə bir neçə premyeraya, ən yaxşı klassik və müasir tamaşalara baxacaqlar.

Festival belaruslu xoreoqraf Olqa Kostelin quruluşunda Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin premyerası ilə açılıb. Qədim türk dastanı “Kitabi-Dədə Qorqud”un motivləri əsasında yazılan baletin ilk səhnə təcəssümü Bakıda (2005-ci ildə, yeni quruluşda - 2015-ci ildə), ikinci dəfə Yekaterinburqda (Rusiya, 2008-ci il) təqdim edilib.
Bu dəfə coğrafiyası daha da genişlənmiş balet xoreoqraf, beynəlxalq müsabiqələr laureatı Olqa Kostelin quruluşunda Belarus səhnəsinə yol açıb. “Eşq və ölüm”ün Minsk teatrında premyerası anşlaqla keçib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko premyera münasibətilə Polad Bülbüloğlunu təbrik edib.

“Böyük Teatrda balet yayı” beynəlxalq festivalının açılış günü MDB Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) təsis etdiyi “Birlik Ulduzları” mükafatının növbəti təqdimatı ilə də yadda qalıb.
Tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, digər qonaqlar iştirak ediblər.

DHƏF-in idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mərasimdə çıxış edərək bildirib ki, müasir narahat dünyada tez-tez neqativ xəbərlər eşidilir. Odur ki, humanitar mükafatın təqdim edilməsi ürəkləri qızdırır. Azərbaycan səfiri qeyd edib ki, postsovet dövlətləri uzun illər bir ölkən tərkibində olublar və bu gün MDB-yə üzv ölkələrinin Humanitar Əməkdaşlıq Fondu müxtəlif istiqamətlərdə fəaliyyət göstərən görkəmli xadimlərin sayəsində bu inteqrasiya birliyində humanitar əlaqələrin qorunmasına kömək edir: “Təcrid şəraitində yaşamaq olmaz, açıq olmaq, bilikləri bölüşmək lazımdır ki, humanitar məkanda, xüsusilə mədəniyyət və incəsənətdə insanların ümumiliyini hiss edək”.
Belarusun informasiya naziri Liliya Ananiç və mədəniyyət naziri Boris Svetlov qeyd ediblər ki, “Birlik Ulduzları” mükafatı özünəməxsus yaradıcılıq bağıdır, o, təkcə MDB ölkələrini deyil, həm də ədəbiyyatı, tibbi, mədəniyyəti və əhatə etdiyi digər sahələri də bir-birinə bağlayır.
Sonra laureatların adları açıqlanıb. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Belarus bioloqları Vladimir Reşetnikov, Vladimir Titok və Yelena Spiridoviç, Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva, Qırğızıstanın Xalq artisti Muratbek Beqaliyev, Moldovanın Xalq yazıçısı İon Drutse, SSRİ Xalq artisti, Rusiya Malı Teatrının bədii rəhbəri Yuri Solomin “Birlik Ulduzları” mükafatı ilə təltif olunublar.
2010-cu ildə təsis edilən “Birlik Ulduzları” mükafatı hər il üç nominasiyada verilir: elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət. Mükafatın məbləği 2 milyon rubldur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar